Tarix : 2010 Apr 22
Kod 17000

Əli Həsənov: “ABŞ-la münasibətlərimizi korlamaq istəmirik”

ezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov aprelin 21-i jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsində tərəf...
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov aprelin 21-i jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsində tərəf saxlamadığı haqda son bəyanatına münasibət bildirib. O, qeyd edib ki, son vaxtlar Vaşinqtonun Azərbaycanla bağlı siyasətinə Bakıdan səslənən etirazlar fonunda Dövlət Departamentinin bəyanatını normal qəbul etmək mümkündür: “Hesab edirik ki, ictimai narazılıqlar da ABŞ-ın dövlət siyasətini planlaşdıran mərkəzlərə müəyyən təsir göstərdi. Biz Vaşinqtonun Dağlıq Qarabağ məsələsinə münasibətdə sona qədər obyektiv olacağına ümid edirik. ABŞ-la münasibətləri korlamaq, onunla tərəfdaşlığımıza xələl gətirmək istəmirik. Amma təəssüflər olsun ki, bəzən şərait bizi buna məcbur edir. Ümid edirik ki, ABŞ əvvəllər olduğu kimi yenə Azərbaycanla bağlı sağlam tərəfdaşlıq mövqelərini qoruyub saxlayacaq. Biz də buna cavab olaraq ABŞ-ın maraqları ilə bağlı bütün öhdəliklərimizi yerinə yetirəcəyik”.
ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı verilən son bəyanatda deyilir ki, Vaşinqton Dağlıq Qarabağ münaqişəsində tərəf saxlamır, nizamlanmada vasitəçilik edən ATƏT-in Minsk qrupunun səylərini ən yüksək səviyyədə dəstəkləyir.
Bununla belə, rəsmi Bakı son günlər ABŞ-ın regiondakı siyasətini kəskin şəkildə tənqid etmiş və onu işğalçı Ermənistanı dəstəkləməkdə günahlandırmışdır. Bu tənqidlər fonunda ABŞ-Azərbaycan münasibətində sərinlik yaranmışdır.
 
“Aran ” İA
 
  • Yazılıb
  • da (də) 2010 Apr 22