Tarix : 2010 Apr 28
Kod 17093

BİZ AZƏRBAYCANI QARABAĞA QARŞI ZƏİFLƏDİRİK

ABŞ professoru Stiven Blank: "Biz Bakıya səfir göndərmirik, demokratiya problemlərinə görə tənqid edirik, nüvə təhlükəsizliyi sammitinə dəvət etmirik"
Azərbaycan Servisi/Aran Agentliyi

Son həftələr ərzində ABŞ-la Azərbaycanın münasibətləri maksimum aşağı həddə qədər düşüb. Vaşinqton bir neçə ay ərzində Bakıya bəzən dolayı, bəzən isə açıq siqnallar verəndən sonra Azərbaycan mətbuatında anti-Amerika dalğası baş qaldırdı. Belə siqnallardan biri Obama adminstrasiyasının Vaşinqtonda keçirilən nüvə təhlükəsizliyi sammitinə Ermənistan və Gürcüstanı dəvət etdiyi halda Azərbaycanı dəvət etməməsi oldu. Bu sətirlər İsveçrənin «İSN Security Watch» şəbəkəsində dərc edilmiş «Azərbaycanın uzaqlaşdırılması» başlıqlı məqalədə yer alıb.
Məqalənin müəllifi Karl Rahder daha sonra yazır: «Bakıda da hamının sezdiyi kimi, ABŞ-ın əvvəlki səfiri Enn Dersinin yerinə yeni səfir göndərilməyib, baxmayaraq ki, o, Azərbaycanı ötən yay tərk edib. Halbuki Dersi 2006-cı ilin aprelində əvvəlki səfir Rino Harniş Bakını tərk edən kimi təyin edilərək Azərbaycana göndərilmişdi.
Bütün bu siqnallara cavab olaraq Azərbaycan mətbuatı anti-Amerika ruhunda daha çox müsahibələr və məqalələr dərc etməkdədir. Azərbaycanın hakim elitasının aparıcı fiqurları da ABŞ əleyhinə kifayət qədər sərt ifadələrlə danışmağa başlayıblar. Onlar ABŞ-ın Ermənistanın tərəfini saxlamasından gileylənirlər. Ötən həftə prezident İlham Əliyevin müşaviri Əli Həsənov «Reuters» agentliyinə bildirib ki, onlar Vaşinqtonla münasibətlərini yenidən gözdən keçirə bilərlər. Prezident adminstrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da «Azad Avropa» radiosu üçün yazdığı publisistik məqalədə «ABŞ siyasəti getdikcə daha çox ermənipərəst olmaqda və Azərbaycanı istisna etməkdədir»,- deyə bildirib. Əgər Bakının mesajı kiməsə sonadək aydın olmadısa, onda xatırladaq ki, aprelin 19-da Azərbaycanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində İranın vasitəçiliyini alqışladığını bəyan edib. Halbuki vasitəçilik missiyasını ATƏT-in Fransa, Rusiya və ABŞ-dan ibarət Minsk qrupu həyata keçirir. Üstəlik, Azərbaycan əvvəlcədən razılaşdırılmış ABŞ hərbi təlimlərində iştirakdan da imtina edib.
ABŞ Hərbi Kollecinin Strateji Araşdırmalar İnstitutunun professoru Stiven Blank hesab edir ki, hazırkı vəziyyət ruslara sərf edir: «Biz Azərbaycanı Qarabağa qarşı zəiflədirik: biz oraya əvvəlki səfirin yerinə səfir göndərmirik, demokratiya sahəsində problemlərə görə onları tənqid edirik, nüvə təhlükəsizliyi sammitinə dəvət etmirik. Bu baxımdan Azərbaycan mətbuatında anti-Amerika kampaniyasının başlaması və onların birgə hərbi təlimlərdə iştirakdan imtina etməsi təbiidir. Bütün bunlardan qazanan isə ruslardır, çünki Azərbaycan onlara qaz verəcək və bu baş verən anda «Nabucco» layihəsi batacaq. Bunun heç bir mənası yoxdur».
Bütün baş verənlərin fonunda yəqin ki, Dağlıq Qarabağla bağlı barışıq prosesi təkcə Azərbaycanın səylərinin deyil, həm də hər iki tərəf arasında uzun tarixə malik olan etimadsızlığın qurbanı olaraq məhvə uğrayıb».

  • Yazılıb
  • da (də) 2010 Apr 28