Mayın 7-də saat 12:00-da Azərbaycan İslam Partiyası Rusiyanın RİA-NOVOSTİ İnformasiya Agentliyinin Bakı nümayəndəliyi olan “Xəbərlər – Azərbaycan” İnformasiya Agentliyinin ...
Azərbaycan Servisi/Aran Agentliyi
Mayın 7-də saat 12:00-da Azərbaycan İslam Partiyası Rusiyanın RİA-NOVOSTİ İnformasiya Agentliyinin Bakı nümayəndəliyi olan “Xəbərlər – Azərbaycan” İnformasiya Agentliyinin “Xəbərlər” Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanda İslamafobiya” mövzusu ilə ilgili dəyirmi masa keçirdi. Tədbirdə Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov, Fəzilət Partiyasının (FP) sədri Hacı Gündüz Hacıyev, Azərbaycan Ziyalılar Birliyinin (AZB) sədri Eldəniz Quliyev, “Qələm” Nəşriyyatının direktoru Hacı Yüsif Bağırov, “Təkamül” Tərcümə Mərkəzinin direktoru Hacı Ceyhun Cəfərov, Qarabağ Azadlıq Təşkilatının sədr müavini Fəridə Əskərova və digərləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan AİP mətbuat katibi Akif Heydərli son zamanlar Azərbaycanda yaranan “İslamofobiyadan” danışdı. “Azərbaycanda son zamanlar İslama qarşı atılan addımlar hökumətlə xalqın arasında müəyyən gərginlik yaratmaq məqsədi güdür” deyən AZB sədri Eldəniz Quliyev onu da qeyd etdi ki, Azərbaycanda İslama qarşı atılan bu addımları xaricdən idarə edirlər. Bu yaxınlarda keçiriləcək gözəllik müsabiqəsinə də toxunan E. Quliyev bildirdi ki, Azərbaycanda gözəllik müsabiqəsi əvəzinə, eybəcərlik müsabiqəsi keçirilsəydi daha yaxşı olardı. “Azərbaycanda yeni məscidlərin tikilməsinə ehtiyac var, nəinki sökülməsinə” deyən AİP sədri Hacı Mövsüm Səmədov bildirdi ki, müsəlman olan hakimlərin “Fatimeyi Zəhra” adına məscid haqqında verdiyi qərarı mən heç cür başa düşə bilmirəm. Lakin buna baxmayaraq biz yenə də ümid edirik ki, Ali Məhkəmənin bu qərarı dəyişiləcək. “Bu addımları atmaq üçün hansısa bir əhval ruhiyyənin olması lazımdır” deyən FP sədri Hacı Gündüz Hacıyev qeyd etdi ki, “Fatimeyi Zəhra” məscidinin sökülməsi hüquqi bir proses deyil. Çünki burada heç bir hüquqi araşdırma getməyib. Bunlar siyasi iradəni xalqa sırımaq istəyirlər. Belə getsə gələcəkdə Bakının mərkəzində yerləşən məscidləri də sökəcəklər ki, bunlar Bakının qədimliyini itirir. “Məscidi sökmək inanclı insanların təhqir olunmasıdır” deyən “Qələm” Nəşriyyatının direktoru Hacı Yusif Bağırov qeyd etdi ki, məscid Allahın evidir və Allah evi ilə mübarizə aparmaq gülünc olar. “Qərbdən Azərbaycana yabançı tərzi-təfəkkür, yad ünsürlü mədəniyyət inteqrasiya olunduğu kimi, İslamofobiya da inteqrasiya olunur deyən “Təkamül” Tərcümə Mərkəzinin direktoru Hacı Ceyhun Cəfərov qeyd etdi ki, burda İslama dinin bir sıra ayinlərinə, kitablarına, məscidlərinə qoyulan qadağalar bizi narahat edir. Məscidin sökülməsi hansısa bir binanın sökülməsi deyil, bizim əqidəmizin, mədəniyyətimizin, inancımızın sökülməsidir. Bu məsələlərə qarşı bütün müsəlman cəmiyyəti öz fikrini bildirməlidir. Ölkədə dini problemləri bir iki saytdan başqa mətbu orqanların işıqlandırılmamasından danışan C. Cəfərov hesab edir ki, bütün bunlar məqsədyönlü şəkildə həyata keçirilir. Tədbirdə digər iştirakçılar da çıxışlar etdilər və sonda dəyirmi masa iştirakçılarının bəyanatı qəbul olundu.