aprelin 28-də Azərbaycan Respublikası Ali Məhkəmə “Fatimeyi-Zəhra” məscidinin dini icmasının kasasiya şikayətinə baxmağı təxirə salıb
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, aprelin 28-də Azərbaycan Respublikası Ali Məhkəmə “Fatimeyi-Zəhra” məscidinin dini icmasının kasasiya şikayətinə baxmağı təxirə salıb. Məscidin dini icmasının vəkili Aslan İsmayılov musavat.com saytına hakim Şahmurad Hidayevin “iş mürəkkəbdir, bu dəfə də məhkəməni təxirə salmaq gərəkir” - dediyini bildirib.
“Yeni Müsavat” qəzeti yazır ki, məhkəmə başlayana qədər bu qəzetin müxbiri hadisə yerində müşahidələr apararaq, bunları qeyd edib: “Xətai” metrostansiyasından çıxan dindarların Ali Məhkəməyə yaxınlaşmasına icazə verilməyib. Məhkəməyə gələn möminləri ətraf küçələrdə toplaşan mülki geyimli polislər saxlayıb, onlara yollarını dəyişməyi məsləhət görüblər.
Daha sonra polislər məhkəmənin yanındakı binaların yaxınlığında toplaşan dindarları kiçik tutumlu avtobusa yığaraq naməlum istiqamətə aparıblar. Dindarlardan biri hətta avtobusun pəncərəsindən məhkəməyə etirazını səsləndirib: “Bilin ki, məscid sökməklə o dünyada cəza almaqdan canınızı qurtara bilməyəcəksiniz. Məscid sökənlərə lənət olsun”.
Proses başlayana bir neçə dəqiqə qalmış Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev məhkəmə binasının qarşısına gəlib. O, xidməti maşınından enərək özü ərazinin dindarlardan “təmizlənməsinə” şəxsən rəhbərlik edib. BŞBPİ rəisinin müavini məhkəmənin başlamasını gözləyən icma üzvlərindən içəridə gözləməyi tələb edib. Maraqlıdır ki, icma sədri Tofiq Rəsizadə məhkəməyə polisin xidməti maşınında gətirilib. Polis yaxınlıqda yerləşən 28 may küçəsində toplaşan dindarlardan ərazidən uzaqlaşmağı tələb edib.
Dindarların Ali Məhkəmənin yaxınlığında məhkəmənin qərarını gözləyənə qədər sayı-hesabı olmayan mülki geyimli polislər onlara nəzarət edib.
Musavat.com-un müxbirinə məhkəmə zalına daxil olmağa imkan verilməyib, üstəlik, ərazidə şəkil çəkmək istəyən jurnalistlər nəzarət altında saxlanılıb. Məhkəmənin yanından keçən şəhər sakinləri nə baş verdiyini anlamayıblar. Onlara əraziyə yaxınlaşmağa icazə verilməyib. Bununla belə, dindarlara qarşı mülki geyimli polislər də mülayim davranıblar.
“İslam-Azəri” internet qəzetinin xəbərinə görə, saytın xüsusi müxbiri Tural Əliyev prosesi işıqlandırmaq üçün saxlanılaraq 37-ci polis bölməsinə aparılıb. Verilən məlumatlara əsasən, onun hadisə yerindən çəkdiyi videogörüntüləri əks etdirən videokasset əlindən alınıb.Durumu Deyerler.org-a danışan “İslam-Azəri”nin baş redaktoru Hacı Ramin Bayramov yaxın dəqiqələrdə T.Əliyevin məhkəməyə çıxarıla biləcəyini bildirib. Lakin sonradan sayt müxbirinin azad buraxıldığı haqda məlumat yayıb.
Növbəti məhkəmə may ayının 7-nə təyin olunub.
Məhkəmə qərarında məscidin sökülməsi və həmin ərazinin Suraxanı rayon İcra Hakimiyyətinin balansına verilməsi nəzərdə tutulur.
DEVAMM sədri Hacı İlqar İbrahimoğlu məhkəmənin 3-cü dəfə təxirə salınmasını musavat.com-a belə şərh edib: “Ümid edirik ki, nəticədə məscidin sökülməsi qərarı dayandırılacaq. Azərbaycan dövlətçiliyinin fərqində olan hər kəs məscid sökmə kimi rəzil addımlardan uzaq durmalıdır. Üstəlik, hər kəs bilməlidir ki, bu dünyada müvəqqətidir və bir gün etdiyi əməllərin haqq-hesabı hər birimizdən sorulacaq. Ümid edirəm ki, məscid sökən deyil, məscid tikən ölkə kimi tanınarıq”.
“Aran” İA