Tarix : 2010 May 13
Kod 17342

Aİ AZƏRBAYCANDA İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ SAHƏSİNDƏ İRƏLİLƏYİŞ OLMADIĞINI QEYD EDİR

Avropa Komissiyası Avropa Qonşuluq Siyasətinin (AQS) həyata keçirilməsi ilə bağlı sənədlər paketini təqdim edib
Azərbaycan Servisi/Aran Agentliyi
Avropa Komissiyası Avropa Qonşuluq Siyasətinin (AQS) həyata keçirilməsi ilə bağlı sənədlər paketini təqdim edib. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia bir qrup jurnalistlə görüşü zamanı bildirib. Sənədlər paketinə AQS-nin 5 illik icrasının qiymətləndirilməsi, habelə 2009-cu ildə 12 ölkənin, o cümlədən Azərbaycanın inkişafı haqqında hesabatları və ayrı-ayrı sahələrə aid hesabatlar daxildir.
    Kobia qeyd edib ki, 2009-cu ildə Azərbaycan AQS-nin həyata keçirilməsində, xüsusən iqtisadiyyat və sosial idarəçilik sahəsində müəyyən irəliləyiş əldə edib. Qlobal maliyyə böhranına baxmayaraq, ölkə nisbətən yaxşı göstəricilərə nail olub ki, bu da hökumətə sosial xərcləri və investisiyaları artırmağa imkan verib.
    Hava Xidmətləri üzrə Üfüqi sazişin imzalanması ilə aviasiya sahəsində, habelə çirkli pulların yuyulması sahəsində də tərəqqi əldə edilib. Lakin ÜTT-ə daxil olmaqla bağlı məhdud tərəqqi əldə edilib.
    İnsan hüquqlarının və əsas azadlıqlarının qorunması baxımından böyük irəliləyiş olmayıb, deyə Kobia sözünə davam edib. Hakimiyyət dairələrini tənqid edən jurnalistlərin və şəxslərin hədələnməsi halları, eləcə də siyasi fəallar əleyhinə sual doğuran prosessual prosedurlar haqqında hələ də məlumat verilir.
    2010-cu ildə siyasi dialoq və islahatlar, o cümlədən ədliyyə sektoru və qanunun aliliyinin qüvvətləndirilməsi, xüsusilə də ədliyyə sisteminin müstəqilliyinin artırılması sahəsində əlavə səylər göstərilməlidir. Xüsusilə də bütün sahələrdə qəbul edilmiş qanunvericiliyin düzgün icrası, korrupsiya əleyhinə mübarizənin davam etdirilməsi əsas əhəmiyyət kəsb etməlidir.
    Kobia həmçinin bildirib ki, bu həftə Avropa İttifaqına üzv olan 27 ölkənin Xarici İşlər Nazirləri Şurası Avropa Komissiyasına Aİ və Azərbaycan, Ermənistan və Gürcüstan arasında “Şərq Tərəfdaşlığı” proqrammı çərçivəsində assosiasiyalar haqqında ikitərəfli assosiativ sazişlərin imzalanması barədə danışıqlar aparılması mandatı verib.
 
  • Yazılıb
  • da (də) 2010 May 13