Tarix : 2010 Apr 04
Kod 16707

NÖVBƏTİ SİYASİ ŞOU

Rəşid Mansurov: "Ermənistan öz mövqeyini onun arxasında duran nəhəng dövlətlərin bölgədəki dəyişən maraqlarına uyğunlaşdırır"
Azərbaycan Servisi/Aran Agentliyi
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün göstərilən sonuncu cəhd də nəticəsiz qaldı. Belə ki, Azərbaycan tərəfi yenilənmiş Madrid prinsiplərini qəbul etməsə də (baxmayaraq ki, bu yeniliyin nədən ibarət olması barədə ətraflı bilgi verilmir), Ermənistan hökuməti bunun öz maraqlarına zidd olduğunu vurğulayaraq, həmin prinsipləri qəbul etmir. Digər tərəfdən, rəsmi İrəvan Madrid prinsiplərini hələ iki ilə əvvəl qəbul etdiyini bildirir. Maraqlıdır, prinsiplərin mahiyyəti ilə bağlı nə dəyişib ki? Doğrudanmı yenilənmiş variant Ermənistanın mənafeyinə zərbə vurur? Yaxud həqiqətənmi bu variant Azərbaycanın dövlət maraqlarına tam uyğundur? Azərbaycan Demokrat Partiyasının funksioneri Rəşid Mansurovla söhbətimizdə də bu və digər məsələlərə aydınlıq gətirməyə çalışmışıq.
Ümumiyyətlə, Ermənistan tərəfinin heç vaxt səmimi olmadığını, mövqeyinin tez-tez dəyişdiyini deyən Rəşid bəy bunu faktlarla sübut etməyə çalışdı. O, konkret olaraq Türkiyə-Ermənistan sərhədlərini açılması ilə bağlı protokollara toxundu: "Xatırladım ki, sənədin parlamentdə ratifikasiyası məsələsi gündəmə gələndə Serj Sərkisyanın müxtəlif ölkələrə səfəri zamanı erməni lobbisi etiraz aksiyaları keçirmişdi. Onlar sərhədlərin açılmasının guya Ermənistanın milli maraqlarına zidd olduğunu deyirdilər. Amma faktiki olaraq hamı Ermənistanın iqtisadi vəziyyətinin bərbadlığına bələddir. Vətəndaşların demək olar ki, yarısı bu ölkədən çıxıb getmişdir. Ermənistan bölgədəki iqtisadi layihələrin heç birində iştirak etmir, gəlirləri yoxdur. Ona görə də Türkiyə ilə sərhədlərinin açılmasında əslində maraqlıdır. Amma buna baxmayaraq daha çox siyasi divident əldə etmək üçün bu cür şou yaradırlar. Ermənistan tərəfi məhz Dağlıq Qarabağ məsələsində də siyasi oyunlarla özünü gündəmə gətirir, problemin həllini uzatmağa çalışır. Və ola bilsin güman edir ki, vaxtı uzatmaqla Azərbaycan tərəfini güzəştə getməyə məcbur edə biləcək".
R.Mansurov dedi ki, Ermənistan tərəfi bu gün faktiki olaraq qalib tərəfdir. Və bu baxımdan diqtə etməyə çalışırlar. Ona görə də mövqeləri tez-tez dəyişir: "Əsas məsələ isə odur ki, Ermənistanın arxasında nəhəng dövlətlər və onların maraqları durur. Yəni Ermənistan öz mövqeyini onların dəyişən maraqlarına uyğunlaşdırır. Buna görə də Ermənistan bir qədər əvvəl qəbul etdiyi Madrid prinsiplərinin indi onların maraqlarına uyğun olmadığı haqda bəyanat verir. Amma Azərbaycan tərəfi istənilən halda öz torpaqları uğrunda mübarizə aparmalı, işğal olunmuş ərazilərini düşməndən azad etməlidir".
Yenilənmiş Madrid prinsipləri haqda hələ də dolğun məlumatın olmadığını deyən ADP funksioneri hesab etdiyini bildirdi ki, Azərbaycan hökuməti bu barədə ictimaiyyətə açıqlama verməlidir: "Biz bilməliyik ki, bu, Azərbaycanın, yoxsa Ermənistanın maraqlarına tam şəkildə cavab verir. Təəssüf ki, biz yalnız Xarici İşlər Nazirliyinin açıqlamalarına qiymət veririk. Azərbaycan hakimiyyətinin tam açıqlama verməməsi təəssüf doğurur".
  • Yazılıb
  • da (də) 2010 Apr 04