Azərbaycan Servisi/Aran Agentliyi
Yayılan xəbərlərə görə 21 aprel Yeni Günəşli “Fatimeyi Zəhra” (s.ə.) məscidinin və 22 aprel Peyğəmbərin vəfatı günü ziyarət yürüşündə həbs olunan dindarların məhkəməsi günlərindən öncə 20 apreldə Bakının Yasamal rayonu, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Binəqədi rayonu, Sumqayıt şəhərində qeydiyyatda olan dindarlar rayon və ya şəhər polis idarələrinə dəvət olunub bəzisi bir neçə saat, bəzisi isə bir sutkaya yaxın saxlanılıblar. Polisə çağırılanlar arasında Yeni Günəşli “Fatimeyi Zəhra” (s.ə.) məscidi dini icmasının sədri Seyyid Tofiq Rəzizadə və İslam partiyasının sədri Hacı Mövsüm Səmədov də olub. 20 apreldə 20-yə yaxın dindar, 21 apreldə isə məhkəməyə gələn dindarlardan 40 nəfərə yaxını polis tərəfindən saxlanılıb, sonradan azad ediliblər. “Dəyərlər” və “İslam-Azəri” saytlarının müxbirləri də saxlanılanlar sırasında olublar. Saxlanılanlar günün ikinci yarısında hamısı sərbəst buraxılıblar. Yeni Günəşli “Fatimeyi Zəhra” (s.ə.) məscidinin məhkəməsi yenə də 28 aprelə qədər təxirə salınıb. 22 apreldə Peyğəmbərin vəfatı günü ziyarət yürüşündə həbs olunan dindarların məhkəməsidir. Bu saxlanılmalar məhkəmə öncəsi dindarlara təzyiq idimi?! Bəlkə də bu iqtidar tərəfindən dindarlara ciddi bir xəbərdarlıq idi?! Bəlkə də doğurdan da kimlərsə təxribat etmək istəyirdilər, hüquq mühafizə orqanları bundan xəbərdar olublar və araşdırma aparıblar?! Hər halda saxlanılanların dediyinə görə onlar özləri də saxlanılma səbəblərini dəqiq bilmirlər, polis də onlara dəqiq açıqlama verməyib.