Azərbaycan Servisi/Aran Agentliyi
Aprelin 27-si Lent.az saytında Sədrəddin Soltan adlı müəllifin “Xamnei ləhcəni dildən ayıra bilmir?” başlıqlı məqaləsi işıq üzü gördü. Bu yazıda müəllif dini rəhbər Ayətullah Seyid Əli Xameneinin bu günlərdə etdiyi çıxışdan sitat gətirərək, guya onun ləhcəni dildən ayıra bilmədiyini iddia edir. Yazıda bunlar qeyd olunur: “Lent.az-ın İran mətbuatına istinadən verdiyi məlumata görə, Tehran hakimiyyətinin başçısı bir qrup tələbəni qəbul edərək, ölkədəki fars olmayan etnik qrupların dilinin yamsılanmasının “haram” olduğunu deyib: “Cəmiyyətdə yayılmış pis adətlərdən biri etnik qrupların ləhcəsini (?) yamsılamaqdır. Ləhcəsi yamsılanan bu insanlar son yüz ildə ölkədə baş vermiş mühüm olaylarda xarici düşmənin qarşısında dayanıblar. Düşmənə qarşı müqavimət göstərən bölgələrdən biri Gilan, o biri Xorasan və Azərbaycan əyalətləridir. Onların ləhcəsinin yamsılanması haramdır”.
Sonra Sədrəddin Soltan sualla çıxış edir: “İran İslam Respublikasının ali rəhbəri “ləhcə” dedikdə nəyi nəzərdə tutur?”. Və dərhal özü də cavab verir: “Əslində Ayətullah Xamneinin Azərbaycan türkcəsini “ləhcə” adlandırması fars şovinistlərinin “Azərbaycan türkcəsi fars dilinin bir ləhcəsidir” - tezisindən doğan düşüncədir. Görünür, İran İslam Respublikasının lideri 80 illik bu təbliğatdan qurtula bilməyib.”.
Beləliklə, İrana aid nə varsa, hamısını qaralamağa və Azərbaycanla İran arasında düşmənçilik toxumu səpməyə adət etmiş, bu işi özünə peşə seçib, KİV-lərdə anti-iran yazılar yazmaqla öz dolanışığını təmin edən Sədrəddin Soltan fərqinə varmayıb ki, Ayətullah Xamenei “ləhcə” dedikdə, dil deyil, sözün həqiqi mənasında elə ləhcəni nəzərdə tutub. Belə ki, onun sözü gedən çıxışı elə buna yönəlib ki, qeyri-farslar fars dilində danışında əsasən özünəməxsus bir ləhcə ilə danışırlar. Farsca danışdıqda Azərbaycan türklərinin bir cür, kürdlərin başqa cür, giləklərin tam fərqli və s. spesifik ləhcələri müşahidə olunur. Bu, təqribən, talış, yaxud ləzginin Azərbaycan türkcəsilə, yaxud gürcülərin rusca danışdıqda nəzərə çarpan spesifik ləhcəni xatırladır.
İran xalqı müxtəlif etnik qruplardan ibarətdir və onların hər biri farsca xüsusi bir ləhcə ilə danışır. Bu isə, digər ölkələrdə olduğu kimi, ləhcəsiz danışanlarda bəzən gülüş doğurur və hətta bəziləri onları yamsılayır da. Səhnə biz azərbaycanlılara da tanışdır. Televiziyadakı yumor səhnələrində tez-tez Azərbaycanda yaşayan müxtəlif etnik qrupların Azərbaycan dilində danışdıqları spesifik ləhcələrin şahidi oluruq. İranda bu yamsılamalar bəzən həmin qövmlərin etirazına səbəb olur və bu da cəmiyyətdə müxtəlif problemlər yaradır.
Nəzərinizə çatdıraq ki, İranda farsca daha qabarıq ləhcə ilə danışanlardan biri də Azərbaycan türkləridir. Azərilər farsca danışdıqda xüsusilə “c”, “ç”, “k” və “g” hərflərini, bir sıra sözləri, ibarələri sırf türk dilinə uyğun ləhcə ilə ifadə edirlər. Başqa sözlə, fars dilində türk ləhcəsilə danışırlar. Yamsılamalar da elə bu hallarda baş verir və Ayətullah Xamenei də söhbətini bu mövzuda edib. Yoxsa ki, türkün türk, giləkin gilək dilində danışma tərzi kimdə təəccüb yarada bilər ki, yamsılansın da! Söhbət regionlarda və ayrı-ayrı qövmlər arasında danışılan fars dilindən gedir. Məhz bunu nəzərdə tutaraq Ayətullah Xamenei xüsusi vurğulayır: “Cəmiyyətdə yayılmış pis adətlərdən biri etnik qrupların ləhcəsini yamsılamaqdır. Ləhcəsi yamsılanan bu insanlar son yüz ildə ölkə baş vermiş mühüm olaylarda xarici düşmənin qarşısında dayanıblar. Düşmənə qarşı müqavimət göstərən bölgələrdən biri Gilan, o biri Xorasan və Azərbaycan əyalətləridir. Onların ləhcəsinin (məsxərə məqsədi ilə) yamsılanması haramdır”.
Bununla dini rəhbər bu etnosları aşağılamayıb, əksinə, təqdir edib, tərifləyib. Onların fars dilində hansı ləhcə ilə danışmasından, fars dilini necə bilməsindən asılı olmayaraq, hər zaman İran üçün qürur və iftixar olduqlarını, onların fars dilində özünəməxsus ləhcə ilə danışmasını msxərəyə qoyaraq yamsılamağın isə haram olduğunu qeyd edib.
Amma S.Soltan ya bilərəkdən, ya da anlamadan dini rəhbərin “ləhcə” ilə “dili” bir-birindən ayıra bilmədiyini və guya türk dilini aşağıladığını söyləyir. Dini rəhbərin türklərə (və digər qeyri-fars etnoslara) dəstəyini belə, qərəzlə qarşılayır. Görünür bu dəfə qurduğu tora da elə S.Soltanın özü düşüb. Belə ki, o, dini rəhbərin kifayət qədər şəffaf, aydın ifadələrində söylədini “ləhcə” ilə “dil” sözünü səhv salıb və özünü dolaşdırıb. Ümid edək ki, yazar bundan sonra bir daha tora düşməyəcək.
P.S. Xatırladaq ki, dini rəhbər Ayətullah Xameneinin özü də Azərbaycan türküdür və elə onun öz qohum-əqrabası, el-obası da fars dilində danışanda özünəməxsus türk ləhcəsilə danışırlar.
Və onu da vurğulayaq ki, dini rəhbər S.Soltandan fərqli olaraq, dilçilik, dil və ədəbiyyat sahəsində dərin elmi biliklərə malikdir.
“Haqq Yolu” Elm və Mədəniyyət İnstitutu