Zərdüşt Əlizadə: "Qərb, soyqırım məsələsi ilə Türkiyəni şantaj edərək, çalışır ki, Türkiyə Qarabağla bağlı şərtini geri götürsün"
Azərbaycan Servisi/Aran Agentliyi
Son günlər Türkiyə-Ermənistan münasibətlərində mənfi istiqamətdə dəyişikliklərə şahid oluruq. Belə ki, Türkiyə KİV-nin verdiyi məlumata görə, bu ölkədə 170 min erməninin 100 mini qeyri-leqal yaşayır. “Biz gərginlik istəmədiyimiz üçün buna göz yumuruq» - deyə Ərdoğan qeyd edib.
Eyni zamanda baş nazir Türkiyənin bu addımına müsbət cavab verilmədiyini bildirib: “Biz, Ermənistanla hava yolunu açmışıq, Ahtamar adasında Surb Xaç kilsəsini bərpa etmişik. Üstəlik, xeyli sayda erməninin ölkədə qeyri-leqal yaşamasına göz yumuruq. Lakin heç kim bu haqda danışmır”.
Beləliklə ekspertlər 100 min erməninin Türkiyədən deportasiya olunacağını Qərbə ciddi cavab kimi qiymətləndirirlər. Bu barədə FaktXeber.com-a açıqlama verən politoloq Zərdüşt Əlizadə hesab edir ki, Ərdoğan çox tədbirli insandır və heç vaxt cəfəng danışmır. O Ermənistanla münasibətləri tənzimləmək üçün xeyli xoşniyyətli addımlar atıb: “Protokolları imzalayıb və parlamentdə təsdiqlənməsi istiqamətində müəyyən işlər görür. Qərb isə çalışır ki, Türkiyə özünün Qarabağla bağlı şərtini geri götürsün. Buna görə də soyqırım məsələsi ilə Türkiyəni şantaj edir. Artıq İsveç parlamenti tanıyıb və Amerika Konqresi tanımaq ərəfəsindədir. Bu zaman Ərdoğan demək istəyir ki, siz Türkiyəyə nahaq təziq göstərirsiniz. Türkiyə bu təziqlərə tab gətirəcək və geriyə çəkilməyəcək”.
Z.Əlizadə vurğuladı ki, Türkiyə bütün təziqlərə cavab verə bilər: “Eyni zamanda Qərbin təziqlərinə də cavab vermək imkanları var. Məsələn, Türkiyədə yaşayan on minlərlə ermənini ərazimizdən çıxara bilərik. Bunun aqibətini siz daha yaxşı anlayırsınız. Belə olarsa, yaxınlaşma cəhdləri pozulacaq və bütün səylər puç olacaq. Əlbətdə ki, Ərdoğanın zavallı və kasıb insanları çıxarmaqda ciddi niyyəti yoxdur. Fərz edin ki, əlli min erməni Türkiyədə işləyir. Bu da Ermənistanda iki yüz min insanın dolanmağı deməkdir. Düşünmürəm ki, Ərdoğan bu qədər insanın çörəyinə bais olar. O əslində Erməni tərəfinə bildirir ki, bu cür ucuz şantaj vasitəsindən əl çəkin. Əks halda müvafiq cavabınızı alacaqsınız”.
Hər halda Ermənistanın vəziyyəti yaxşı deyil. Bildiyimiz kimi Cənubi Qafqaz ölkələri SSRİ dağıldıqdan sonra iqtisadi vəziyyətləri çökdü. Azərbaycanı neft bir az sabit saxlayıb. Amma Gürcüstanın və Ermənistanın belə gəlirləri yoxdur. Sənayeləri də çöküb. Onlar xaricdə işləyib pul göndərən insanlardan asılıdırlar – deyə Z.Əlizadə əlavə etdi: “Təxminən bir milyindan yuxarı erməni Rusiyada işləyir, diaspor təşkilatları köməklik edir, hər il Amerika yardım ayırır və sair. Eyni zamanda Türkiyədən də müəyyən məbləğdə pul gəlir. Amma Ermənistan şadlığına şitlik edir, Türkiyəyə qarşı ədalətsiz siyasət yürüdür. Türkiyədən ermənilər deportasiya olunsalar, Ermənistanda vəziyyət kəskin pisləşəcək. Onsuz da Serj Sarkisyan ancaq ordunun və polisin gücü hesabına otura bilir. Həmçinin dövlətin gücündən xalqa qarşı istifadə edir. Bu addım atılarsa, Ermənistan üçün yaxşı olmamaqla yanaşı, Qərbin qaba, əxlaqsız və təziq siyasəti ifşa olunacaq”.
Müsahibizim soyqırım məsələsinə dir daha toxundu: “Obama aprelin 24-də soyqırım sözünü işlətsə, ABŞ-Türk siyasətində ciddi dəyişiklik baş verəcək. Bildiyimiz kimi Fransada Senat səviyyəsində soyqırım məsələsi qəbul olundu. Amma buna baxmayaraq, Fransa ilə əməkdaşlıq davam edir. Fərz edək ki, Obama soyqırım məsələsini tanıdı və Konqres də tanıdı, bunun, heç bir hüquqi əsası yoxdur. Heç kim Türkiyə dövlətini məcbur edə bilməz ki, olmayan şeyi boynuna alsın. Bu, Qərb dünyasının əxlaqsız, düşüncəsiz və tamahkar siyasətinin nəticəsidir. Həm də müsəlman dünyası ilə xristian aləminin münasibətlərini korlamağa hesablanıb”.