Tarix : 2010 Mar 24
Kod 16660

Serj Sarkisyan Azərbaycana qarşı bəyanatını yenilədi

Rasim Musabəyov: “Azərbaycan torpaqlarının işğalında şəxsən iştirak etmiş şəxs hansı güc tətbiq edilməməsindən danışır?”
Ermənistan Servisi/Aran Agentliyi
Rasim Musabəyov: “Azərbaycan torpaqlarının işğalında şəxsən iştirak etmiş şəxs hansı güc tətbiq edilməməsindən danışır?”

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda əsas vəzifə Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsidir”. Bunu Ermənistan prezidenti Serj Sarkisyan Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Associated Press”in əməkdaşının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin hansı mərhələdə olması ilə bağlı sualına Serj Sarkisyan belə cavab verib: “Mən Dağlıq Qarabağ xalqına tarixi torpaqlarında təhlükəsiz inkişaf etməyə imkan verəcək həll yolunu axtarıram. Amma bölgəmizdə müharibə bəyanatları səslənir, düşmənçilik və qarşılıqlı etimadsızlıq dərinləşir”.

Serj Sarkisyan bir daha bəyan edib ki, Azərbaycana güc tətbiq edilməməsi ilə bağlı saziş imzalamağı təklif edib. Onun fikrincə, bu, müəyyən mənada sabitliyin və etimad atmosferinin yaradılmasına imkan verəcək: “Azərbaycan bu təklifi rədd etməklə faktiki olaraq beynəlxalq hüququn vacib prinsiplərindən birinə məhəl qoymur. Bu, yaxşı heç nə verə bilməz”.

Politoloq Rasim Musabəyov Ermənistan prezidentinin güc tətbiq edilməməsi ilə bağlı təklifini absurd hesab edir: “Bu, ona bənzəyir ki, 1941-ci ildə almanlar Moskvaya çatandan sonra Hitler Stalinə güc tətbiq edilməməsi ilə bağlı saziş imzalamağı təklif edəydi. Azərbaycan torpaqlarının işğalında şəxsən iştirak etmiş Ermənistan prezidenti hansı güc tətbiq edilməməsindən danışır? Əgər onun cəsarəti varsa, beynəlxalq ictmaiyyətə və ATƏT-in Minsk qrupunun həmsədrlərinə açıq şəkildə bəyan etsin ki, Madrid prinsiplərinin yenilənmiş variaantına “hə” deməyə hazırlaşmır. Amma onun bunu deməyə cəsarəti çatmır. Ona görə də Serj Sarkisyan və ətrafındakılar ağır iqtisadi böhrandan çıxmağa gücü çatmayan Ermənistana yeni kreditlər cəlb etmək üçün beynəlxalq ictimaiyyət qarşısında quyruq bulamaqda davam etməyə məcburdurlar”. /ANS/
 
  • Yazılıb
  • da (də) 2010 Mar 24