“Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri Xədicə İsmayılova Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb və dindirilib
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin Azərbaycan Respublikası KİV-lərinə istinadən verdiyi məlumata görə, “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri Xədicə İsmayılova Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb və dindirilib. Xədicə İsmayılova “Media forum” saytına açıqlamasında deyib ki, sorğu-sual 2 saata yaxın davam edib.
Onun sözlərinə görə, “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qətli faktı, “Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin bununla bağlı açıqlamaları üzrə şahid qismində dindirilib: “Dindirmə normal atmosferdə keçdi. Mənə heç bir təzyiq olmadı”.
Qeyd edək ki, Azərbaycan Respublikasında aparıcı media rəhbərlərinin Milli Təhlükəsizlik Nazirliyinə çağırılması və dindirilməsi artıq adi hal alıb. Bundan əvvəl “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov, “Millətim” qəzetinin baş redaktoru Fərəməz Novruzoğlu da MTN-ə çağırılıblar. Onlar da “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qətli barədə yazılarla bağlı ifadə verməli olublar.
“Aran” İA