Tarix : 2010 May 01
Kod 17159

“Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin Etiraz Bəyanatı

“Mənəvi Saflığa Dəvət” İctimai Birliyi Ali Məhkəmənin 2010-cu il 30 aprel tarixli "Xanım Fatimeyi-Zəhra (s.ə.)" məscidinin sökülməsi qərarını təsdiqləməsi qərarına etiraz bəyanatı yayımlayıb
Azərbaycan Servisi/Aran Agentliyi
“Mənəvi Saflığa Dəvət” İctimai Birliyi Ali Məhkəmənin 2010-cu il 30 aprel tarixli "Xanım Fatimeyi-Zəhra (s.ə.)" məscidinin sökülməsi qərarını təsdiqləməsi qərarına etiraz bəyanatı yayımlayıb.
 
“Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin
etiraz bəyanatı
2010-cu il aprel ayının 30-da Azərbaycan Respublikası Ali Məhkəməsi “Xanım Fatimeyi Zəhra (s.ə.)” məscidinin kassasiya şikayətinə baxaraq, adıçəkilən Allah evinin sökülməsinə dair Bakı 2 saylı yerli İqtisad Məhkəməsinin çıxardığı və Apellyasiya Məhkəməsinin dəyişdirmədiyi qərarı qüvvədə saxlayıb.
Ali Məhkəmə tərəfindən çıxarılan bu qərar Azərbaycan xalqının tarixi, milli-mənəvi dəyərlərinə vurulan ən ağır zərbə kimi qiymətləndirlməlidir. Özü də təsadüfdənmi, yoxsa bilərəkdənmi Xanım Fatimeyi-Zəhranın (s.ə.) vəfatı günlərində Onun adını daşıyan məscidin sökülməsi qərarı mənəvi dəyərlərimizin açıq-aşkar təhqir edilməsidir.
Erməni katalikosu dini sammitdə iştirak etmək üçün Bakıya gələrək Şuşa məscidinin bərpa edəcəyini söyləyir, bu günlərdə bizim məhkəmə isə Bakıda məscidin sökülməsinə qərar verir. Hesab edirik ki, bu paradoksal hadisə ilə ermənilər tərəfindən ərazisinin 20%-i işğal olunan, bir milyondan artıq vətəndaşı qaçqın və məcburi köçkün düşən, Qarabağda tarixi-dini abidələri dağıdılan Azərbaycan xalqına bundan artıq təhqir və zərbə ola bilməz.
Xatırlamayanlara bir daha xatırladaq ki, tarix belə acı hadisələri çox yaşayıb. Amma belə qərarlardan ən çox zərər çəkən tərəf elə bu qərarı verənlər, məscidin sökülməsində payı olan şəxslərdir. Unutmayaq ki, Allah evini sökənlərin evini də Allah sökər!
“Mənəvi Saflığa Dəvət” İctimai Birliyi olaraq bu qərarı qətiyyətlə pisləyir və ümid etmək istəyirik ki, bundan sonra ilahi dəyərlərimiz vətənimizdə təhqirlərə məruz qalmayacaq!
 
"Mənəvi Saflığa Dəvət" İctimai Birliyi
30.04.2010.
“Yeni Şərq”in bəyanatı
 
30 aprel 2010-cu il tarixdə Azərbaycan Ali Məhkəməsi “Xanım Fatimeyi-Zəhra (s.ə.)” məscidinin kassasiya şikayətinə baxaraq, məscidin sökülməsi haqqında əvvəl çıxarılan qərarları qüvvədə saxlayıb.
Bununla əlaqədar “Yeni Şərq” Elmi-Araşdırmalar Mərkəzi bəyanat yayıb. Bəyanatın mətnini diqqətinizə çatdırırıq.
“2010-cu ilin aprelinin son günü Azərbaycanın müasir tarixinə qara ləkə kimi düşdü. Məhz aprelin son günü Azərbaycanın Ali Məhkəməsi Bakının Günəşli qəsəbəsindəki “Xanım Fatimeyi-Zəhra (s.ə.)” məscidinin sökülməsinə dair əvvəllər çıxarılan qərarı qüvvəsində saxladı. Beləliklə də, Azərbaycanda üçüncü məscidin dağıdılması üçün münbid şərait yaradıldı. İndi sözügedən məscid də daha öncə sökülən Peyğəmbərimiz Məhəmməd (s) və Neft Daşlarındakı Allah evlərinin aqibətini yaşaya bilər. Nə qədər acınacaqlı olsa da, Azərbaycanın rəsmi dairələri buna qanuni don geyindirdilər.
“Yeni Şərq” Elmi-Araşdırmalar Mərkəzi Ali Məhkəmənin aprelin 30-da “Xanım Fatimeyi-Zəhra (s.ə.)” məscidi ilə əlaqədar çıxardığı qərarı qətiyyətlə pisləyir və bildirir ki, bu ölkəmizə və ölkəmizdə yaşayan çoxsaylı müsəlmanlara vurulan ağır zərbədir. Azərbaycan hüdudlarında İslama və müsəlmançılığa qarşı aşkar kampaniya davam etməkdədir. Dövlətin müvafiq strukturlarına müraciət edərək, bu siyasətə, əsirlərin sınağından çıxmış mənəvi varlığımıza təcavüzə son qoyulmasını tələb edirik.”
 
“Yeni Şərq” Elmi-Araşdırmalar Mərkəzi
  • Yazılıb
  • da (də) 2010 May 01