Tarix : 2010 Mar 20
Kod 16641

AŞ PA-dan NÖVBƏTİ FIRILDAQ

Akif Nağı: "Qarabağ münaqişəsinin tənzimlənməsində yeni komissiyanın yaranması köhnə oyunu təzə qaydalarla oynamağa bənzəyir"
Azərbaycan Servisi/Aran Agentliyi

Xəbər verildiyi kimi, son zamanlar ATƏT-in Minsk qrupunun üzvü, Cənubi Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının təşəbbüskarı olan Ankaranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində səyləri güclənib. Bu prosesə dəstək vermək üçün Avropa Şurası da müvəqqəti komissiya yaradılmasını təklif edib. Belə ki, Qazaxıstanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlu bildirib ki, bu məsələnin müzakirəsi üçün apreldə Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətləri ilə görüşlər keçirilməsi planlaşdırılır.
Yeni komissiyanın yaranmasını məntiqsiz hesab edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı FaktXeber.com-a bildirdi: “Bu təklif Qarabağ məsələsi ilə bağlı siyası böhranı göstərir. İstər Minsk qrupu səviyyəsində,  istərsə də Avropa Şurasının və Birliyinin xüsusi nümayəndləri səviyyəsində aparılan danışıqlar heç bir nəticə verməyib. Məsələnin uzanması Azərbaycanda ciddi narazılıqların yaranmasına səbəb olub”.

A.Nağı hesab edir ki, beynəlxalq təşkilatlar da regionda vəziyyətin nəzarətdən çıxmasında ehtiyyat edirlər. Belə bir şəraitdə müxtəlif təkliflər ortaya çıxır: “Hesab edirəm ki, Mövlud Çavuşoğlunun təklifi bir çıxış yolu kimi ortaya atılıb. Eyni zamanda düşünürəm ki, vəziyyətin böhranlı olduğu və danışıqların heç bir nəticə vermədiyi düzgündür. Amma vəziyyətdən çıxış üçün əvvəlkilərə oxşar təklif irəli sürülür”.

Qarabağ münaqişəsinin həlli istiqamətində A.Nağı AŞ-nı və Minsk qrupunu suçladı: “Yeni yaradılmış komissiya nəyi dəyişəcək? Bu vaxta qədər Avropa Şurasının nümayəndəsi bu işlə məşğul olub, məruzələr hazırlayıb. AŞ PA-da məsələ müzakirə olunub, ətraflı dinləmələr olub və sair. Amma heç bir nəticə görməmişik. İndi yaranan komissiya da əvvəlki oyunu yeni qaydalarla oynamaqdan ibarət olacaq”.

Mən istərdim ki, bu istiqamətdə yeni xətt təyin olunsun. Yeni xətt də beynəlxalq təşkilatların Qarabağ münqişəsinin həllində yanaşmanı dəyişməkdən ibarətdir. Bu vaxta qədər AŞ-nın və beynəlxalq təşkilatların yanaşması bundan ibarət olub ki, Azərbaycanla Ermənistan arasında bərabərlik yaradaraq, Ermənistanı işğalçı kimi tanımasınlar - A.Nağı vurğuladı: “Bu da istənilən nəticəni ortaya qoya bilmir. İndi yeni situasiyada Çavuşoğlu doğurdan da nəticəyə nail olmaq istəyirsə, konkret şəkildə AŞ qarşısnda məsələni qoymalıdır və Ermənistan işğalçı tərəf kimi tanınmalıdır. Açıq şəkildə Ermənistanın işğalçı olması ilə əlaqədar AŞ qərar qəbul etməli və ilk olaraq, Ermənistan AŞ-dan çıxarılmalıdır. Əks halda yarımçıq tədbirlər və yeni komissiyalarla nəticə əldə olunmayacaq”.

Bir neçə gün əvvəl hökumətin hesabatında Qarabağ mövzusuna işarə olunmamasına da toxunan müsahibimiz əlavə etdi: “Hesabatın nəticəsindən belə məlum olur ki, hökumət Qarabağ məsələsi ilə məşğul olmur. Xarici İşlər Naziri özünü hakimiyyətin üzvü hesab etmir. Azərbaycan hökuməti qondarma və heç bir funksiyası olmayan quruma çevrilib. Artur Rəsizadənin Qarabağ məsələsi ilə əlaqədar heç bir məlumatı olmadığı üçün hesabatında bu istiqamətə yer ayırmayıb”.

  • Yazılıb
  • da (də) 2010 Mar 20