Tarix : 2010 Apr 05
Kod 16744

Balakən MTN-in xüsusi nəzarəti altına alınıb

Tutulan şəxslər Balakən sakinləridir. Həmin şəxslər Balakəndən Zaqatala istiqamətində hərəkət edərkən, “Katex” postunda saxlanılıblar
Azərbaycan Servisi/Aran Agentliyi
 
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) ölkənin şimal-qərb bölgəsində xüsusi əməliyyatlara başlayıb.Əməliyyatlar zamanı vəhhabilərdən ibarət bir neçə silahlı dəstə üzvünün saxlanıldığı bildirilir. Tutulan şəxslər Balakən sakinləridir. Həmin şəxslər Balakəndən Zaqatala istiqamətində hərəkət edərkən, “Katex” postunda saxlanılıblar. Onların silahlı olmasına baxmayaraq, əməliyyatçıların səyi nəticəsində onları zərərsizləşdirmək mümkün olub.
MTN bir neçə gün əvvəl Azərbaycan paytaxtında terror aktları həyata keçirməyi planlaşdıran vəhhabilərdən ibarət mütəşəkkil cinayətkar dəstənin bir qrup üzvünü yaxalayıb. Hazırda cinayətkar dəstənin digər üzvlərinin tutulması istiqamətində geniş miqyaslı əməliyyatlar aparılır.
Dünəndən başlayaraq MTN xüsusi təyinatlıları Balakən rayonunun Gürcüstanla sərhəd kəndlərində şübhəli şəxslərin mənzillərində axtarış aparıb. Axtarış zamanı xeyli sayda silah-sursat aşkar edilərək götürülüb. Əməliyyatçılar, həmçinin Balakən rayonuna giriş-çıxışı da nəzarətə götürüb. Balakən rayonuna daxil olan və rayondan çıxan bütün avtomobillər yoxlanılır. Hazırda əməliyyat tədbirləri davam etdirilir.
Xatırladaq ki, bir neçə gün əvvəl MTN Azərbaycanda terror aktları törətməyi planlaşdıran vəhhabilərdən ibarət dəstəni zərərsizləşdirib. Dəstə üzvləri Gürcüstan ərazisindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənarda külli miqdarda qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları Azərbaycana keçiriblər.
MTN-in son əməliyyatlarıyla bağlı Balakən rayon polis idarəsinin adının çəkilməsini istəməyən zabiti “Aran”ın müxbirilə söhbətdə bildirib ki, “vəhhabilər Azərbaycanda xeyli sayda gizli kiçik silahlı dəstələr yaradıblar və əksər hallarda bir dəstənin üzvü digər dəstələrdən xəbərsizdir. Onların əksəriyyəti Əfqanıstan, Pakistan və Şimali Qafqazda hərbi təlim keçiblər və güclü maliyyə dəstəyinə malikdirlər. Bu qruplaşmaların bir hissəsi zərərsizləşdirilib, bir hissəsinin də izi aşkarlanıb. Bununla belə, onların tam zərərsizləşdirildiyini söyləmək hələ çox tezdir. Rayonumuz bu dəstələrin yuvalarından biridir. Son əməliyyatlar silahlı vəhhabi dəstələrinə ağır zərbələr vurub, amma hələ bu şəbəkələri idarə edənləri ələ keçirmək mümkün olmayıb. Amma deyə bilərəm ki, hazırda Balakən MTN-in xüsusi nəzarəti altına alınıb. Deyərdim ki, rayonda elan edilməmiş fövqəladə vəziyyətdir.”
Polis zabiti Balakən rayonunda aparılan əməliyyatları uğurlu adlandırsa da, bəzi hallarda vəhhabi dəstələrinə qarşı əməliyyatların keçirilməsində müəmmalı maneələrin olduğunu da bildirib: “İstisna deyil ki, onların hakimiyyət daxilində də sanballı adamları var və heç də həmişə aparılan əməliyyatlar nəzərdə tutduğumuz nəticəni vermir”.
 
“Aran” İA
 
 
 
 
 
 
  • Yazılıb
  • da (də) 2010 Apr 05