Tarix : 2010 Apr 03
Kod 16697

AZƏRBAYCAN PARLAMENTINDƏ DAVA

Siyavuş Novruzovun ittihamları müxalifətçi deputatlar tərəfindən sərt qarşılandı; Pənah Hüseyn ona muzdur dedi
Azərbaycan Servisi/Aran Agentliyi
Milli Məclisin dünənki iclasında iqtidar və müxalifətdən olan deputatlar arasında növbəti dəfə qalmaqal baş verdi. Millət vəkili Arzu Səmədbəyli Müsavat Partiyası başqanı İsa Qəmbərin Bakı Şəhər İcra Hakimiyyətinin başçısına ünvanladığı məktuba verilən əcaib reaksiyaya diqqət çəkdi və vətəndaşların sərbəst toplaşmaq hüququnun pozulduğunu qeyd etdi.

Millət vəkili Müsavat Partiyasının mitinq keçirmək istəyi ilə bağlı müraciətinə Bakı şəhər İcra Hakimiyyətindən rədd cavabı verməsini əsassız saydı: “Məktubda göstərilir ki, Müsavatın göstərdiyi yerlərdə aksiya keçirmək şəhər sakinlərinin istirahətini pozacaq. Bu, tam əsassız fikirdir. Çünki indiki hakimiyyətinin dövründə Xalça muzeyinin qarşısında, Sahil bağında şoular keçirilir, konsertlər baş tutub. Bunlar əhalinin gur yaşadığı, nəqliyyatın işlədiyi yerlərdir. Hacıbala Abutalıbovun sözlərinə görə isə həmin yerlərdə kütləvi aksiya keçirmək olmaz. Müsavat Partiyasına göndərilən məktubda deyilir ki, "Seçki kampaniyası dövründə kütləvi aksiyaların keçirilməsi üçün bəzi yerlər ayrıla bilər". Əslində isə bu, meriyanın səlahiyyətinə aidiyyəti olmayan bir məsələdir. Onun işi yalnız aksiya iştirakçılarının təhlükəsizliyinin qorunmasını təmin etməkdir. Kütləvi aksiya yalnız seçki kampaniyası dövründə keçirilmir. Vətəndaşların sərbəst toplaşma hüququ bütün dövrlərdə təmin olunmalıdır. Biz şəhər meriyasının bu qanunsuzluğuna son qoyulmasını tələb edirik". Deputat O.Əsədovun bu məsələyə müdaxilə etməsini istədi. Düzdür, müdaxilə oldu, ancaq fərqli şəkildə.
Belə ki, bu dəfə də ənənəvi missiyasını yerinə yetirib müxalif fikirləri cavablandıran Siyavuş Novruzov meriyanın cavabına bəraət qazandırdı. İddia etdi ki, müxalifət xaricdəki havadarlarından bəhrələnmək üçün mitinq məsələsini ortaya atıb. O, “zəfəran suyunun iyi burunlarına dəyən kimi mitinqlər keçirmək haqqında düşünürlər”, dedi. Bu təhqirin ardınca da müxalifəti ağac əkməyə çağırdı: “Ekologiya ili elan olunub, gedin ağac əkin. Nədən şirə gələn kimi nümayiş etmək istəyirsiniz? Özü də o yerləri tələb edirsiz ki, orda mitinq keçirmək qeyri-mümkündür. İstəyirsiniz pul verənlərə göstərəsiniz ki, biz müraciət etdik, amma qoymadılar, yəni biz sizin qarşınızda məsuliyyət daşımırıq. Gedin mətbuatda çıxış edin, neçə min insan eşidəcək səsinizi. Elə gərək hökmən mitinq keçirəsiniz?” S.Novruzov iddialarında bir az da irəli gedərək, mitinq keçirmək istəyən Müsavat Partiyasını terrorçu təşkilatlara işləməkdə suçladı. “Ayrı-ayrı təxribatçı qrupların siyasi partiya şəklində planları həyata keçirirsiniz. Hələ bilmək olmaz siz hansı terror təşkilatlarına qulluq edirsiniz, orda hansı təxribatlar baş verə bilər? Müxalifətin aksiya keçirmək tələblərinin qarşısı alınmalıdır. Biz Azərbaycan vətəndaşlarını qorumalıyıq. Siz isə onları təhlükəli sistemə sürükləyirsiniz. Buna görə də Bakı şəhər İcra Hakimiyyətinin qərarı düzdür”.
Nəsib NəsibliMüsavat deputat qrupunun üzvləri S.Novruzovun ittihamlarını cavabsız qoymadılar. İlk olaraq Nəsib Nəsibli üzünü S.Novruzova tutaraq “Danışanda özünüzə hörmət qoyun. Ağzınıza gələni danışırsınız”-deyə sərt reaksiya verdi. YAP-çı isə dediklərinə haqq qazandırdı. P.Hüseyn spikerdən xahiş etdi ki, YAP-çı deputatın sözləri stenoqramda olduğu kimi əksini tapsın. O.Əsədov ona irad tutdu: “Bir dəfə cəzalandırıldın, amma yenə yerindən danışırsan”. Bu dəfə A.Səmədbəyli ironiya ilə replika verdi: “Yox, Siyavuş Novruzov çox gözəl danışdı, sağ olsun, elə hakimiyyətin mövqeyini nümayiş etdirdi”. Ardınca da YAP-çı deputata “şirə iyinə siz yığışıbsınız”-deyə, cavab verdi. Sədr ona da irad tutanda müsavatçı deputat ayağa qalxdı: “Oqtay müəllim, kim danışırsa, Siyavuş Novruzov ona cavab verir. Axı, kimdir Siyavuş Novruzov?!” Spikersə YAP-çı həmkarını müdafiə etdi: “Əyləşin yerinizdə! Bəs, sən kimsən yerindən danışırsan?” O.Əsədovla A.Səmədbəyli mübahisə edərkən S.Novruzovla da P.Hüseyn arasında söz davası gedirdi. P.Hüseyn müxalifəti terrorçularla əlbirlikdə ittiham edən YAP-çı deputata “sən muzdla işləyirsən” dedi. İki deputatın arasında mübahisə kəskin müstəviyə keçəndə spiker uca səslə “Siyavuş, Pənah Hüseyn, ayıbdır, özünüzə hörmət edin” deyə, onları sakitləşməyə çağırdı.

Parlamentdə Müsavat Partiyasını terrorçularla əlaqələndirməyə bu təşkilatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının reaksiyası da sərt oldu: “Görünür, son vaxtlar Siyavuş Novruzov tamamilə məsuliyyət hissini itirib. O, tamamilə əsassız, qərəzli, nəinki parlament üzvünə, siyasətçiyə, hətta adi bir cığal yeniyetməyə yaraşmayan şəkildə Müsavata Partiyasının ünvanına ittiham səsləndirməkdədir. Görünür, parlament tribunasından çıxışlara görə millət vəkili olan şəxsin məsuliyyət daşımaması statusuna arxalanaraq bu cür yersiz, mənasız və çılğın bəyanatlar verir. Mən onun havadarlarına müraciət edirəm ki, Siyavuş Novruzova bu cür yersiz, əsassız ittihamlara son qoymaq göstərişi versinlər. Çünki Azərbaycanda leqal olaraq fəaliyyət göstərən, Azərbaycan Respublikası siyasi qüvvələrindən biri olan Müsavat Partiyasının tamamilə əsassız olaraq gah xaricdən maliyyələşməkdə, gah terror təşkilatı olmaqda və sair kimi məsələlərdə suçlamaq əslində Azərbaycan hakimiyyətinin özünün iç üzünü açır və ölkədə yaranmış ağır ictimai-siyasi, iqtisadi vəziyyət qarşısında çılğın və cığal vəziyyətə düşdüyünü göstərir. Görünür, bu tipli açıqlamalar nəticə etibarilə bizim hakim partiya nümayəndələri ilə məhkəmə çəkişmələrimizə gətirib çıxaracaq”.// Musavat

  • Yazılıb
  • da (də) 2010 Apr 03