Fars dili mənşəli olan "Novruz" "yeni gün" deməkdir və baharın gəlişini simvolizə edən qədim xalq bayramıdır
Azərbaycan Servisi/Aran Agentliyi
Bu gün Novruz bayramıdır. Fars dili mənşəli olan "Novruz" "yeni gün" deməkdir və baharın gəlişini simvolizə edən qədim xalq bayramıdır.
Baharın gəlişi bu gün saat 21.32-də baş verəcək. Nəsrəddin Tusi adına Astrofizika Rəsədxanasının məlumatına görə, fevral ayının 28 və ya 29 gün olmasından asılı olaraq baharın gəlişinin tarixində müəyyən dəyişiklik olur. Adətən bahar ölkəyə martın 20 və 21-i, nadir hallarda isə martın 21-dən 22-nə keçən gecə daxil olur.
Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirərək onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı azərbaycanlılar da baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırdılar.
Bəzi məlumatlara görə, Novruz bayramı bizim eradan 350 min il əvvəl Əhəmənilər dövründən qeyd olunub. Bu bayramın tarixi hətta Zərdüştlükdən də əvvələ gedib çıxır. Novruz əkinçilik mədəniyyəti ilə bağlı olan yaz bayramıdır. Bayram axşamı süfrəyə bayram şirniyyatı, plovun müxtəlif növləri qoyulmalıdır. İnanclara görə, süfrəyə sarımsaq, sirkə kimi acı nemətlər qoymaq olmaz. Çalışmaq lazımdır ki, ət xörəkləri də az olsun. Qədim təsəvvürlərə görə, süfrədə ət yeməyi bol olarsa, insanlar həmin il ət kimi yumşaq olar və əməyə çox meyl etməzlər. Süfrəyə daha çox yeddi növdə xörək, əsasən də ağartı məhsullarından və bitkilərdən hazırlanmış nemətlər qoymaq lazımdır. Həmin gün süfrədə südlü aş, südlü qaymaq, səməni halvası, səbzili aş, sumaq, səməni olması vacibdir. Bayram süfrəsinin əsas atributları sayılan paxlava, şəkərbura və şorqoğalı qədim təsəvvürlərlə bağlıdır. Şəkərbura 15 günlük ayın, paxlava ulduzların, şorqoğalı isə günəşin rəmzidir.
Qeyd edək ki, 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan olunub.