Tarix : 2010 Apr 17
Kod 16914

2010-cu ildə Qafqazda təhlükəsizlik üçün təhdid və imkanlar

.
Qafqaz Servisi/Aran Agentliyi

 

Həsən Behiştipur
 
“Aran” İnformasiya Agentliyi, Qafqaz xidməti
 
Müqəddimə
Qafqaz regionunda böhran doğuran amillərin mahiyyət və səbəblərini düzgün anlamaq üçün bölgənin xüsusi coğrafi şəraiti, eləcə də etnik və konfessional müxtəlifliyini nəzərə almaq lazımdır. Eyni zamanda, belə bir gerçəkliyə də diqqət yetirilməlidir ki, əslində Asiyanın Cənub-Qərbi və Avropanın Şərqi arasında Şərq ilə Qərb, Şimal ilə Cənubu birləşdirən bir körpü olan və qədim tarixə malik məntəqənin zəngin enerji mənbələri və geopolitik mövqeyi ona elə bir məziyyətlər bəxş etmişdir ki, uzun illərdən bəri regionda hegemonluq etmək niyyətində olan əsas oyunçuların tamahını özünə cəzb etmişdir.
Elə buna görədir ki, 2010-cu ildə Qafqazda baş verəcək dəyişiklikləri təhdid və imkanlar baxımından araşdırıb, proqnozlar vermək üçün siyasi təmayüllər və mənfəətgüdən nəzərlərdən uzaq olaraq, bölgədə hazırkı şəraitdə böhranların yaranmasına səbəb olan başlıca amillərin kökünü aramaq və mövcud imkanları nəzərə alaraq, məntəqə əhalisi üşün əlverişli olan vəziyyət əsasında gerçəkliyi əks etdirən obyektiv təhlillər həyata keçirmək lazımdır.
Bu arada, Cənubi Qafqaz üç ölkə – Azərbaycan, Ermənistan və Gürcüstan arasında mövcud olan gərginliklərin nəzərə alınmasıyla, Şimali Qafqazla müqayisədə daha mürəkkəb durumdadır. Bununla belə, şimal bölgəsi müəyyən mənada daha aram görünsə də, əslində sanki torpaq altında bir alovdur. Qarabağ böhranının 1988-ci ildən bu günədək Qafqazın iki qonşu dövləti arasındakı münasibətlərə kölgə salması faktı belə bir həqiqəti bəyan edir ki, hələ də bu münaqişə həllolunmaz kimi nəzərə çarpır. Üstəlik, bir tərəfdən Gürcüstanla Rusiya arasında mövcud olan böhran, digər tərəfdən isə separatçı Abxaziya və Cənubi Osetiyanın Gürcüstanla münaqişəsi 2010-cu ildə bölgə üçün kifayət qədər gərgin və dolaşıq bir vəziyyət vəd etməkdədir.
2008-ci ilin avqustunda Gürcüstanla Rusiya arasında baş vermiş müharibədən sonra region yeni bir böhran mərhələsinə qədəm qoymuşdur. Belə ki, demək olar ki, yeni şəraitdə Qafqaz məntəqəsi regional və kənar qüvvələrin rəqabət və çəkişmələr səhnəsinə çevrilmişdir. Bu kiçik, lakin eyni zamanda əhəmiyyətli bölgədə yeni böhran və münaqişələrin baş verməsi bir daha dünya və siyasətçilərin diqqətini Cənubi Qafqaz böhranının köklü şəkildə həll edilməsinə cəlb etmişdir.
1. 2010-cu ildə Qafqazı təhdid edən amillərin köklərinin araşdırılıb, müəyyən edilməsi.
Qarabağ, Abxaziya və Cənubi Osetiya kimi böhranların gündəmdə qalması, Acariyada siyasi sabitsizliyin hökm sürməsi və bir tərəfdən Rusiya ilə Gürcüstan, digər tərəfdən isə Ermənistanla Azərbaycan arasında münaqişələrin davam etməsi Qafqaz regionunun 2010-cu ildə keçmiş SSRİ-dən ayrılmış dövlətlər sırasında yenə də ən gərgin bölgə kimi qalmasını şərtləndirir. Cənubi Qafqazda mövcud olan müxtəlif amillər 1991-ci ildən bu yana (2010) mövcud problemlərin ərsəyə gəlməsinə səbəb olmuşdur. Belə ki, Cənubi Qafqazda mövcud münaqişələrin yaranma və davam etməsinin kökünü bir və ya bir neçə tarixi, geopolitik, təhlükəsizlik və iqtisadi amillər çərçivəsində nəzərdən keçirmək olar:
1.1. Tarixi amillər.
Qafqazın son üç əsrdə daim regional və kənar qüvvələrin toqquşduğu bir məkan olmasıyla bərabər, Stalin zamanında atılmış iki əsas addım bölgədə mövcud olan əksər ixtilafların kökü hesab edilir:
1.1.1. Qafqazda rus nüfuzunun təsbit edilməsi məqsədilə müxtəlif etnik qrupların bir yerdən başqa yerlərə köçürülməsi.
Qafqazda mövcud olan münaqişələrin yaranmasının mühüm amillərindən biri Çar Rusiyası və ondan sonrakı bolşevik rejiminin, xüsusilə də Stalin hakimiyyətinin həyata keçirdiyi siyasət olmuşdur. Bu siyasət nəticəsində müxtəlif etnik qrurlar, region xalqları deportasiya edilərək, bir yerdən başqa yerlərə köçürülmüş, coğrafi-inzibati bölgülərdə dəyişikliklər edilmiş, yerli əhali ilə köçürülmüş xalqlar arasında kin-küdurət və nifaq toxumu səpilmişdir. Bu sırada 15 noyabr 1944-cü il tarixində heç bir izahat verilmədən Stalin rejimi tərəfindən mesxeti türklərinin Gürcüstanın cənub bölgəsindən Mərkəzi Asiyaya, əsasən Qazaxıstan və Özbəkistana zorla köçürülməsini göstərmək olar. Bu deportasiya nəticəsində ən azından 100 mindən 200 minədək mesxeti türkü öz doğma yurdlarından didərgin düşüb, köçməyə məcbur edilmişdir ki, onlardan azından 50 min nəfəri yollarda soyuqdan və aclıqdan dünyasını dəyişmişlər. Bu dönəmdə qarapapaqlar Ermənistanın şimal rayonlarından, həmçinin Acarıstan kürdləri, xəmşinlər (müsəlman ermənilər), acarların və abxazların bir hissəsi yaşadıqları yerlərdən deportasiya edilmişlər ki, nəticədə hər birinə xas olan müxtəlif problemlər meydana gəlmişdir.
1.1.2. Stalin hakimiyyəti tərəfindən müxtəlif xalqlar arasında zorla sərhədlərin çəkilməsi.
Qafqazda yaşayan müxtəlif xalqların xüsusiyyətlərini nəzərə almadan cağrafi-inzibati bölgülər həyata keçirməklə bu xalqlar praktikada yeni problemlərlə üzləşmiş oldular. Belə ki, bir xalqın nümayəndələri bölünərək, iki qrup şəklində yaşamağa məcbur oldular. Nə qədər ki, onların hamısı vahid dövlət olan SSRİ-də mərkəzləşmiş hökumətin təzyiqləri altında yaşayırdılar, bu problemlər bir o qədər də ciddi nəzərə çarpmırdı. Lakin SSRİ dağıldıqdan və onun yerində 15 müstəqil dövlət yarandıqdan sonra bu xalqlar arasında separatçılıq meylləri gücləndi. Bu hal xüsusilə də iki müxtəlif dövlətdə yaşayan eyni xalqlar arasında müşahidə olunmaqdadır. Bunun bir nümunəsi olaraq Rusiya ilə Gürcüstan arasında bölünmüş olan Şimali və Cənubi Osetiyaları göstərmək olar. Eyni halla Dağlıq Qarabağda da rastlaşırıq ki, bu ərazi Azərbaycan Respublikasının tərkibindədir, lakin əhalisinin əksəriyyətini ermənilər təşkil edir. Bu da bir zamanlar həyata keçirilmiş siyasətin nəticəsidir ki, gələcəkdə tarix boyu yanaşı yaşamış azərbaycanlılarla ermənilər arasında ixtilaflar meydana gəlsin.
Münaqişələrin yaranmaması üçün öncədən Ermənistanın cənubu olan Zəngəzuru Azərbaycan Respublikasının tərkibinə daxil edib, bu ölkənin ərazisi olan Naxçıvanla Azərbaycanın digər ərazisini birləşdirmək, əvəzində isə, Dağlıq Qarabağı Ermənistan Respublikasının tərkibinə qatmaqla, Qarabağ ermənilərilə Ermənistan ermənilərinin bir dövlət daxilində yaşamasını təmin etmək olardı. Bu mülahizə ilə, hazırda daha ermənilərlə azərbaycanlılar arasında çəkişmələrə yer qalmazdı və azərbaycanlıların yaşadıqları Kəlbəcər, Qubadlı, Füzuli və s. kimi rayonlar da ermənilər tərəfindən işğal edilməzdi.
Həmin dövrdən 50 ildən artıq zaman keçib və reallıq budur ki, artıq bu günün siyasi coğrafiyasını Qafqazın müxtəlif xalqlarının xüsusiyyətləri əsasında dəyişdirmək mümkün deyil. Bu gün yalnız yeni siyasət həyata keçirməklə, mövcud olan şəraiti bir-birinə vurub dağıtmadan, bir-birinin kənarında sülh və əmin-amanlıq şəraitində yaşamağı təmin etmək mümkündür.
Regionda Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziyanın öz dövlət müstəqilliklərini elan etməsi təcrübəsi onu göstərir ki, bu addım nəinki bu separatçı respublikaların xalqlarının rifah və təhlükəsizliyini artırmadı, əksinə, əvvəlkindən daha ağır bir vəziyyət ərsəyə gətirdi.
1.2. Cənubi Qafqaz böhranının daxili amilləri.
Yerli analitiklərdə əsasən belə bir fikir formalaşıb ki, Cənubi Qafqazda mövcud olan əksər problemlər kənar və xarici amillərlə bağlıdır. Onlar bu məsələdə Cənubi Qafqazın üç respublikası – Azərbaycan, Ermənistan və Gürcüstanda mövcud olan daxili problemlərin, o cümlədən ölkələrin siyasi və iqtisadi cəhətdən inkişaf etməməsi kimi amillərin təsirli olmasına az əhəmiyyət verirlər. Lakin həqiqətdə Cənubi Qafqazda böhran doğuran amillər həm daxili, həm də xarici faktorlarla bağlıdır. Biz burada daxili faktorlardan bir neçəsi haqqında söz açacağıq:
1. 2.1. İnsani və siyasi coğrafiya.
Şimali və Cənubi Qafqazın ümumi sahəsinin 400 min kv. kilometr, əhali sayının isə 22 milyona yaxın olmasını nəzərə alaraq, etnik, dil və dini müxtəliflik baxımından bölgənin digər regionlarla müqayisədə bənzərsiz olduğunu deyə bilərik. Belə ki, bütün Qafqazda müxtəlif dillərdə danışan 100-ə yaxın etnik qrup mövcuddur ki, etnik və dil baxımından, ümumilikdə, 3 qrupa bölünürlər. Bu etnik və dini müxtəliflik münaqişələrin meydana gəlməsində Qafqazın geopolitik mövqeyilə yanaşı, olduqca əhəmiyyətli rol oynamışdır. Bu münaqişələrin bir sıra cəhətləri daxili faktorların, bir sıra digər cəhətləri isə xarici faktorların – regional və kənar oyunçu qüvvələrin vasitəsilə ərsəyə gəlmişdir.
Bu arada, Cənubi Qafqaz etnik, dil və konfessional fərqliliklər cəhətdən, sahəsi 186100 kv.kilometr və əhalisinin sayı 17 milyon nəfər olmaqla, dünyada analoqu az olan bölgələrdəndir. Bu etnik müxtəliflik, azından, 15 əsas və bir neçə kiçik şaxələrə şamil olunur. Eyni zamanda, regionun dil müxtəlifliyi dünyada yayılmış olan azından, 20 dili əhatə etməkdədir.
Bununla yanaşı, burada bütün monoteist səmavi dinlərin ardıcılları var. Buna politeist din ardıcıllarını da əlavə etsək, müxtəlif konfessialara mənsub insanlardan təşəkkül tapmış bir toplumu müşahidə etmiş olarıq ki, bu konfessional fərqliliklər də potensial olaraq, regionda ixtilaf və qarşıdurmalara zəmin ola bilər.
1.2.2. Siyasi və iqtisadi inkişafdan geriyəqalma.
Heç şübhəsiz ki, Qafqazda böhranın yaranma və davam etməsində əhəmiyyətli təsirli amillərdən biri də hər üç dövlətdə - Azərbaycan, Ermənistan və Gürcüstanda hakimiyyətdə olan qüvvələrin istər mərkəzləşmiş kommunist hakimiyyəti dövründə, istərsə də müstəqillik qazandıqdan sonra demokratik bir ölkə quruculuğuna doğru üz tutduqları son 17 ildə kifayət qədər, yaxud ümumiyyətlə lazım olan səlahiyyətlərə malik olmaması ilə bağlıdır. Son 20 ildən az müddətdə bu dövlətlərin dəfələrlə əvəzlənmiş hökumətləri, həqiqi dövlət müstəqilliyinin zamini olan siyasi və iqtisadi inkişaf təməllərini bərqərar etmək əvəzinə, kifayət qədər xalq dəstəyinə malik olmadıqlarından və regiona göz dikmiş kənar siyasi qüvvələrə söykəndiklərindən, hələ də elə bir hökumət modeli qurmağa nail olmamışlar ki, siyasi, etnik və konfessional mənşəyindən asılı olmayaraq, cəmiyyətin əksəriyyətini təmsil etmiş olsun. Nəticədə kənar qüvvələrin regiona müdaxiləsi üçün əlverişli çərait yaranmışdır.
1.3. Cənubi Qafqaz böhranının xarici amilləri.
Bir-birilə rəqabətdə olan qüvvələrin toqquşduqları region hesab edilən Qafqazın geostrateji mövqeyi elə bir vəziyyət yaradıb ki, region dövlətləri burada baş verən hadisələr və dəyişikliklərə laqeyd yanaşa bilmirlər. Belə ki, Qafqazın istənilən bölgəsində baş vermiş bu və ya digər hadisə bütövlükdə regionun siyasi və iqtisadi münasibətlərinə təsir edir. Bu səbəbdən də, əsas oyunçular hesab edilən region dövlətləri burada baş verən hadisə və dəyişikliklərə biganə qala bilmirlər. Bu dövlətlərin regionda baş verən hadisələrə müdaxilə etməsi üçün kifayət qədər bəhanələri vardır. Amma maraqlı olan da burasıdılr ki, elə sözü gedən region dövlətlərinin özləri də regionda marağı olan kənar qüvvələrlə rəqabətdədirlər. Bu məsələ bölgədəki böhranın daha da qızışmasına və davam etməsinə səbəb olur. Bir sözlə, Cənubi Qafqazda böhranın yaranması və davam etməsində təsirli olan əsas faktorları qısa olaraq, aşağıdakı kimi göstərmək olar:
1.3.1. Enerji mənbələrinə nəzarət.
Hegemonluq iddiasında olan kənar qüvvələr Cənubi Qafqazın enerji mənbələrini ələ keçirmək məqsədilə əsrlərdən bəri günümüzədək hər biri bir sahədə tədbirlər həyata keçirmişdir ki, öz mənfəətlərini təmin etsin və digər rəqiblərinin maraqlarıyla toqquşduğundan, onlarla savaşsın. Əlbəttə, sovetlər birliyi dağıldıqdan sonrakı illərdə böhranın yaranması və davam etməsi üçün siyasət, regionda mövcud olan daxili faktorlardan faydalanmağa yönəlmişdir. 18-19-cu əsrlərdə İngiltərə və Fransa, müasir dövrdə isə ABŞ və Avropa Birliyinin bu regiondakı davranışları kənar qüvvələrin bölgədəki rolunu nümayiş etdirən kifayət qədər aydın nümunələrdir. Digər tərəfdən, bölgənin əsas oyunçuları olan regional qüvvələr də sözü gedən kənar qüvvələrlə qarşılıqlı əlaqələr yaratmağa səy göstərirlər ki, özləri üçün bölgədə yeni bir mövqe ərsəyə gətirsinlər. Vaxtıyla Osmanlı, daha sonra Türkiyənin, eləcə də vaxtıyla Çar Rusiyası və SSRİ, həmçinin hazırda onların varisi olan Rusiya dövlətinin bu yöndəki fəaliyyətlərinin araşdırılması məqsədəuyğun olardı. Əlbəttə, Qacar və Pəhləvi sülalələrinin hakimiyyətdə olduğu dövrdəki, ələcə də İslam İnqilabının qələbəsindən sonrakı İranın da fəaliyyətlərini nəzərdən qaçırmaq olmaz. Türkiyə və Rusiya ilə köklü şəkildə fərqlənsə də, regionun əsas oyunçularından biri olan bu dövlətin də fəaliyyətləri öz yerində nəzərə alınmalı, təhlil edilməlidir.
1.3.2. Enerji ötürücüləri xətlərinə nəzarət.
Qafqazda regional qüvvələrlə kənar qüvvələr arasında rəqabətin yaranmasına səbəb olan amillərdən biri zəngin enerji mənbələri və saysız-hesabsız yeraltı sərvətlərlə yanaşı, Qafqazın Cənubi və Qərbi Asiya ilə Şərqi və Cənub-Şərqi Avropa arasında körpü rolunu oynayan mühüm rabitə mövqeyidir. Bundan əlavə, Qafqaz regionu Rusiyanın Cənubdakı bir forpostu kimi də tanınır. Bu səbəbdən də, Qafqazın cənubu Rusiyanın Qərbdəki rəqibləri, ələlxüsus da ABŞ üçün xüsusi əhəmiyyət kəsb etmişdir. Gürcüstanın NATO-ya üzv olması, eləcə də Azərbaycan və Gürcüstan ərazilərində öz silahlı qüvvələrini yerləşdirmək məqsədilə hərbi baza yaratmaq üçün ABŞ-ın göstərdiyi səyləri bu ölkənin Cənubi Qafqazda macəraçı hədəflərinin nümunələrindən hesab edilir. Üstəlik, ABŞ çalışır ki, Azərbaycan və Ermənistanda hərbi və təhlükəsizlik qüvvələrinin nüfuzunu artırmaqla İranın şimal sərhədlərində bərqərar olsun və bununla da, lazım gədikdə, İranın şimal istiqamətindən də bu ölkəyə daha çox təzyiq göstərmək imkanı qazansın.
2. 2010-cu ildə Qafqazda mövcud olan imkanlar.
Zənnimcə, Cənubi Qafqazda təhlükəsizliyin olmamasının amilləri həm böhranın yaranması, həm də aradan qaldırılması xüsusiyyətlərinə malikdir. Mövlana demiş, “Elə bir şey varmı ki, həm zəhər olsun, həm dərman?”. Bəli, bu bir gerçəklikdir ki, enerji mənbələri Cənubi Qafqazda Rusiya ilə Amerika arasında rəqabət yaratdığı kimi, bu resursların istismarı və istehlakçı dövlətlərə - ABŞ və Avropaya nəqlində onlar arasında əməkdaşlıq üçün də geniş imkanlar yaratmış olur. Belə ki, enerji mənbələrindən məhrum olan Ermənistan və Gürcüstan kimi dövlətlər də tranzit imkanlarından, eləcə də ölkələrindən keçib gedəcək neft və qazdan istifadə edəcəkləri halda, bu ölkələr arasında əməkdaşlıq üçün imkanlar yaranmış olur.
Buna da diqqət yetirilməlidir ki, Avropa və ABŞ kimi kənar qüvvələrlə Rusiya, Türkiyə və İran kimi regional dövlətlər arasında lazımi əməkdaşlıq mühiti yaranmasa, Cənubi Qafqaz bölgəsində mövcud olan böhranlar öz həllini tapa bilməz. Necə ki, bu qüvvələr də regionun əksər əhalisinin maraqlarını nəzərə almadan, öz planlarını zorla həyata keçirməklə bölgədə sülhü bərqərar edə bilməzlər. Üstəlik, Cənubi Qafqazda etnik, dil və konfessional müxtəlifliyin nəzərə alınmasıyla, region ölkələrində demokratik və xalqın iradəsinə əsaslanan dövlət quruluşları bərqərar olarsa, Azərbaycan, Ermənistan və Gürcüstandakı azlıqların da hüquqlarının təmin olunması üçün əlverişli zəmin yaranmış olar. Bu ideya gerçəkləşdiyi halda, öz talelərini müəyyən etmək yönündə etnik, dil və konfessional azlıqların bir-birilə həqiqi mənada əməkdaşlıq etməsi bu ölkələrdə separatçılıq və müstəqillik tələb etmə meyllərinin getdikcə azalmasına səbəb olacaq. Ən əsası isə, regionun əsas oyunçuları olan qüvvələrin Qafqazın etnik azlıqlarının narazılıqlarından sui-istifadə etməsi üçün heç bir bəhanə qalmayacaq. Belə olduqda, Cənubi Qafqazdakı etnik, dil və konfessional müxtəliflik bu bölgənin saf təbiətinin nəzərə alınmasıyla, turistlərin cəlb olunması və turizmin inkişafı üçün olduqca əlverişli şərait yaranmış olacaq. Məhz belə bir şəraitdə region dövlətləri etnik və dini qarşıdurmalar arenasına çevrilməyəcək, əksinə, bu məntəqənin olduqca gözəl mövqeyindən istifadə etmək üçün xarici investisiyaların cəlb edilməsinə çalışacaq. Regionda marağı olan dövlətlər də öz mənafelərini burada qarşıdurmalar yaratmaq və çaxnaşmalar salmaq üçün sərmayə qoymaqda deyil, bölgənin misilsiz sərvətlərindən faydalanmaq üçün bütün sahələrdə kapital qoyuluşunda görəcəklər.
Regionun hər üç dövlətində demokratik hakimiyyətlərin təsbit olunması, eləcə də regional və kənar dövlətlər tərəfindən onların daxili işlərinə müdaxilə edilməsinə son qoyulması Qafqazı sülh və təhlükəsizlikdə yaşayan çoxmədəniyyətli bir bölgə kimi bir nümunəyə, investisiyaların cəlb edilməsi və xalqın rifahı baxımından əlverişli bir məntəqəyə çevirəcək. Bütün bunlar bir Qafqaz röyası deyil, əslində bu, regionda real fürsətlər yaratmaq və kifayət qədər müsbət imkanlardan faydalanmaq üçün əsaslı tədbirlərdir.
Qafqazı Avrasiyanın təhlükəsizlik yaradan və ya təhlükəsizliyi pozan ocağı hesab etmək mümkün olduğundan, Qafqazda mövcud olan köklü problemlərin dərhal və hərtərəfli həll olunmasına diqqət yetirilməsinin zəruriliyi həmişəkindən daha çox hiss olunmaqdadır. Həqiqətən də, Qafqazda mövcud olan siyasi oyunlar və rəqabətlərin məcmusundan gələcək Avrasiyada təhlükəsizlik düzəninin sabitlik və birliyə doğru irəliləyəcəyini, yaxud çəkişmələr və ciddi qarşıdurmalar arenasına çevriləcəyini proqnozlaşdırmaq olar. Bu reallıqdan irəli gələrək, demək olar ki, Avropa və Rusiya öz təhlükəsizliklərini təmin etmək üçün belə olsa, Qafqazda təhlükəsizliyi təmin etməyi düşünməyə məcburdurlar. Burada belə bir sual yaranır ki, bəs nə zaman onlar öz ötəri mənafelərini sabit mənafelərinə tərcih edəcəklər? Sualın məğzi sadə, lakin onun cavabı mürəkkəbdir. Zənnimizcə, ən azından 2010-cu ildə onlar bu sualın cavabını tapacaqlar.
3. 2010-cu ildə Cənubi Qafqazdakı dəyişikliklərə aid proqnozlar.
Yuxarıda qeyd edilənləri ümumilikdə nəzərə aldıqda, 2010-cu ilin qalan 9 ayı ərzində baş verə biləcək dəyişikliklərlə bağlı aşağıdakı fikirləri proqnozlaşdırmaq olar:
3.2. NATO-nun Gürcüstanadək genişlənməsi.
ABŞ Moskvaya daha çox təzyiq göstərmək və Rusiyanın mühasirə dairəsini daha da daraltmaq məqsədilə Gürcüstanın NATO-ya üzv olması siyasətini bu il də ciddi-cəhdlə davam etdirəcək. Belə nəzərə çarpır ki, Vaşinqtonla Moskva arasındakı münasibətlərdə nisbi irəliləyişlər ABŞ-ın raket əleyhinə qurğuların yerləşdirilməsi planlarını heyata keçirməsi ilə zədələnə bilər. Xüsusilə də, Ukraynada Yuşenkonun hakimiyyətdən kənarlaşmasıyla, Gürcüstan prezidenti Saakaşvili Rusiya qarşısında regionda ən mühüm müttəfiqini itirmişdir. Bu minvalla, rəsmi Tiflis 2010-cu ildə, çox ehtimal ki, daha ciddi şəkildə NATO hərbi alyansına birləşməyə səy göstərəcək. Hərçənd ki, onun bu alyansa birləşmək şansları az olacaq.
3.3. ABŞ-ın Cənubi Qafqazda hərbi baza yaratmaq üçün səylərinin davam etməsi.
Rusiya hərbi bazalarının Gürcüstandan çıxarılmasından sonra ABŞ Bakı və Tiflisi hətta təhdidlərdən belə istifadə etməklə, yola gətirməyə çalışır ki, burada hərbi baza yerləşdirilməsi imtiyazını məhz amerikalılara bəxş etsinlər. Heç şübhəsiz ki, bu niyyətlər gerçəkləşərsə, Cənubi Qafqazın onsuz da mürəkkəb olan vəziyyəti bir qədər də düyünə düşəcək. Belə ki, ehtimal olunduğu kimi, bu planın öz təhlükəsizliklərinin əleyhinə olduğunu düşünən Rusiya ilə İranı ciddi əksüləməl göstərməyə vadar edəcək. Əlbəttə, çox az ehtimal olunur ki, cari 2010-cu ildə ABŞ Bakı və Tiflisdən bu imtiyazları almağa nail olacaq. Lakin, bununla belə, nəzərdən qaçırmaq olmaz ki, Cənubi Qafqazda hərbi baza yaratmaq planları ABŞ-ın illərdən bəri təqib etdiyi bir layihədir ki, hələ gələcək illərdə də bu planlar öz qüvvəsində qalacaq.
3.4. Qarabağ böhranının davam etməsi və Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasının ləngiməsi.
10 oktyabr 2009-cu il tarixində Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair protokolların imzalanmasına baxmayaraq, belə görünür ki, Qarabağ məsələsinin hərtərəfli həlli yolu irəli sürülmədən, Ankara ilə İrəvan arasında münasibətlərin yaxınlaşma prosesi ciddi maneələrlə üzləşəcək. Buna görə də, Qarabağ problemilə bağlı proseslərin gedişatı fonunda 2010-cu ilin də həm rəsmi Bakı ilə İrəvan, həm də Ankara ilə İrəvan arasında səmərəsiz müzakirələrin aparılacağıyla sona çatacağı ehtimal olunur. Həqiqət bundan ibarətdir ki, hazırkı vəziyyətdə Qarabağ böhranının həlli üçün lazımi şərtlərdən heç biri ortada yoxdur. Elə bu amil Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına hətta elə bu ölkələrin öz daxilində qarşı çıxanların hazırkı prosesləri pozmaq üçün fəaliyyətlərini bu il də davam etdirməsinə səbəb olacaq. Bu arada, öz maraqlarını əvvəlki illərdən daha çox əldən verdiyini görən Azərbaycan Respublikası bu ölkə ərazilərinin işğalına son qoyulmayanadək Ankaranın İrəvanla münasibətlərini normallaşdırmaqdan çəkinməsində digər dövlətlərdən daha artıq meyllidir. Rəsmi Bakı buna nail olmaq üçün əlində olan bütün imkanları səfərbər edib. Belə ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması Bakını iqtisadi və təhlükəsizlik baxımdan daha çətin vəziyyətə salmış olar.
3.5. Abxaziya və Cənubi Osetiyada böhranın davam etməsi.
Abxaziya və Cənubi Osetiyanın öz müstəqilliklərini elan etməsi əksər dövlətlər tərəfindən müsbət qarşılanmadığından, Gürcüstanda olan bu iki separatçı respublika üçün mövcud şərait 2010-cu ildə əvvəlkindən daha çətin olacaq. Bütün arqumentlər bunu göstərir ki, bu iki muxtar respublikanın Gürcüstandan ayrılıb, öz müstəqilliklərini elan etməsi nəinki onlar üçün daha çox müstəqil olma şəraiti yaratmadı, əksinə, onların asılılığını Gürcüstandan Rusiya istiqamətinə dəyişdi. Hərçənd, bunu da qeyd edək ki, hələ ötən əsrin 90-cı illərindən bu iki separatçı respublika artıq Rusiyanın nüfuz dairəsinə girmişdir. Amma hazırkı şəraitdə Rusiya Abxaziya və Cənubi Osetiyadan Gürcüstana və qərbpərəst Saakaşvili hakimiyyətinə qarşı siyasətini irəliyə doğru aparmaq üçün bir alət olaraq istifadə edir. Elə bu amil Abxaziya ilə Cənubi Osetiya hökumətlərinin daha çox məhdudiyyətlərə girməsinə səbəb olur. Qətiyyətlə deyə bilərik ki, bu məsələ bu iki separatçı respublika əhalisinin əksəriyyəti tərəfindən dəstəklənmir. Lakin praktik olaraq, demək olar ki, Rusiya ilə Gürcüstan arasındakı münasibətlərin tənzimlənməsinin yükü məhz onların üzərinə düşür.
3.6. Cənubi Qafqaz regionundan enerji daşıyıcılarının nəqli üzərində rəqabətlərin davam etməsi.
ABŞ 2010-cu ildə də regionda enerji daşıyıcılarının nəqli xətlərini nəzarətdə saxlamağa və Rusiya ilə İranın Qafqazdan neft və qazın dünya bazarlarına nəqlilə bağlı bütün layihələrdən kənar qalmasına səy göstərəcək. Birləşmiş Ştatlar Avropa Birliyilə əməkdaşlıq edərək, Türkmənistan qazı və Qazaxıstan neftinin Mərkəzi Asiyadan Azərbaycan Respublikası vasitəsilə Gürcüstana, oradan da Qara dənizə, Türkiyə vasitəsilə isə Aralıq dənizinə nəql olunmasına nail olmağa çalışır. Lakin Rusiya ilə İranın neft və qaz bazarlarındakı mövqelərinə görə, bu siyasət bir o qədər də müsbət qarşılanmamışdır. ABŞ-ın Qafqazda güddüyü siyasət bundan ibarətdir ki, İranla Rusiya həyata keçirilən bütün siyasi proseslərdən kənarda qalsınlar. Amma İran və Rusiyasız həyata keçirilən istənilən siyasətin səmərə verməsi mümkünsüzdür və bu siyasət bölgədə sülhün bərqərar olması baxımından faydalı hesab edilə bilməz. Elə buna görə də, bu sahədə ən böyük və mühüm layihələrdən olan “Nabucco” layihəsinin gerçəkləşməsi hələ də ləngiyir. Bölgədə yaranmış indiki mürəkkəb vəziyyətdən çıxmaq məqsədilə regionda maraqları olan əsas oyunçu dövlətlərin mənafeləri üçün müştərək bir tərif müəyyən edilməlidir. Avropa Birliyi artıq bu reallığı dərk etmişdir. Amma ABŞ hələ də öz yanlış siyasətini davam etdirməkdə israrlıdır. Bu bir həqiqətdir ki, Qafqazda mövcud olan neft və qaz ehtiyatları Rusiya və İranla müqayisədə bir o qədər də diqqətəlayiq deyil. Lakin, bununla belə, Qərb dövlətlərinin müzakirələr aparmağa bir meydan yaratması, eləcə də bazar çeşidliliyi üçün olduqca əhəmiyyətlidir.
Nəticə
Yuxarıda dediklərimizi nəzərə alaraq, aşağıdakı nəticələri hasil etmək olar:
Qafqazda təhlükəsizliyin gerçəkləşməsi üçün Cənubi Qafqaz ölkələrində siyasi və iqtisadi islahatlar həyata keçirmək yolu ilə sülh və demokratiyanın bərqərar olmasıyla bərabər, daxili və xarici oyunçu qüvvələr arasında bir növ barışığın əldə olunması labüddür. Amma kənar qüvvələrlə regional qüvvələr arasında maraqlar üzərində belə bir barışığa necə nail olmaq olar? Bu çətin və əhəmiyyətli suala aydın bir cavab tapmazdan öncə, Cənubi Qafqazın hər üç ölkəsində siyasi və iqtisadi islahatların necə həyata keçməsi üçün bir həll yolunun tapılması zəruridir. Belə ki, heç şübhəsiz, bu ölkələrdə demokratik quruluş bərqərar olmadan Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyin bərqərar olmasına əsla ümid etmək olmaz. Əlbəttə, əgər sovetlər zamanındakı kimi totalitar bir rejim bölgənin bütün ölkələrini hakimiyyəti altına alarsa, belə bir hal mümkün ola bilər.
Başqa sözlə, kənar müdaxilələrə son qoyulmadan Qafqaz regionunda sülhün bərqərar olmasını gözləmək mənasızdır. Necə ki, bu ölkələrin əsas etibarilə, xəstə olan quruluşlarında iqtisadi və siyasi islahatlar həyata keçirmədən Cənubi Qafqazda etnik problemlərin həllini gözləmək olmaz. Buradan maraqların elə bir ziddiyyəti ərsəyə gəlir ki, bir tərəfdən bölgəyə müdaxilə edən kənar qüvvələr Cənubi Qafqaz ölkələrində demokratik quruluşların formalaşmasına yol vermirlər; digər tərəfdən isə, xarici müdaxilələrə son qoyulmasının başlıca şərtlərindən biri, bu ölkələrdə xalqa söykənən müstəqil hakimiyyətlərin bərqərar olunmasıdır ki, bu hakimiyyətlər bütün qüvvəsilə həmin ölkələrdə davamlı inkişaf üçün lazım olan hərtərəfli islahatlar həyata keçirə bilsinlər. Zənnimcə, son illərdə Gürcüstan, Ermənistan və Azərbaycanda etnik böhranlar siyasi yetkinlik səthinə çatıb və artıq siyasi addımlar atmaq üçün münasib şərait yaranıb. İndi böhranların həlli üçün elə bir model tapmaq lazımdır ki, keçmiş tarixə söykənmiş deyil, günümüzdə Qafqazda mövcud olan reallıqlara uyğun olsun. Bölgəyə müdaxilə edən kənar qüvvələrin münaqişələrə son qoymağın vaxtının artıq çatdığını qəbul etmələri üçün, sülh və təhlükəsizlik şəraitində onların maraqlarını müəyyən etmək lazımdır ki, həmin qüvvələr öz mənafelərini təmin etmək üçün belə olsa, azlıqların hüquqlarını nəzərə alacaq demokratik hakimiyyətlərin bərqərar olma prosesinə yardım etməyə məcbur olsunlar. Belə bir şəraitdə, ümid etmək olar ki, hər birisinin xaricdə bir havadarı olan regiondakı mövcud etnik azlıqlar Cənubi Qafqazın siyasi coğrafiyasını dəyişmədən və sözü gedən üç Qafqaz respublikasının ərazi bütövlüyünə xələl gətirmədən, regionun bütün xalqlarının xoşbəxt həyat sürməsinin təməlini qoymuş olsunlar. Cənubi Qafqazın üç respublikasının demokratik hakimiyyətləri siyasi oyunlar arenası olmaq əvəzinə, region dövlətləri ilə sıx əməkdaşlıq sayəsində, öz talelərini müharibəsiz və separatçılıqdan xali təyin edə bilərlər. Məhz belə bir şəraitdə, iqtisadi və mədəni islahatlar həyata keçirməklə, regionun sülh və sabitliyində təsirli olan bütün amillər arasında müştərək tale və maraqlarla bağlı qarşılıqlı anlaşmaya gəlmək üçün əlverişli zəmin yaranmış olacaq.
  • Yazılıb
  • da (də) 2010 Apr 17