İran səfirliyi: “Zakir Qaralovun fikirləri ilə tanışıq, lazım gəlsə, bəyanat verəcəyik”
Azərbaycan Servisi/Aran Agentliyi
“Respublika Prokurorluğunun korrupsiyaya Qarşı Mübarizə İdarəsində 48 cinayət işinin istintaqı aparılır”. Bunu Baş prokuror Zakir Qaralov Milli Məclisin dünənki iclasında çıxış edərkən deyib. O bildirib ki, korrupsiya ilə bağlı faktların araşdırılması bundan sonra da davam edəcək. Z.Qaralov bildirib ki, mərhum jurnalist Elmar Hüseynovun, akademik Ziya Bünyadovun qətli və Hacı Məmmədovun törətdiyi hadisələrin istintaqı açıqdır.
Baş prokuror bildirib ki, akademik Ziya Bünyadovun qətlinin sifarişçiləri İranın konkret dini dairələridir: “Bu qətllə bağlı konkret şəxslər həbs olunub. Cinayətin təşkilatçılarından 2 nəfər - Cavanşir Aslanov və Tariyel Ramazanov isə İranda sığınacaq alıblar”.
Baş prokurorun Ziya Bünyadovun qətli ilə bağlı açıqlamasına Yeni Musavat qəzeti araşdırıb və İranın ölkəmizdəki səfirliyinin əməkdaşlarının münasibətini öyrəndik. Səfirliyinin adını çəkilməsini istəməyən tərcüməçisi Zakir Qaralovun açıqlaması ilə tanış olduqlarını bildirdi: “Səfirliyin mətbuat katibi cənab İsgəndərinin adından deyirəm ki, Zakir Qaralovun fikirləri ilə tanışıq, lazım gəlsə, bununla bağlı bəyanat verəcəyik”.
Yeni Musavat qəzeti sabiq istintaqçıları da məslə ilə bağlı sorğuya tutub və araşdırma aparıb. Sabiq istintaqçılar isə baş prokurorun Elmar Hüseynovla Ziya Bünyadovun qətllərinə dair söylədiklərinə belə münasibət bildiriblər: “Elmar Hüseynovun qətli necə açıq ola bilər? Kimdir sifarişçi? Motiv nədir? Niyə Zakir Qaralov bu haqda danışmır? Jurnalist araşdırmaları olmasaydı, bu gün də Elmarı qətlə yetirən dəstə barədə müfəssəl məlumat olmayacaqdı. Sadəcə, Elmar Hüseynovun qətli ilə bağlı başlanmış cinayət işinin yerində saymasını pərdələmək üçün belə açıqlamalar verilir. Ziya Bünyadovun qətli ilə bağlı istintaqa bir neçə dəstə cəlb edib; hər birinin də boynuna bu cinayəti qoymuşdular. Zakir Qaralov 2000-ci ildə baş prokuror vəzifəsinə təyin edildikdən sonra mərhum akademik Ziya Bünyadovun qətlə yetirilməsi ilə əlaqədar cinayət işinin istintaqını 1-ci müavini olan, hazırda isə Ali Məhkəmənin sədri Ramiz Rzayevə həvalə etdi. İstintaq qrupunun tərkibinə qətlə yetirilmiş istintaq idarəsinin rəis müavini Rövşən Əliyev və digərləri ilə yanaşı, onlardan heç də geridə qalmayan Xətai rayon prokuroru olmuş və sonradan Hərbi Prokurorluğa köçürülmüş Rüstəm Usubov da daxil edildi. Biz iddia edirik ki, cinayət işinin faktiki hallarına əsaslanmayan uydurma motiv əsasında Ziya Bünyadovun qətli ilə bağlı cinayət işinin istintaqı saxtakarlığa əl atmaqla, aparılıb. Maraq doğuran faktlardan biri də ondan ibarətdir ki, Zakir Qaralovun o vaxtlar təşkil etdiyi əməliyyat-istintaq qrupuna əməliyyat müvəkkili Hacı Məmmədov da daxil edilib. Akademik Ziya Bünyadovun qətlində istifadə edilmiş, maddi sübutların şahı hesab edilən və mühüm əhəmiyyət kəsb edən, cinayətin aləti olan səsboğucu tapança ortada olmaya-olmaya, mərhum Ziya Bünyadovun qətlini bu cinayətlə heç bir əlaqəsi olmayan şəxslərin adı ilə bağlayıblar. Gözdən pərdə asmaq üçün sifarişçi və təşkilatçı hesab etdikləri şəxsləri axtarışa verməklə işi bitmiş hesab ediblər. Bu isə mərhum akademikin ruhuna təhqirdən başqa heç bir şey deyil”. Xatırladaq ki, Ziya Bünyadov 1997-ci il fevral ayının 21-də qətlə yetirilib.