Tarix : 2010 Apr 26
Kod 17068

ERMƏNİSTAN PREZİDENTİ RƏSMİ BAKININ HƏDƏLƏRİNƏ İNANMIR

Qaniçən Sarkisyan erməni təcavüzkarlığına və işğalına bəraət qazandırır və müharibədən danışır
Ermənistan Servisi/Aran Agentliyi
Ermənistan prezidenti Qarabağ nizamlanması üzrə danışıqlar prosesinin hazırki mərhələsini sülh prosesinin işgüzar mərhələlərindən biri kimi qiymətləndirir. Bu barədə Sarkisyan RİA Novosti-yə müsahibəsində bildirib. Yerevan Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə Bakı ilə dialoqu konstruktiv şəraitdə davam etdirmək niyyətindədir. “Biz həmçinin Bakı və Stepanakert arasında birbaşa dialoq qurulmasına yardım etməyə hazırıq, belə ki, nizamlanmanın açarı ilk növbədə Dağlıq Qarabağdadır”, deyə Sarkisyan qeyd edib. Dağlıq Qarabağ xalqının öz müqəddəratını həll etmək məsələsi münaqişənin ilk səbəbi və əsas problemdir. “Axı Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanısa, məsələ bir neçə saata həll edilə bilər. Biz Dağlıq Qarabağın Bakının əsirinə çevrilməsinə yol verməyəcəyik. 20 il əvvəl bunun nə ilə nəticələndiyini, Azərbaycanın tərkibindəki digər muxtariyyətdə - Naxçıvanda erməni əhalisinin başına gələnləri yaxşı xatırlayırıq”, deyə Sarkisyan bildirib. Müharibənin bərpası ehtimalı nə dərəcədə böyükdür? Bu suala cavabda Ermənistan prezidenti qeyd edib ki, hərbi əməliyyatların bərpa edilməsi təhlükəsi var və sülh müqaviləsi imzalanana qədər mövcud olacaq. “Sadəcə olaraq, Azərbaycanda bəzi insanlar lovğalıq edirlər ki, bu da ermənifobiya və hərbi demaqoqluqda özünü göstərir”, deyə Sarkisyan bildirib. Müharibə Azərbaycan üçün fəlakətlə başa çatacaq macəradır. “Hadisələrin belə inkişafı regionda stabilliyi uzun müddətlik poza, yeni gərginlik ocağı yarada bilər, amma DQ problemini heç cürə həll etməyəcək”, deyə prezident qeyd edib. O, həmçinin bildirib ki, yaxın vaxtlarda müharibə təhlükəsi görmür, amma dəfələrlə deyib ki, Ermənistan Silahlı Qüvvələri həmişə hesab etməlidirlər ki, hərbi əməliyyatlar məhz sabah başlaya bilər. Ermənistanın müdafiə naziri Seyran Oqanyan da hesab edir ki, Bakının hədələri təhlükəli deyil. “Bizim böyük üstünlüyümüz var - biz vətənimizi müdafiə edirik”, deyə Oqanyan Ermənistan İctimai Televiziyasına müsahibəsində Bakının hədələrini şərh edərkən bildirib. Bu arada, Azərbaycandan Ermənistana gəlmiş NATO ölkələri Parlament Assambleyasının nümayəndə heyətinin üzvləri də Ermənistana müharibə mümkünlüyü barədə xəbərdarlıq ediblər. Azərbaycan rəsmiləri xəbərdarlıq ediblər ki, problemin sülh yolu ilə həlli vasitələri tamamilə tükənərsə, Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsini həll etməyin alternativi hərbi gücdən istifadə etməkdir.
 
 
 
 
  • Yazılıb
  • da (də) 2010 Apr 26