Müzakirələr zamanı YAP-çı millət vəkili Siyavuş Novruzov Dəvəçinin adının dəyişdirilməsinə qarşı çıxıb. O bildirib ki, bu cür ad dəyişikliklərinə son qoyulmalıdır
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, Azərbaycan Respublikası Milli Məclisin aprelin 2-də keçirilən iclasında Dəvəçi rayonunun adı Şabrana dəyişdirilib. 88 deputat qərarın lehinə, 2 deputat əleyhinə səs verib. 1 nəfər bitərəf qalıb.
Müzakirələr zamanı YAP-çı millət vəkili Siyavuş Novruzov Dəvəçinin adının dəyişdirilməsinə qarşı çıxıb. O bildirib ki, bu cür ad dəyişikliklərinə son qoyulmalıdır.
Dəvəçinin qədim adının Şabran olması tarixi sənədlərlə təsdiqlənir. Bununla belə, bu arqumentlərə cavab verərkən Siyavuş Novruzov iddia edib ki, Naxçıvan əvvəllər Atabəylər adlanıb. O, sual edib: “İndi neyləyək, Naxçıvanın adını dəyişib Atabəylər qoyaq?!”
Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib ki, Dəvəçi adı indi rayonun 20 kilometrliyində yerləşən Təzəkəndə veriləcək.
Xatıqladaq ki, 1930-cu ildə yaradılmış Dəvəçi rayonunun ərazisi 1,7 min kvadrat kilometr, əhalisi 50 min nəfərə yaxındır.
Tarixi mənbələr də bu ərazinin qədimdən bəri Şabran adlandığını təsdiqləyir. Şabran 6-cı əsrdə Sasanilər sülaləsindən olan Şah Xosrov Ənuşirvan(531-579) tərəfindən qala-şəhər kimi tikilmiş, IX-X əsrlərdə isə iri siyasi-inzibati, ticarət, sənət və mədəniyyət mərkəzinə çevrilmişdir. Şabran X-XII əsrlərdə Şirvanşahlar dövlətinin əsas siyasi mərkəzlərindən birinə çevrilmişdir, bəzi mənbələrə görə hətta paytaxt kimi də fəaliyyət göstərirdi. 11-ci əsrin ortalarında Şirvanşahların türbəsi məhz Şabranda yerləşirdi. 13-cü əsrin ortalarında şəhər monqolların hücumuna məruz qalır və dağıdılır. Şəhərdə canlanma 13-cü əsrin axırı – 14-cü əsrin əvvəlində hiss olunur və 15-ci əsrin axırına qədər davam edir. 14-15-ci əsrlərdə şəhərdə tikinti işləri görülür. Lakin 17-ci əsrin əvvəlində Osmanlı dövlətinin İrana hücumları nəticəsində şəhər dağıntılara məruz qalaraq məhv olur.
Аbbasqulu Ağa Bakıxanov ilk dəfə Dəvəçi rayonunun Şahnəzərli kəndinin yaxınlığında Gülüstan-İrəm şəhərinin qalıqları sayılan orta əsr şəhərin Şabranın yerləşməsi barədə deyib. “Aran” İA