Xarici qonaqlar dövlət orqanları ilə yanşı müxalifət partiyaları və QHT-lərlə də görüşlər keçirirlər, bu Azərbaycanda ictimai-siyasi fəallığı artıracaq
Azərbaycan Servisi/Aran Agentliyi
Tərəflər arasında siyasi və iqtisadi əlaqələrin inkişafını müzakirə etmək üçün bu və gələn həftə Avropa İttifaqının iki yeni komissarı Bakıya səfərə gəlir. “Öncə regional səfər çərçivəsində aprelin 9-u səhər Azərbaycana genişləndirmə və qonşuluq siyasəti üzrə komissar Stefan Fule (Fule Avropa komissiyasını Çexiyada təmsil edir) gələcək”-deyə çərşənbə axşamı Avropa İttifaqının Bakı nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib. Onun sözlərinə görə, dövlət başçısı, xarici işlər, iqtisadi inkişaf, energetika nazirləri, partiyalar və vətəndaş cəmiyyəti təmsilçilərilə Şərq Tərəfdaşlığı proqramının yerinə yetirilməsinin nəticələrilə yanaşı, tərəflər arasında yeni assosiativ sazişin perspektivləri də müzakirə ediləcək. “Bu sənəd siyasi, iqtisadi, sosial və mədəni inteqrasiya baxımdan daha dərin inteqrasiyanı nəzərdə tutur”-deyə Kobia əlavə edib. Səfər çərçivəsində Azərbaycanda söz azadlığının və digər azadlıqların durumu ilə bağlı məsələlərə də toxunulacaq.
Aşqabad neft konfransından qayıdan Avropa İttifaqının energetika məslələri üzrə komissarı Günter Ottinqer aprelin 14-16-da Bakıda səfərdə olacaq. “Enerji resursları mənbələrinin və nəqli yollarının diversifikasiyası Brüsselin əsas prioritetlərindən olaraq qalır. Ona görə də bu mövzu və xüsusilə də NABUCCO layihəsi üzrə konfransın təşkili danışıqlarda Ottinqerin diqqət mərkəzində olacaq”-deyə Kobia komissarın Azərbaycan səfərini şərh edib.