Tarix : 2010 Apr 25
Kod 17041

BAKIDA MÜDHİŞ BİZNES FIRILDAĞI

Adının mənası “Yeni həyat” demək olan “New life” şirkəti qaragünlü insanları xaricdə ağ günə çıxarmağı vəd edirmiş; aldanmış insanlar dünən toplaşıb qəzəb püskürdü
Azərbaycan Servisi/Aran Agentliyi
Bakıda fəaliyyət göstərən “New life” adlı turizm firması minlərlə insanı aldadıb. Şirkət tərəfindən aldadılmış insanlar dünən səhər firmanın Montin qəsəbəsi, Arif Heydərov küçəsi, 26 ünvanında yerləşən ofisinin qarşısına toplaşmışdılar. Çıxılmaz vəziyyətdə qalan insanlar qəzetimizə açıqlamalarında bildirdilər ki, firma xaricdə işə düzəltmək adı ilə 1000-dən artıq insanın pulunu alıb, onların işlərinin aprelin 23-də düzələcəyini vəd ediblər. Amma...
Dünən “New life”nin ofisi qarşısına yığışan 500-dən artıq insan firmanın qapısının bağlı olduğunu görəndən sonra firma rəhbərlərinə zəng vurublar. Ancaq onların hamısının telefonları söndürülübmüş. “Səyyah”lar aldadıldıqlarını yalnız bundan sonra başa düşüblər. Onlar “Yeni Müsavat”a açıqlamalarında bildirdilər ki, firma rəhbərliyinin aldatdığı insanların arasında paytaxtdan və rayonlardan olanlar, hətta qonşu Gürcüstan və Dağıstandan gələn insanlar da var. Onlar “New life”nin xətti ilə Rusiya, Bolqarıstan, Ukrayna, Norveç və digər Avropa ölkələrində gəlirli iş tapmağa ümid edirmişlər.
 
Aldadılan insanlar bu müdhiş biznes fırıldağının necə həyata keçirilməsinin təfərrüatlarından da söz açdılar. Sən demə, firma rəhbərliyi zərərçəkənləri şübhələndirməmək üçün onlardan pulu az-az, hissə-hissə alırmış. Müqavilə bəhanəsi ilə zərərçəkənlərdən əvvəlcə 17 manat alınıb. Sonradan onları ayrı-ayrılıqda ofisə dəvət edərək müəyyən xərclər üçün pul almağa başlayıblar. Elə adam var ki, 200, eləsi var 500 manat verib. Hətta bu günə qədər 1000-2000 manat məbləğində pulu alınanlar da var.
“Türkiyə şirkəti olan "New life"ın rəhbəri Cuma Kara ilə altı ay bundan qabaq tanış oldum. O, mənə dedi ki, biz xarici ölkələrə işçi qüvvəsi göndəririk. Şəbəkə qurublar, ancaq yetərincə işçisi yoxdur. Mən özüm rayonumuz Zaqatalada heyvandarlıqla məşğulam. Bu dələduzlar mənə dedilər ki, 2 min gətir, səni Almaniyada fermer işinə düzəldək, ayda 1500 avro alacaqsan. Sevindiyimdən elə həmin gün rayona qayıtdım. Köhnə bir “Jiquli”m var idi. Onu dərhal 2 min manata satdım, pulu gətirib verdim bunlara. Mənimlə müqavilə bağladılar. Həmin sənəddə Almaniyada fermer kimi işləyəcəyim, əmək haqqım və digər şeylər yazılmışdı. Müqaviləyə görə, aprelin 23-də Almaniyaya yola düşəcəkdim. Bu gün (dünən-red.) hazırlığımı görüb firmanın ofisinə gəldim. Elə bil başıma qaynar su tökdülər. Az qaldı ürəyim dayansın. Ofis bağlı idi, firmanın rəhbəri və işçiləri isə telefonlarını söndürmüşdülər. Ətrafdakı obyekt sahibləri mənə dedilər ki, ofisin qapısı çoxdan bağlıdır. Onlar buradan köçüb gediblər. Başa düşdüm ki, pulumu alıb “atıblar” mənə".
Bunları bizə Zaqataladan olan zərərçəkən Xudayar Mustafayev dedi.
Samir (soyadını demək istəmədi-müəl.) adlı zərərçəkən isə hüquq-mühafizə orqanlarının bu məsləyə biganə yanaşdıqlarını qeyd etdi: “Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğa məlumat vermişik. Onlar məsələyə biganə yanaşır və heç bir tədbir görmürlər”.
 
Çantalarını bir küncə qoyaraq gözləri dolan və çarəsiz baxışları ilə olub-bitənləri seyr edən zərərçəkənlərdən birinə yaxınlaşıb onunla söhbət edirik. Gürcüstan vətəndaşı olan Mayıs İmranov qəhərləndiyindən bizimlə zorla danışır. O deyir ki, evə - Marneuliyə qayıtmağa üzü yoxdur: “Dost-tanışla vidalaşıb çıxdım ki, Norveçə gedirəm. Ağlıma belə gəlməzdi ki, belə bir şey olacaq. Mənim kimi bir xeyli insan var. Onlara da deyiblər ki, Norveçdə sizi yaxşı iş və maaş gözləyir. Evə hansı üzlə qayıdım - bilmirəm. Qohum-qardaşdan 2 min manat pul yığıb verdim bunlara. Axırda da belə oldu”.
Bəs dövlət qurumları, xüsusilə də paytaxtın hətta ən ucqar, ldən-ayaqdan uzaq nöqtəsində baş verənlərdən dərhal xəbər tutmağı bacaran, kimin harada nə işlə məşğul olduğunu yaxşı bilən hüquq-mühafizə orqanları hamının gözü qabağında yaşanan bu boyda fırıldaqla bağlı nə deyir? Bu sualı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidova ünvanladıq. Onun cavabı zahirən ümidverici oldu: “Sözügedən firmanın vətəndaşları aldatdığı barədə Daxili İşlər Nazirliyinə də məlumat daxil olub. Bu məsələ ilə nazirliyin müvafiq idarəsi məşğul olacaq. Artıq müvafiq araşdırmalara başlanıb”.
Bizə gözləmək qalır. Elə indiyə qədərki saysız-hesabsız “biznesmen”-fırıldaqçıların, çeşid-çeşid dələduzların tələsinə asanlıqla düşən, əli-ağzı, malı-pulu “vahidbanklar”da yanan, ona-buna muncuq düzən, xoşbəxtliyini almana-ingilisə dana otarmaqda tapacağı ümidi ilə aldana-aldana gedən zavallı, işsiz-gücsüz Azərbaycan insanına da...
  • Yazılıb
  • da (də) 2010 Apr 25