Tarix : 2010 Apr 22
Kod 17001

Azərbaycan hakimiyyəti “Coca-Cola”-nı cəzalandırdı

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ...
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə,Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən şəkərli sərinləşdirici içkilər bazarında böyük paya malik olan “Azerbaijan Coca-Cola Bottlers”, “Mars Overseas Baku” və “TAC” şirkətləri barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Dövlət Xidməti tərəfindən 2009-cu ildə istehlak bazarında aparılan monitorinqlər zamanı 0,5 litrlik qablarda satılan şəkərli sərinləşdirici içkilərin qiymətlərinin artdığı müəyyən edilib.
Nəticədə, aprelin 12-də “Azerbaijan Coca-Cola Bottlers” MMC haqqında qaldırılmış işə baxılması yekunlaşıb. İşə baxılması nəticəsində “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin bazarda hökmran mövqedən sui-istifadə edərək əlavə mənfəət əldə etmək məqsədilə, kifayət qədər iqtisadi əsas olmadan 0,5 litrlik qablarda satılan “Coca-Cola”, “Fanta”, “Sprite” adlı və s. şəkərli sərinləşdirici içkilərin satış qiymətini 31,9% artırdığı, nəticədə həmin məhsulların pərakəndə satış qiymətinin 30 qəpikdən 40 qəpiyə qədər artdığı müəyyən edilib. Bu hallara yol verməklə “Azerbaijan Coca-Cola Bottlers” MMC “Antiinhisar fəaliyyəti haqqında” qanunun 8-ci maddəsinin 4-cü bəndinin və 16.1-ci maddəsinin tələblərini pozub.
Bununla əlaqədar qanun pozuntusuna yol verilməklə əldə edilmiş 755 659 manat (təxminən 940 min ABŞ dolları) məbləğində üstəlik inhisar mənfəətinin dövlət büdcəsinə ödənilməsi, 0,5 litrlik qablarda satılan “Coca-Cola”, “Fanta”, “Sprite” adlı və s. şəkərli sərinləşdirici içkilərin pərakəndə satış qiymətinin 40 qəpikdən 35 qəpiyə endirilməsi üçün zəruri tədbirlərin görülməsi barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən şirkətə göstəriş verilib.
Müşahidəçilər Azərbaycan rəsmilərinin bu addımı ABŞ-Azərbaycan münasibətlərində yaranmış gərginlik fonunda baş verməsinə diqqət çəkmişlər. Bu addımın ABŞ maraqlarına qarşı gerçəkləşən bir tədbir kimi də qiymətləndirilir.
 
“Aran ” İA
  • Yazılıb
  • da (də) 2010 Apr 22