Tarix : 2010 Apr 16
Kod 16891

Azərbaycan ABŞ-dan narazıdır

son günlər Azərbaycan Respublikasıyla ABŞ arasındakı münasibətlərdə ciddi problemlər yaşanmaqdadır
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, son günlər Azərbaycan Respublikasıyla ABŞ arasındakı münasibətlərdə ciddi problemlər yaşanmaqdadır. Bu arada Prezident Administrasiyanın (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Birləşmiş Ştatlarla bağlı jurnalistlərə bunları söyləyib: “ABŞ-da son günlər keçirilən görüşlərə prezident İlham Əliyev də münasibət bildirib. Biz ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesində nümayiş etdirdiyi fəaliyyətdən razı deyilik. Bu narazılıq, ilk növbədə, ABŞ-ın münaqişədə nümayiş etdirməli olduğu bitərəf mövqeyi və digər məsələlərlə bağlıdır”.
Cənab Əli Həsənov bildirib ki, Azərbaycan dəfələrlə və müxtəlif səviyyələrdə Dağlıq Qarabağda haqqının, ərazi bütövlüyünün pozulması məsələsini qaldırıb: “Təəssüflər olsun ki, ABŞ-ın bəzi institutları və dairələri erməni lobbisinin təsiri altında neytrallıq nümayiş etdirmir, Ermənistana açıq-aşkar dəstək verir. Son zamanlar bu ölkənin siyasəti ona yönəlib ki, Ermənistanı düşdüyü çətin sosial-iqtisadi vəziyyətdən çıxarsın. ABŞ-ın siyasəti onun işğalçı siyasətini nəzərə almadan, bölgədə yürütdüyü işğalçılıq siyasətinə qətiyyən diqqət ayırmadan, Ermənistanı bu əməllərdən çəkindirməyə təzyiqlər göstərmədən bu ölkəni iqtisadi çətinlikdən çıxarmağa yönəlib, ona görə də ayrı-ayrı qonşu dövlətlərə, Türkiyəyə və başqalarına təzyiq göstərərək Ermənistana yardım göstərilməsini, onunla sosial-iqtisadi münasibətlər yaratmalarını tələb edir. Biz hesab edirik ki, bu, ABŞ-ın missiyasına, xüsusən də ATƏT-in Minsk Qrupunda reallaşdırdığı missiyasına uyğun gəlmir. Əgər ABŞ doğrudan da bölgədə sülhün yaranmasını, münaqişənin həllini, Ermənistanın iqtisadi vəziyyətinin yaxşılaşmasının, regionda reallaşan transmilli layihələrə qoşulmasının tərəfdarıdırsa, buyursun, bu ölkəni işğalçı siyasətdən imtina etməyə məcbur etsin”.
 
“Aran” İA
 
  • Yazılıb
  • da (də) 2010 Apr 16