Tarix : 2010 Apr 16
Kod 16894

AzTV Obamanı tənqid atəşinə tutdu

aprelin 13-də Azərbaycan Respublikasının hakimiyyət telekanalı ABŞ prezidentinin siyasətini kəskin şəkildə tənqid edib
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, aprelin 13-də Azərbaycan Respublikasının hakimiyyət telekanalı ABŞ prezidentinin siyasətini kəskin şəkildə tənqid edib. Bununla da Azərbaycan hakimiyyətinin ABŞ rəhbərliyi ilə münasibətlərinin gərgin olması barədə tənqidçi medianın yazdıqları rəsmi təsdiqini tapır. Ağ Evin demokratların nəzarətinə keçməsindən sonra münasibətlərin “qırılma nöqtəsi”nin Azərbaycanda Amerikaya bağlı “Azadlıq” və “Amerikanın səsi” radiolarına yerli dalğalarda qadağa qoyulması ilə başlandığını söyləmək olar.
“Yeni Müsavat” qəzetinin yazdığına görə, bəzi müşahidəçilər prezident Barak Obamanın erməni məsələsinə həssaslığını və bu məsələdə Azərbaycan hakimiyyətinə təzyiqlər etdiyi üçün münasibətlərin pozulduğunu iddia edirlər. Azərbaycan prezidenti İlham Əliyevin B.Obamanın Türkiyəyə səfəri zamanı Ankarada görüşmək təklifini qəbul etməməsinin də bu soyuqluğa zəmin olduğunu deyənlər var. Ağ Evin bir neçə aydır ki, ölkəmizə səfir təyinatını yubatması, İlham Əliyevin rəsmi səfərə çağırılmaması və nəhayət, Vaşinqtonda keçirilən sammitə Qafqaz ölkələrindən yalnız Azərbaycanın dəvət edilməməsi iki ölkə arasındakı gərginliyin daha da artdığına sübutdur.
Belə görünür ki, Türkiyənin Bakı ilə Vaşinqtonu “barışdırmaq” istəyi (bu məlumatlar PA rəhbəri Ramiz Mehdiyevin Ankaraya səfərindən sonra ortaya çıxmışdı) baş tutmayıb.
AzTV-nin aprelin 13-ü gecə buraxılışındakı Azərbaycan-ABŞ münasibətlərinə həsr olunmuş geniş şərh hakimiyyətin Ağ Ev rəhbərindən hansı həddə narazı olduğunu üzə çıxarıb. İbrahim Məmmədovun hazırladığı süjetdə ABŞ açıqcasına tənqid edilirdi. Əsas hədəf kimi prezident Obamanı və vitse-prezident Cozef Baydeni seçən müəllif dəfələrlə bu iki personanı ekrana gətirərək onları ABŞ-Azərbaycan münasibətlərinin pozulmasında əsas günahkar kimi təqdim etdi.
Süjet boyu bir neçə dəfə Obamanın Serj Sərkisyanla Vaşinqtondakı görüşü göstərildi və “niyə strateji müttəfiq Azərbaycan yox, Ermənistan” sualları bir-birini əvəzlədi. Müəllif açıq işarə etdi ki, Azərbaycan rəhbərliyi ABŞ-ın İranın vurulması ilə bağlı planlarında yer almadığı üçün də qəzəbə gələ bilərdi. Süjetdə ironik sual da səsləndi: “Bəlkə Ermənistan İranın vurulması planına razılıq verib?”
Sonra Obama ermənipərəst siyasətdə günahlandırıldı və Qarabağ məsələsində Azərbaycan rəhbərinə təzyiq etdiyi açıq mətnlə bildirildi. Hətta işarə edildi ki, ABŞ-ın Minsk Qrupunda vasitəçiliyindən imtina edilə bilər.
Azərbaycan Respublikasının KİV-lərinin qeyd etdiyi kimi, müstəqil Azərbaycan tarixində ABŞ-la münasibətlər hələ heç vaxt indiki kimi açıq müstəvidə gərgin olmayıb. Bu gərginliyin indi hakimiyyətin əsas ideoloji təbliğat maşını olan dövlət televiziyasına – AzTV-yə sızması bu gərginliyin tezliklə aradan qalxmayacağından xəbər verir.
 
“Aran” İA
  • Yazılıb
  • da (də) 2010 Apr 16