Tarix : 2010 Apr 21
Kod 16997

Azərbaycan-ABŞ münasibətlərində təlatüm

.
Azərbaycan Servisi/Aran Agentliyi
Strateji müttəfiqlik” tarixçəsi
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyi əldə etdiyi zamandan bu yana ötən 19 ildə ölkəmizin ABŞ-la münasibətləri daim yüksələn xətt ilə inkişaf etmişdir. Hətta 1992-ci ildə ABŞ Azərbaycan-Ermənistan müharibəsinə rəsmi qiymət verərkən, “907-ci düzəliş”i qəbul edib, işğalçı Ermənistanı deyil, işğala məruz qalmış Azərbaycanı cəzalandırdıqda belə, bu iki ölkə arasındakı münasibətlər korlanmadı. Əlbəttə, qarşıda hələ enerji daşıyıcıları, zəngin neft yataqlarıyla bağlı birgə işləniləcək xeyli ciddi layihələr var idi. ABŞ-ın nəiki işğalçı Ermənistana, hətta tanınmamış qondarma “Dağlıq Qarabağ Respublikasına” dövlətlərə yardım çərçivəsində ilbəil külli miqdarda maliyyə yardımı ayırması, Ermənistanı işğalçı dövlət kimi tanımaqdan imtina etməsi kimi amillər də rəsmi Bakı ilə Vaşinqton arasında soyuqluq yaratmadı. Əksinə, bütün bunlara rəğmən, bu uzun illər ərzində rəsmilərimiz ABŞ-ı “strateji müttəfiqimiz” adlandırdı, bu ölkənin regiondakı maraqlarına cavab verən bir çox strateji layihələrdə aktiv iştirak etdi.
Görünür “strateji müttəfiqlik” dedikdə, elə bunlar nəzərdə tutulurmuş. Yəni enerji resursları sahəsində sıx əməkdaşlıq və ABŞ-ın “antiterror” adı verib, bölgədə həyata keçirdiyi ekspansionist layihələrdə ölkəmizin iştirakı...
Düzəliş nəyi düzəltdi?..
“Azərbaycan tərəfindən Dağlıq Qarabağın “işğalı” və Ermənistana qarşı “blokadasını” dayandırmaq” məqsədilə ilk dəfə 1992-ci ildə Senator Con Makkeyn tərəfindən “tarixi” bir düzəliş təklif edildi. Ancaq sonra naməlum səbəblərə görə layihə geri qaytarıldı. Bundan sonra, elə həmin ildə yenidən, Senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə Konqressmen Ueyn Ouens tərəfindən Konqresdə “Azərbaycana yardım göstərilməsinin qadağan edilməsi” adlı layihə irəli sürülmüş və “907-ci düzəliş” kimi Konqres tərəfindən qəbul edilmişdir.
Qeyd edək ki, ABŞ vitse-prezidenti Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynamış və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış etmişdir.
2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti vermişdir. Bununla belə, günümüzədək bu düzəliş ləğv edilməmişdir. Düzəlişdə bunlar qeyd edilir:
“QADAĞA – Prezident Azərbaycan dövlətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqin aradan qaldırılması üçün addımların atdığını müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan dövlətinə ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz.”
Ötən illər ərzində bu düzəliş Azərbaycan-ABŞ münasibətlərində bir qara ləkə kimi görünsə də, tərəflər onu “görməməyə” çalışdı. Hətta “strateji müttəfiqlik”dən söz düşdükdə belə, bu düzəliş gözə dəymədi. Amma hər şeyin öz vaxtı var, deyiblər. Gün gələcəkmiş və Vaşinqtonun siyasi kursunda Ermənistanın tərcih edilməsi “söz konusuna” çevriləcəkmiş. Düzəliş nəyi düzəltdi, deyə bilmərik, amma hər halda, münasibətlərimizin müsbət inkişafına xidmət etməyəcəyi bəri başdan aydın idi.
Zəmanəmizin dəyişən üzləri...
Amma bütün bunlar artıq keçmiş zamanda baş vermiş hadisələr kimi səciyyələnə bilər. Müasir dövrümüzün gerçəklikləri başqa faktları ortaya qoymaqdadır. SSRİ dağıldıqdan bu yana Cənubi Qafqazda uğurla öz siyasətini gerçəkləşdirən və zaman keçdikcə, öz maraqlarını daha sərbəst, daha əminliklə ifadə edən ABŞ-ın regionumuzdakı nüfuzu son dövrlərdə ciddi təhdidlərlə üzləşmişdir. Ötən illər ərzində özünü bölgədə söz sahibi kimi görən və buna artıq alışmış olan Birləşmiş Ştatlar bu gün Azərbaycanı bir “strateji müttəfiqi" kimi itirməkdədir. İki ölkə arasında mövcud olan qarşılıqlı münasibətlər tarixində ilk dəfə olaraq rəsmi Bakı ABŞ-ın ünvanına açıq tənqidlər yağdırır, ən yüksək kürsülərdən bu ölkəyə qarşı etiraz səsləri ucaldılır. Artıq Birləşmiş Ştatların regionumuzda illərdən bəri həyata keçirdiyi siyasət də, Ermənistanı dəstəkləməsi də, Minsk qrupundakı fəaliyyətinin qeyri-qənaətbəxş olması da, bir sözlə, bu ölkənin strateji siyasi kursunun Azərbaycan mənafelərinə uyğun olmaması dövlət rəsmilərimiz tərəfindən dilə gətirilməkdədir. Və elə onların dililə desək, bütün bu amillər “dostluğumuzu” sual altına alır və “ABŞ-la münasibətlərimizə yenidən baxılmasının” mümkünlüyünü gündəmə gətirir.
Uzun müddətdir Vaşinqtonun Bakıya səfir göndərməməsi, bu müddət ərzində nəyin bahasına olursa olsun, Türkiyə ilə Ermənistanı barışdırmağa çalışması, üstəlik, son günlərdə ABŞ-da keçirilən Nüvə Təhlükəsizliyi Sammitinə Cənubi Qafqazın iki respublikası – Ermənistan və Gürcüstan prezidentlərini dəvət edib, Azərbaycanın dövlət başçısını bu möhtəşəm tədbirə dəvət etməməsi diplomatik münasibətlərimizdə ciddi təlatümlərin yaşanmasından xəbər verir. Son olay isə bu münasibətlərdə sanki bir təlatüm yaratdı və artıq rəsmi Bakını sükutu pozmağa vadar etdi. Bakı danışdı. Həm də çox sərt!..
Ərdoğandan dəstək
Türkiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğan “Kanal 24” televiziyasının “Açıq görüş” proqramında ABŞ-da keçirilən Nüvə Təhlükəsizliyi Sammitinə Azərbaycanın dəvət olunmamasına etiraz etdiyini vurğulayaraq deyib: “Mən onlara bunu da söylədim. Mən Amerikaya gəldim, Sərkisyanı da buraya çağırdınız. Bəs Azərbaycanı niyə çağırmadınız? Azərbaycanı da dəvət etsəydiniz, Minsk qrupu ilə altılı bir toplantı keçirə bilərdik. Belə olsaydı, həm Azərbaycan və Ermənistan rahat hərəkət edə bilərdi, həm də mən rahat olardım. Onlar bu işi təşkil edərkən atom elektrik stansiyaları olan və olmayan ölkələri ayırdıqlarını bildirdilər və Ermənistanı orada atom stansiyası olduğu üçün dəvət etdiklərini söylədilər. Ancaq, o Ermənistanın deyil, Rusiyanın atom stansiyasıdır. O zaman, Gürcüstanı nədən dəvət etdiniz? Orada atom stansiyası yoxdur. Dedilər bu məsələdə bir yanlış anlaşılma olmuşdur. Dəvəti çatdırmaqda bir sıxıntı yaşadıq. Xanım Hillari Klinton dedi ki, mən hörmətli İlham Əliyevə telefonla zəng etdim və bu vəziyyəti izah etdim”.
Amma, baş vermiş bu olayın, əslində, izaha ehtiyacı da yoxdur. Necə deyərlər, hər şey aydındır!..
Danışır Bakı!
Görünür, doğrudan da zəmanə dəyişib. Daha doğrusu, zəmanəmizin tələbləri. Son günlər ölkə mediasında artıq tez-tez belə başlıqlara rast gəlinir: “Prezident Administrasiyasının rəsmisi Ağ Evin siyasətini yenidən tənqid etdi”. Bu sırada Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun maraqlı bəyanatları ölkəmizin siyasi kursunda ciddi və nəzərəçarpacaq dəyişikliklərin baş verməsinin göstəricisi kimi də dəyərləndirilə bilər: “Bizə dost olmayan ölkəyə niyə dost münasibəti bəsləməliyik?”. Əlbəttə, ritorik sualın arxasında böyük mətləblər dayanır. Və ölkə rəsmisi tarixdə ilk dəfə olaraq ABŞ-ın ünvanına bunları söyləyir: “Biz birtərəfli qaydada Azərbaycana normal, dost, tərəfdaş münasibət bəsləməyən ölkəyə nə üçün dost, tərəfdaş münasibəti bəsləməliyik? Bu anlamda Azərbaycan hakimiyyəti və ictimaiyyəti adekvat addımlar atmaqdadır...”.
Şöbə müdiri olduqca maraqlı bir fikir də söyləmişdir: “Azərbaycan həmişə ABŞ-ın maraqlarını nəzərə alıb, istər enerji, istər geosiyasi məsələlərdə. Hər zaman milli maraqlardan çox ABŞ-ın maraqlarını diqqətə alıb, amma qarşılığını görməyib.”. Qəribədir, görəsən illərdən bəri niyə ölkəmiz ABŞ-ın maraqlarını öz milli maraqlarımızdan daha çox diqqətə alıb ki, günlərin bir günü də buna görə peşmançılıq keçirsin? Hər halda, olan olub, keçən keçib...
Cənab Əli Həsənov ABŞ-ın hətta artıq Minsk Qrupunda təmsil olunmasını belə mənasız sayır: “ABŞ-ın Minsk qrupunda təmsilçiliyinə qarşı artıq ictimai rəy formalaşır. Bu təmsilçilik Azərbaycana heç nə vermədi”.
Xatırladaq ki, 1994-cü ildə Azərbaycanla Ermənistan atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. Və bu səmərəsiz danışıqlardan yorulan Bakı artıq alternativ vasitələrə əl atmaq barədə planları götür-qoy edir. Məlum olduğu kimi, ABŞ-ın regiondakı proseslərdən kənarda saxlamağa çalışdığı İran dəfələrlə Azərbaycan-Ermənistan münaqişəsinin həllində vasitəçilik təklifini irəli sürmüşdür. Uzun zaman oyundankənar vəziyyətdə görünən İranın bu təşəbbüsünə bu günlərdə Bakıdan müsbət cavab gəlib: “Azərbaycan İran tərəfinin təşəbbüsünü alqışlayır”. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov deyib. XİN rəsmisinin sözlərinə görə, həm Azərbaycan, həm də Ermənistanın qonşusu olan İran, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə müsbət təsir göstərməsinə imkan verən mexanizmə malikdir. O, əlavə edib ki, “İran bu münaqişənin həlli ilə bağlı danışıqlar prosesində iştirak edən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkədir”.
Xatırladaq ki, Tehran Azərbaycan, Ermənistan və İran XİN rəhbərlərinin üçtərəfli görüşünün keçirilməsini təklif edir. Bunu İranın xarici işlər naziri Mənuçöhr Müttəki deyib: “İran Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində vasitəçilik təşəbbüsü ilə çıxış edib və bu məqsədlə Tehranda xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirilməsi niyyətindədir”. Nazirin sözlərinə görə, Azərbaycan artıq öz razılığını verib, Tehran indi Ermənistanın cavabını gözləyir. Beləliklə, ABŞ-dan inciklik bu sahədə də yeni üfüqlərə yol açıb. Bu isə rəsmi Bakının öz xarici siyasi kursunda müəyyən “redaktələr” etdiyindən xəbər verir. Bunu cənab Əli Həsənov da dolayısıyla təsdiqləyib. Dövlət rəsmisinin ən kəskin bəyanatı Azərbaycanın Birləşmiş Ştatlara münasibətdə siyasətinə yenidən baxmasıyla bağlı olmuşdur. Diplomatiya dilində bu, o deməkdir ki, ölkələrimiz arasındakı münasibətlər artıq köklü şəkildə dəyişir və ölkəmiz yeni siyasi kursa üz tutur: “Birləşmiş Ştatlar Azərbaycana münasibətdə öz strateji tərəfdaşı kimi münasibət həyata keçirmir, buna görə də biz ABŞ-a münasibətdəki siyasətimizə yenidən baxa bilərik...”. Qeyd edək ki, Əli Həsənovun “Reuters” agentliyinə söylədiyi bu fikirlər dünyanın aparıcı ölkələrində ciddi rezonans doğurmuşdur. Artıq bir çoxları Azərbaycan siyasətinin “yeni fazaya” qədəm qoyduğunu, Qərbdən üz döndərib, Rusiyaya meyllənməsindən xəbər verirlər. Son günlər ölkə mətbuatında da bu fikirlərə tez-tez rast gəlinir.
Azərbaycanla ABŞ-ın “arasının dəyməsinin” başqa bir təzahür formasının da şahidi olduq. Azərbaycan Respublikası Müdafiə Nazirliyi “ABŞ-Azərbaycan ikitərəfli hərbi əməkdaşlıq” sazişinə uyğun olaraq, Birləşmiş Ştatlarla cari ilin may ayına nəzərdə tutulmuş və əvvəlcədən razılaşdırılmış təlimin keçirilməsini bitərəfli qaydada təxirə saldı. Ekspertlər bu addımı ölkəmizin ABŞ-la hərbi əməkdaşlıqdan imtina etməsi kimi şərh etdilər.
Görünür, sözü gedən gərginlik yalnız siyasi müstəvidə qalmayıb, qarşılıqlı münasibətlərdəki bütün sahələrə sirayət etməkdədir.
Amerika da susmur…
Aprelin 16-da Vaşinqtonda “Çatlamış dayaq: Amerika-Azərbaycan münasibətlərində demokratiya” mövzusunda forum keçirilib. Tədbir Con Hopkins Universiteti və “Azad” diaspor təşkilatı tərəfindən təşkil edilib. Tədbirdə keçmiş rəsmilər, analitiklər, ekspertlər və jurnalistlər iştirak ediblər. Forum iştirakçıları ABŞ xarici siyasətinin prioritet istiqaməti kimi Azərbaycanda demokratiyanın dəstəklənməsi məsələsini müzakirə ediblər. Tədbirdə ABŞ dövlət katibinin keçmiş müavini Devid Kramer kəskin çıxış edib və bunları söyləyib: “Azərbaycanda demokratiya və söz azadlığı bundan sonra da təzyiq altında qalsa, vəziyyət nəzarətdən çıxa və xoşagəlməz istiqamətdə inkişaf edə bilər”.
Onun fikrincə, Azərbaycan hakimiyyəti beynəlxalq ictimaiyyətin azadlıq və demokratiya məsələləri ilə bağlı çağırışlarına məhəl qoymur. “Biz QHT-lər haqqında qanunun ləğvi, həbsdə saxlanılan jurnalistlərin azad edilməsi və bağlanmış radiostansiyaların yayımının bərpası məqsədilə İlham Əliyevə təzyiq göstərməkdə davam etməliyik. Mən hələ ötən il Buş administrasiyasında Dövlət Departamentinin nümayəndəsi qismində Bakıda olarkən bunu edirdim”, - deyə Devid Kramer bildirib. Onun sözlərinə görə, hər dəfə demokratiya haqqında məsələ qaldırılanda Azərbaycan hakimiyyəti Qarabağ mövzusundan istifadə edərək beynəlxalq ictimaiyyəti ikili standartlarda ittiham edirdi: “Bu, normal deyil!”.
Qeyd edək ki, Azərbaycanda demokratiyaya qarşı təzyiqlərin vəziyyətin nəzarətdən çıxmasına gətirib çıxaracağı barədə xəbərdarlıq edən Devid Kremer 2008-ci il prezident seçkilərindən dərhal sonra xarici radiostansiyaların FM tezliyində yayımının dayandırılması, insan haqları və söz azadlığıyla bağlı problemləri müzakirə etmək üçün Bakıya ezam olunmuş və həmin səfəri zamanı Vaşinqtonun xüsusi mesajını çatdırmışdı. Orada deyilirdi ki, əgər radiostansiyaların yayımına qoyulan qadağa götürülməsə, bu, Obama administrasiyası dövründə Azərbaycanla ABŞ arasında münasibətlərin pisləşməsinə gətirib çıxaracaq. Lakin hakimiyyət həmin mesaja əhəmiyyət vermədi və bu, iki ölkə arasındakı münasibətlərdə öz təsirini qoydu. Beləcə, Obama administrasiyası Azərbaycana və onun hakimiyyətinə ciddi təzyiqlər edir.
“Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatının Vaşinqtondakı nümayəndəsi Klotild De Kloz bildirib ki, 2007-ci ildən sonra Azərbaycan hakimiyyəti mətbuatın vəziyyəti ilə bağlı hər-hansı dialoqdan imtina edir. “Bizim nümayəndələrimiz gələndə rəsmilərdən heç kim onlarla görüşmək istəmir” deyən De Kloz xatırladıb ki, Azərbaycan mətbuat azadlığının vəziyyətinə görə dünyanın 155 ölkəsi arasında 148-ci yeri tutur.
Konfrans iştirakçıları Azərbaycan mətbuatına yardım göstərilməsi yolları haqqında məsələni müzakirə ediblər. De Kloz təklif edib ki, ABŞ öz radiostansiyalarının yayımının bərpası üzrə səylərlə kifayətlənməsin, yerli KİV-lərə və vətəndaş cəmiyyətinə yardımı da gücləndirsin.
“Azad” nümayəndələri də ABŞ-ı Azərbaycanda demokratiya məsələlərinə münasibətdə daha sərt mövqe tutmağa çağırıblar. Xüsusən Azərbaycan rəsmilərinə qarşı sanksiyalar çıxarmaq, onların ABŞ-dakı bank hesablarını dondurmaq və s. təklif olunub.
Analitiklər bu çağırıçları ABŞ institutlarının Azərbaycan hakimiyyətinə kifayət qədər ciddi təzyiqi kimi qiymətləndirirlər.
Türkiyə-Azərbaycan-İran alyansına doğru
Bu arada Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycana səfər etdi. O, ölkə prezidenti İlham Əliyevlə, həmçinin azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşlər keçirdi. Əhməd Davudoğlu ilə yanaşı, Türkiyə baş nazirinin xüsusi elçisi, Xarici İşlər Nazirliyinin aparat rəhbəri Firudin Sinirlioğlu da Azərbaycana gəldi. Görüşlərin mövzusu genişəhatəli oldu və demək olar ki, regiona aid bütün strateji məsələlər ciddiliklə müzakirə olundu. Bura həm ABŞ-la bağlı son olaylar, həm Ermənistan mövzusu, həm də Rusiya və İrana aid bir sıra məsələlər aiddir.
Türkiyə XİN başçısı Bakıya səfəri sona çatdırıb, İrana yollandı. Tehranda yüksək səviyyəli görüşlər keçirən Əhməd Davudoğlu İran rəhbərliyini bu ölkənin nüvə proqramıyla bağlı ABŞ-da aparılan danışıqlar haqda bilgiləndirib, Birləşmiş Ştatların mövqeyilə tanış etməklə bərabər, regionun hazırkı geostrateji və geopolitik şəraitinə uyğun yeni konsepsiyalar üzərində məsləhətləşmələr də apardı. Əvvəlki illərdən fərqli olaraq, bu konsepsiyaların prioritetlərini artıq Qərb dövlətlərinin, xüsusən də ABŞ-ın siyasi maraqları diktə etmir. Yaranmış vəziyyət region dövlətləri arasında daha sıx əməkdaşlıq üçün geniş imkanlar ərsəyə gətirib. Davudoğlu Azərbaycan və İranı bu imkanlardan maksimum dərəcədə faydalanmağa çağırır. ABŞ-Türkiyə və ABŞ-Azərbaycan arasında yaşanan son gərginliklər bölgədə yeni alyansın formalaşmasına stimul yaradır. Bu alyans müştərək tarixi-mədəni ənənələrə malik olan Türkiyə, Azərbaycan və İranı bir araya gətirir. Bu üç müsəlman dövləti arasında sıx əməkdaşlıq atmosferinin yaranması isə regionun geopolitik mənzərəsini dəyişir və bir növ, kənar qüvvələrin bölgədəki təsir gücünü zərərsizləşdirir. Beləliklə, regionumuzda Birləşmiş Ştatlar başda olmaqla, Qərb dövlətlərinin maraqlarına uyğun olmayan yeni bir alyansın yaranması gümdəmə gəlir.
Maraqlar aşırımı
Aydın məsələdir ki, hər bir dövlətin öz maraqları, öz çıxarları var. İllərdən bəri ABŞ-ın bölgəmizdə həyata keçirdiyi siyasət də onun öz maraqlarına əsaslanır. Heç bir dövlət öz milli maraqlarından çox başqa dövlətin maraqlarını diqqətə almamalıdır. ABŞ-ın öz, bizim də öz maraqlarımız var. Bu maraqlar bir-birilə toqquşduqda, hər tərəf problemin öz xeyirinə həll olunmasına çalışır. Bununla belə, tərəflər çözüm yolu arayır. Problemin dərinləşməsi, dalana girməsi heç bir dövlət üçün arzuolunan deyil. Özü də fərq etməz, bu dövlət güclü olsun, yoxsa zəif.
ABŞ dünyada kifayət qədər çəkisi olan bir dövlətdir. Mövcud problemlərin həllində onun varlığını nəzərə almamaq mümkünsüzdür. ABŞ-la əməkdaşlığın davam etməsi bir reallıqdır. Amma bu, heç də o demək deyil ki, reseptlər onun “mətbəxində” hazırlansın və proseslərin gedişatı onun diktəsilə irəliləsin. Münasibətlərin normallaşması üçün ABŞ da bizim maraqlarımızı nəzərə almalı, ölkəmizə müstəmləkə kimi deyil, bir tərəfdaş kimi yanaşmalıdır. Yoxsa ki, sən “907-ci düzəlişi” qüvvədə saxla, hər il qondarma “DQR”-ə maliyyə yardımı ayır, həftə səkkiz mən doqquz “erməni soyqırımı” ilə spekulyasiya et, ərazilərimizin Ermənistan tərəfindən işğalı faktını tanıma, ermənilərin nazıyla oyna, mən də səni boynuma alıb, gəzdirim. Axı bu, hansı məntiqə sığır?..
Bir sıra KİV-lər ABŞ-la münasibətlərimizdəki gərginliyin heç də erməni məsələsindən qaynaqlanmadığını, Azərbaycan iqtidarının Obama administrasiyasıyla aralarında olan soyuq münasibətlərdən, parlament seçkiləri ilində ABŞ-dan əsən yellərin qarşısının alınması niyyətindən, ölkədə demokratiya, insan haqları və söz azadlığının arzuolunmaz durumundan, həmçinin hökumətin Qərbdən üz döndərib, Rusiyaya meyllənməsindən irəli gəldiyini yazırlar. Bu hadisələrin bilavasitə Moskva faktoruyla bağlı olduğunu söyləyirlər. Amma, əslində, səbəb nə olursa, olsun, illərdən bəri Bakı ilə Vaşintqton arasında yığılıb qalmış ciddi problemlər inkar edilməməlidir. İndiyədək dilə gətirilməyibsə belə, problemlər var! “Bütün bunlar bəhanədir” deyilən məqamların hər biri Azərbaycanımızın milli maraqları baxımından olduqca əhəmiyyətlidir. Ölkələrimiz arasında səmimi münasibətlərin bərqərar olması üçün bu problemlərin tez bir zamanda həll edilməsi labüddür.
Axırı necə olacaq?..
Azərbaycanla ABŞ arasındakı münasibətlərdə baş vermiş təlatümün episentri hələ ki, Bakıdır. Burada baş verən yeni-yeni olaylar həm rəsmi Bakını, həm Vaşinqtonu, həm də Moskvanı əndişələndirir. Ankara, Tehran, İrəvan və Tiflisin də gözü bizdədir. Təkanlar hələ səngiməyib. Zəlzələ davam edir. Bəs görəsən bunun axırı necə olacaq? Bu zəlzələdən kimlər hansı itki ilə çıxacaq?..
Hadisələrin gedişatı hələ sürət almaqdadır. Odur ki, son söz deməyə tələsməyək. Hər halda, arzu edək ki, bu olaylardan dövlətimizin milli maraqlarına xələl dəyməsin. Və bu ümidlə, hadisələrin davamını izləyək...
 
Elşən Mustafaoğlu,
“Yeni Şərq” Araşdırmalar Mərkəz
  • Yazılıb
  • da (də) 2010 Apr 21