amerikalı konqresmen Obama administrasiyasını çeçen döyüşçülərinin lideri Doku Umarovun dəstəsini ABŞ-ın terrorçu təşkilatlar siyahısına daxil etməyə çağırıb
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin “Yeni Şərq”ə istinadən verdiyi məlumata görə, amerikalı konqresmen Obama administrasiyasını çeçen döyüşçülərinin lideri Doku Umarovun dəstəsini ABŞ-ın terrorçu təşkilatlar siyahısına daxil etməyə çağırıb.
“İTAR-TASS”ın məlumatına görə, ABŞ Konqresi yanında Avropada təhlükəsizlik və əməkdaşlıq komissiyasının rəhbəri Elsi Xestinqs belə şəxslərə qarşı ABŞ-la Rusiyanın birgə mübarizə aparmasının vacibliyini bildirib. Konqresmen Umarovu “Qafqazın əmiri” adlandırıb və deyib ki, o, “Rusiya, Gürcüstan, Ermənistan və Azərbaycanın suveren ərazilərində şəriət qanunları ilə idarə olunan İslam dövləti qurmağa çalışır”. Xestinqs Umarovun qruplaşmasının “Taliban” üslubunda fəaliyyət göstərdiyini bildirib.
Bundan əvvəl də müşahidəçilər Umarovun son məqsədinin Qafqazda İslam əmirliyi qurmaq, Şimali Qafqazla bərabər, üç Cənubi Qafqaz respublikasını da öz nəzarəti altına almaq olduğunu bildirmişlər. Bu məqsədlə onun rəhbərlik etdiyi silahlı birləşmələrdə Cənubi Qafqaz bölgəsi üzrə bir neçə əmirin – səhra komandirlərinin olduğu da bildirilir. Onlar əsasən Azərbaycan Respublikasının şimal rayonlarındandırlar və illərdən bəri çeçen hərbi birləşmələri tərkibində Rusiyaya qarşı döyüşürlər.
“Aran” İA