Tarix : 2010 May 01
Kod 17153

PARTİYA VƏ DİNİ TƏŞKİLATLAR MÜNASİBƏT BİLDİRDİ

Ali Məhkəmənin "Xanım Fatimeyi-Zəhra (s.ə.)" məscidinin sökülməsi ilə bağlı verdiyi qərara, partiya və təşkilat sədrləri münasibət bildirib
Azərbaycan Servisi/Aran Agentliyi

Bu gün Ali Məhkəmədə “Fatimeyi-Zəhra”  məscidinin kassasiya şikayətinə baxıldı. Xatırladaq ki, məhkəmə prosesinin aprelin 28-də keçirilməsi nəzərdə tutulsa da, qeyri-müəyyən səbəblərə görə may ayının 7-ə təxirə salınmışdı. Lakin sonradan bu prosesin gözlənilmədən aprelin 30-da keçiriləcəyi məlum oldu.  Beləliklə bu gün saat 16:00 təyin olunan növbədənkənar məhkəmə prosesində Apellyasiya Məhkəməsinin qərarı və məscidin sökülməsi qüvvədə saxlanıldı. 

Yeri gəlmişkən, Ali Məhkəmənin qərarı Azərbaycan ictimaiyyətində ciddi narazılıqlarla qarşılaşıb. İlhaiyyatçı Hacı Şahin Həsənli bu barədə FaktXeber.com-a bildirdi ki, bu qərarı pisləyirəm: “İlk növbədə bu qərar gözlənilməz oldu. Çünki, belə bir ümid yaranmışdı ki, məhkəmə təxirə salınırsa, ədalətli qərar veriləcək. Amma təəssüflər olsun ki, xüsusən Həzrət Fatimənin (s.ə) şəhadət günlərində onun adı ilə bağlı tikilən məscidin sökülməsi ilə əlaqədar verilən qərar Azərbaycan üçün biabırçılıqdır və xalqın inancına qarşı təhqirdir. Hesab edirəm ki, müsəlman azərbaycanlılar konstision hüquqlarından istifadə edib, mübarizə aparmalıdırlar”.

Hacı hesab edir ki, camaatı ilk növbədə məlumatlandırmaq lazımdır: “Müxtəlif informasiya vasitələrində bu hadisə işıqlandırılmalıdır ki, insanların xəbəri olsun. Qanunda təsbit olunmuş effektli etiraz formaları ilə mübarizə aparmaq lazımdır. Hesab edirəm ki, hüquqi müstəvidə də mübarizəni davam etdirmək olar”.


DEVAMM sədri Hacı İlqar İbrahimoğlu FaktXeber.com-a bildirdi ki, “Bu qərar  həm Allaha qarşı bir üsyan, həm də dövlətçiliyə qarşı bir sarsıdıcı zərbədir. Bu qərarla, əslində milli rəmzlərimizə, dəyərlərimizə, bayrağımıza həqarət edilib. Ali Məhkəmənin bu qərarı hər mənada biabırçılıqdır. Bu, həm hüquq anlayışının misilsiz dərəcədə pozulmasıdır, həm də vicdan azadlığının kobudcasına tapdanması. Bu qərarın sifarişçiləri və icraçıları müasir Azərbaycan tarixinə qara ləkə salmış oldular, çünki, özləri üçün də aşkar olan bir mənəvi cinayətə qol açdılar”.


Hacı İlqar hesab edir ki, bu qərarla Azərbaycan uduzdu və Şuşa məscidini viran edən erməni işğalçılarına bəraət verildi: “Tarix bizə bir həqiqəti bəlli edib. Bu kimi qaranlıq və zülmani durumlar keçib gedir, sonda ilahi nur zülməti üstələyir. Əminliklə deyə bilərik ki, bu kimi davranışlarla vətənimizdə heç kimi inancından, mənəviyyatından, kimliyindən ayrı salmaq mümkün olmayacaq. Hər kəs imkanları çərçivəsində hüquqi-qanuni-ictimai müstəvilərdə, inancımızın cövhərində olan imanlı, əqlani və əxlaqi rəftarlarla qərarın ləğv edilməsinə və Allah evinin viran edilməsinin qarşısının alınması üçün bacardığını əsirğəməsin”.

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov da qərardan çox narahat olduğunu dilə gətirdi: “Biz son zamanlar gedən prosesləri nəzərə alaraq, belə bir qərarın verilməsini gözləmirdik. Buna ancaq bir ad vermək olar ki, bu qərarı verən şəxs Allaha və Xanım Fatiməyə (s.ə) müharibə elan edib. Çünki, bu günlər Həzrət Fatimənin şəhadət günlərinə təsadüf edir. Düşünürəm ki, müsəlmanlar vəzifələrini dərk edib, qanun çərçivəsində Allah evinin müdafiəsinə qalxmalıdırlar”.

“Mən qətiyyətlə Ali Məhkəmənin bu qərarını pisləyirəm. Bu, Azərbaycan üçün utanc gətirən bir məsələdir. Azərbaycanı dünyada öz tarixinə, keçmişinə, mədəniyyətinə və mənəviyyatına yalnış baxan obrazda göstərir. Müsəlman ölkələrində başımızı aşağı salan qərardır” – bu sözləri isə bizimlə söhbətində Azərbaycan Birlik Təşkilatının sədri Hacı Namiq Babaxan dedi: “Məhkəmə mayın 7-ə təyin olunmuşdu. Amma bunun aprelin 30-da tələm-tələsik keçirilməsini pisləyirəm. Heç şübhəsiz işin səbəbkarları Allah qarşısında ən böyük günaha mürtəkib olduqlarını bilirlər. Baş verən hadisə ilə bağlı hüquqi müstəvidə mübarizə aparılmalıdır”.

“Milli Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədov da qərardan narazı qaldıqlarını dilə gətirdi: “Biz bu qərarı inanclı insanların hissləri ilə oynamaq kimi qiymətləndiririk. Eyni zamanda belə qərarın verilməsini gözləmirdik. Bunun nəticəsi olaraq, ölkədə əmniyyət pozula bilər. Bizim vəzifəmiz isə Quran və Əhli-Beyt yoludur. Onların göstərdikləri yola sadiq qalacağıq”.

Məscidin sökülməsi ilə əlaqədar verilən qərarı siyasi sifariş hesab edən Fəzilət Partiyasının sədri Gündüz Hacıyev vurğuladı: “Bu qərar göstərdi ki, Azərbaycanda müstəqil məkhəmə hakimiyyəti yoxdur. Məhkəmə bu gün hakimiyyətin siyasi qərarını elan etdi. İndiki dövrdə belə qərarın verilməsi hakimiyyətin xalqı təmsil etməməsini göstərdi. Hakimiyyət xalqın milli-mənəvi dəyərlərinə hörmətsizlik etməklə xalqa müharibə elan edir. Təbii ki, baş verənlər xalqı narahat etdiyi üçün xalq etirazını bildirəcək. Xalq üçün mənəvi dəyərlər əzizdirsə, öz müqavimətini göstərməlidir”.

  • Yazılıb
  • da (də) 2010 May 01