Akif Nağı: "Hansısa nazir öz kreslosunu qorumaq üçün ermənini Bakıya dəvət etsəydi başa düşmək olardı, amma Şeyxi anlamaq olmur"
Azərbaycan Servisi/Aran Agentliyi
“Ermənilərin katalikosu II Qareginin Bakıya gəlişi ilə bağlı QAT-ın qadın üzvləri etiraz aksiyası keçirtdi. Onlar polis tərəfəindən saxlanıldılar və ərazidən uzaqlaşdırılaraq, sərbəst buraxılıblar. Məsələ bundan ibarətdir ki, ermənilər bütün cəbhə boyu Azərbaycana hücuma keçiblər. Bildiyimiz kimi erməni idmançılar da Bakıda keçirilən boks üzrə dünya çempionatında iştirak edirlər” – bu sözləri Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı FaktXeber.com-a ermənilərin Bakıya gəlişini şərh eədrkən bildirdi: “QAT-ın digər üzvləri isə artıq üç gündür ki, idman yarışlarında ermənilərin iştirakı ilə bağlı etiraz aksiyaları keçirdirlər. Xətai rayonu ərazisində Xalqlar Dostluğu metrosunun yaxınlığında “Sərhədçi” idman kompleksi var. Bu dəfə fərqli forma seçərək, üzvlərimiz müxtəlif adlar ilə, jurnalist, texniki işçi, tamaşaçı və sair kimi zala daxil olub, şəraitə uyğun olaraq etiraz edirlər. Çünki, açıq aksiyaya hakimiyyət əhəmiyyət vermir. Əsas tələbimiz ondan ibarətdir ki, yarış dayandırılsın və ermənilər Bakıdan çıxarılsın. Bu vaxt ərzində üç dəfə yarış dayandırılıb. Hətta bu günlər ərzində məni bir neçə dəfə polis bölmələrinə aparıblar ki, aksiya keçirdənlərə dayanmaq haqqında göstəriş verim. Mən də bunu etmədim. Beləliklə üzvlərimizdən 1 nəfər xəsarət alaraq, xəstəxanaya düşdü, 6 nəfər isə həbs olundu. Bunlardan 1 nəfəri, İlqar Əliyev dünən məhkəmə qərarı ilə on sutka həbs olundu. Hal-hazırda Binəqədi təcridxanasında cəzaçəkmə müəssisəsində saxlanılır”.
Bizi daha çox narahat edən odur ki, QHT və partiyalar bizi dəstəkləmirlər. QAT neçə illərdi ki, bu istiqamətdə fəaliyyət göstərir. İnsanlar da fiziki cəhətdən yorulurlar, mənəvi təzyiqlərə məruz qalırlar. Amma cəmiyyətdən dəstək görmürük - A.Nağı vurğuladı: “Bildiyiniz kimi, dünən AXCP “Azadlıq” blokunun adından aksiya keçirdirdi. 20-30 nəfərlik aksiyanı bu gün qəzetlərdə yazırlar ki, hakimiyyəti silkələdik. Çox gülünc yanaşmadır. 20 nəfərlik piketlə hakimiyyəti silkələdiniz? Niyə özünüzü gülünc vəziyyətə qoyursunuz? Nəyə görə bu partiyalar ermənilərin gəlişinə etiraz etmirlər? Mənim üçün çox maraqlıdır. Əksinə bizə qarşı hücuma keçirlər. Əksəriyyəti kosmopolik mövqedədirlər və nə etdiklərini başa düşmürlər. Hesab edirəm ki, cəmiyyətin bu məsələlərə reaksiya verməməsi qorxaqlıqdan irəli gəlir. Tutulmaqdan, döyülməkdən qorxurlar. Hansı istiqamətdə yaranmasından asılı olmayaraq, Azərbaycanın maraqlarını təmin etməkdə qorxan təşkilatın heç bir əhəmiyyəti yoxdur. Onların olmasından, olmamaları yaxşıdır”.
A.Nağı hesab edir ki, hakimiyyətin bu addımı çox ziddiyyətlidir. Hakimiyyət müharibə çağırışları edir, Müdafiə Nazirliyində müşavirə keçirdir və digər tərəfdən də ermənilərin katalikosu II Qaregini Bakıya dəvət edir: “Başa düşürəm ki, din adamları sülhə çağırmalıdırlar, amma erməni kilsəsinin sülhlə heç bir əlaqəsi yoxdur. Fəaliyyətə başlayan gündən qonşu ölkələrə qarşı ərazi iddialarını ortaya qoyublar və həmişə terrorçuları dəstəkləyiblər. Dünyaya erməni kilsəsinin rəhbərlərinin mənfur simasını göstərməliyik. Məlum Qarabağ məsələsi təzə-təzə başlayanda, 1989-cu ildə erməni katalikosu II Vazgen demişdi ki, biz Qarabağı işğal etmək üçün hətta Azərbaycanda yaşayan erməniləri girov qoymağa hazırıq”.
Müsahibimiz bildirdi ki, dini liderləri Bakıya yığmaqla Azərbaycanın imicini qaldırmaq istəyirlər: “Amma erməni katalikosunu dəvət etməklə, böyük dövlətlərin qarşısında mütilik edirlər. Erməni katalikosunu dəvət etmək Azərbaycan hakimiyyətinin və şeyxul-islamın müstəqil fikri deyil. Eyni zamanda şeyxin mövqeyi ilə əlaqədar böyük təəssüf hissi keçirdirəm. Hansısa naziri başa düşürəm ki, öz kreslosunu qorumaq üçün ermənini dəvət edir. Şeyx niyə belə addım atır? Şeyx deyəsən Allah qarşısında olan borcunu unudub”.
Minsk qrupunun fəaliyyətinə də toxunan A.Nağı əlavə etdi: “Düz 15 ildir ki, müxtəlif tədbirlərdə, teledebatlarda ölkənin ən aparıcı politoloqlarının qarşısında deyirik ki, ATƏT-ın Minsk qrupu buraxılmalıdır. Hər dəfə də həmin politoloqlar cavab verirlər ki, bu mümkün deyil, təşkilat yaradılıb və sair. Ona görə buraxılmalıdır ki, yarandığı gündən baş vermiş hadisəyə yanaşması yanlışdır. Onlar ilk gündən Ermənistanı işğalçı kimi tanısaydılar, nəticəyə ümid etmək olardı. Çox sevinirəm ki, Vəfa Quluzadə və digər hakimiyyətə yaxın olan politoloqlar artıq Minsk qrupunun buraxılması fikirinə gəlirlər. Düşünürəm ki, qrupun buraxılması və tərkibin dəyişilməsi heç nəyi dəyişməyəcək. Yeganə yol yanaşmanın dəyişməsi ola bilər. Hansısa yeni format yaranarsa, ilk olaraq Ermənistanı işğalçı kimi tanımalıdır”.
Bu tərkibə Türkiyənin daxil olması təklifini Rusiya verməklə yeni oyuna başlayır. Bununla heç bir mahiyyət dəyişmir. Sadəcə, Rusiya vaxt qazanır. Əslində Rusiya Türkiyənin vasitəçiliyini istəmir. Bir tərəfdən təklif etsə də digər tərəfdən Ermənistanın dili ilə deyəcək ki, razılaşmırıq. Digər tərəfdən də yanaşma dəyişmirsə, Türkiyənin vasitəçiliyi də effekt verməyəcək – A.Nağı dedi.