Dəvəçinin qədim adının Şabran olması arqumentinə cavab verərkən S.Novruzov Naxçıvanın əvvəllər Atabəylər adlandığını bildirib və sual edib: “İndi neyləyək, Naxçıvanın adını dəyişib Atabəylər qoyaq?
Azərbaycan Servisi/Aran Agentliyi
Milli Məclisin aprelin 2-də keçirilən iclasında Dəvəçi rayonunun adı Şabrana dəyişdirilib.
“Media forum” saytının məlumatına görə, 88 deputat qərarın lehinə, 2 deputat əleyhinə səs verib. 1 nəfər bitərəf qalıb.
Müzakirələr zamanı Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Dəvəçinin adının dəyişdirilməsinə qarşı çıxıb. O bildirib ki, bu cür ad dəyişikliklərinə son qoyulmalıdır.
Dəvəçinin qədim adının Şabran olması arqumentinə cavab verərkən S.Novruzov Naxçıvanın əvvəllər Atabəylər adlandığını bildirib və sual edib: “İndi neyləyək, Naxçıvanın adını dəyişib Atabəylər qoyaq?!”
Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib ki, Dəvəçi adı indi rayonun 20 kilometrliyində yerləşən Təzəkəndə veriləcək.
1930-cu ildə yaradılmış Dəvəçi rayonunun ərazisi 1,7 min kvadrat kilometr, əhalisi 50 min nəfərə yaxındır.