Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin “Yeni Müsavat” qəzetinə istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsilə bağlı kompromis addımlar atmağa razılıq verib. Bildirildiyi kimi, Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan ABŞ səfərindən qayıtdıqdan sonra Ankarada keçirdiyi mətbuat konfransında Qarabağa dair sensasion açıqlama verib. O, deyib ki, Azərbaycan danışıqlarda ermənilərin işğal etdikləri Ağdam və Füzuli rayonlarından qoşunlarını çəkməsinin əvəzində Ermənistanla sərhədləri açmağı təklif edir. Ərdoğan deyib ki, Türkiyə Ermənistanla münasibətlər məsələsində Sürix protokollarına sadiqdir, lakin protokolların ratifikasiyası üçün Qarabağ məsələsində müsbət irəliləyişlər əldə edilməlidir.
Qəzet yazır ki, rəsmi Bakı əvvəllər erməni tərəfinə nəqliyyat kommunikasiyalarının keçdiyi rayonların qaytarılmasının əvəzində Ermənistanla sərhədlərin açılmasını təklif edib. Lakin bu təklif qarşı tərəfdə maraq doğurmayıb. Bir hissəsi Azərbaycanın nəzarətində olan Ağdam və Füzuli rayonlarının qaytarılmasının əvəzində sərhədlərin açılması isə yeni məsələ sayıla bilər. Belə görünür ki, rəsmi Bakı bu şərtlə Ermənistan-Türkiyə sərhədlərinin açılmasına da razıdır. Xəbərlər var ki, Azərbaycan Ermənistanın heç olmasa 1-2 rayonu qaytarmasından sonra Türkiyə ilə sərhədlərin açılmasına dəstək verəcəyini Ankara ilə danışıqlarda bir neçə dəfə bildirib.
Bu arada erməni tərəfi növbəti dəfə bəyan edib ki, onlar Türkiyə ilə münasibətlərə dair danışıqlarda Qarabağ məsələsinin müzakirəsini istisna edir. Xarici işlər naziri Edvard Nalbəndyan deyib: “Sərkisyan-Ərdoğan görüşündə Türkiyə tərəfi Qarabağ mövzusunu müzakirə etməyə cəhd göstərsə də, cavabımız əvvəlki kimi oldu -Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasını Qarabağ məsələsi ilə əlaqələndirmək olmaz. Mən bu məsələni Türkiyə tərəfi ilə müzakirə etməyə səbəb görmürəm”.
E.Nalbəndyan bildirib ki, Türkiyə Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi ola bilməz: “Ermənistan Türkiyə-Ermənistan prosesi naminə Qarabağ məsələsində heç vaxt güzəştə getməz. Bu iki prosesin əlaqələndirilməsi hər iki prosesə zərbə vurur. Bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin də mövqeyidir”.
Lakin ekspertlərə görə, rəsmən olmasa da, səhnəarxasında Ankara ilə İrəvan arasında belə bir razılaşma üzərində iş aparılır ki, bu ilin sonunadək Ermənistan tərəfi “xoş məram” nümayiş etdirərək, “Dağlıq Qarabağ” ətrafındakı 1-2 rayondan silahlı qüvvələrini geri çəksin və əvəzində, tərəflərin razılığı əsasında Türkiyə ilə Ermənistan sərhədləri açılsın. Politoloq Nadir Əhmədoğlu “Aran”ın müxbirilə söhbətində hazırda İrəvanın siyasi dairələrində bu versiyanın üzərində ciddi məsləhətlər aparıldığını bildirib: “Söhbət Ağdam və Füzulinin, rayon mərkəzləri də daxil olmaqla, əksər ərazilərinin boşaldılmasından gedir. Hərbi elita arasında buna qarşı çıxan güclü fiqurlar olsa da, siyasilər bu planı dəstəkləyir və Türkiyə ilə sərhədlərin açılması üçün yeganə çıxış yolu sayırlar. Çox ehtimal ki, cari ildə Qarabağ ətrafında gedən danışıqlarda ən real müzakirə mövzusu da 5 rayonun deyil, elə bu 2 rayonun azad edilməsi olacaq. Bununla da Türkiyə ilə Ermənistan münasibətlərində də ciddi irəliləyişlər baş verəcək. Parlament seçkiləri ilində ən azından bu 2 rayonun işğaldan azad edilməsi isə rəsmi Bakıya hava-su kimi lazımdır. Regionda yaranmış hazırkı şərait bu planın reallığından xəbər verir.”
“Aran” İA