Tarix : 2010 May 11
Kod 17305

Şuşanın işğalından 18 il ötür

Erməni mənbələrinin məlumatına görə, şəhərin işğalı əməliyyatını keçmiş sovet polkovniki Arkadi Ter-Tatevosyan hazırlayıb
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycanın Şuşa şəhərinin işğalından 18 il ötür. 8 may 1992-ci ildə Şuşa Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub.
1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-ya kimi davam edib. Bundan sonra düşmənin minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum çəkib. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyilə həyata keçirilib.
Erməni mənbələrinin məlumatına görə, şəhərin işğalı əməliyyatını keçmiş sovet polkovniki Arkadi Ter-Tatevosyan hazırlayıb. O, əvvəllər Dağlıq Qarabağda erməni qüvvələrinə komandanlıq edib.
Ermənilər Şuşadakı gözlənilməzlik və təşkilatsızlıq amilindən istifadə edərək çaxnaşma yaradıblar və müdafiənin təşkilinə mane olublar. Bununla belə, küçə döyüşləri xeyli davam edib. Lakin möhkəmlənməyən özünümüdafiə qüvvələri və nizami ordu şəhəri tərk edib. Rusiya xüsusi bölmələrinin, əsasən Laqodexidə (Gürcüstan) yerləşən xüsusi təyinatlı əsgərlərin ermənilərin tərəfində döyüşdüyünü sübut edən faktlar var.
Qeyd etmək lazımdır ki, Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran prezidentinin vasitəçiliyilə Ermənistan və Azərbaycan dövlət başçıları Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalamışdı.
Şuşanın işğalı zamanı 200 nəfər şəhid olub, 150 nəfər əlil olub, 552 körpə yetim qalıb, 22 minə yaxın insan qaçqın düşüb, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası,1200 yerlik internat və s. dağıdılıb. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.
Ümumilikdə 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib. /ANS PRESS/
 
  • Yazılıb
  • da (də) 2010 May 11