Naxçıvan Muxtar Respublikasında (NMR) məmur özbaşınalığı hökm sürür və hər yerdə insan hüquqları pozulur. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik ...
Azərbaycan Servisi/Aran Agentliyi
Naxçıvan Muxtar Respublikasında (NMR) məmur özbaşınalığı hökm sürür və hər yerdə insan hüquqları pozulur. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) keçirilən bugünki dəyirmi masada yerli hüquq müdafiəçiləri Həkimeldostu Mehdiyev və Elman Abbasov bildiriblər.
Xüsusən, Naxçıvan gömrüyü muxtariyyət sakinlərinin yer dəyişmək azadlığını və Türkiyəyə səfərlərini məhdudlaşdırır. Belə ki, Naxçıvan sakini Türkiyədən qayıtdıqdan sonra yalnız 15 gündən sonra təkrarən bu ölkəyə səfər edə bilər”, deyə Mehdiyev bildirib.
Bu məhdudiyyət kiçik bizneslə pul qazanan kasıb təbəqəyə aiddir. Lakin Naxçıvanın hakim elitası bütün növ malların, hətta ən kiçik malların ticarəti üzərində inhisar qurub, deyə Mehdiyev qeyd edib. Bu səbəbdən ərzaq məhsullarının qiyməti Azərbaycanın digər bölgələrində olduğundan bahadır. “NMR-də 50 kq-lıq un kisəsi 30 manatadır, bir halda ki, Bakıda bu qiymət 14-15 manat təşkil edir”, deyə Mehdiyev bildirib.
NMR hakimiyyəti Bakıdan ət, ət məhsulları gətirilməsini qadağan edir və muxtar respublikadan balıq aparmağı qadağan edir. “NMR-də balıq tutmaq qadağan edilib, çünki bu sahədə inhisar hüququ yerli hakimiyyətə məxsusdur”, deyə Mehdiyev qeyd edib.
Özbaşınalığın digər forması elektrik istifadəsinə görə qeyri-rəsmi pul yığılmasıdır. Nəzarətçilər polislə birgə evlərə gəlir və sayğacdakı göstəricilərdən əlavə 40 manat tələb edir. Bu məbləği ödəməyən elektrik enerjisindən məhrum edilir. Şərur rayonunda büdcə sahəsində işləyən hər kəsdən Olimpiya Kompleksindəki hovuzdan istifadə üçün 5 manat yığılır. Lakin bu hovuzda çoxdan su yoxdur.
İqtisadi və sosial hüquqların pozulması ilə yanaşı, NMR sakinlərinin digər vətəndaşlıq və siyasi hüquqları, o cümlədən informasiya əldə etmək və yaymaq hüququ pozulur”, deyə Elman Abbasov bildirib.
Dövlət qurumlarında ya mətbuat xidməti yoxdur, ya da onlar məlumat vermir. 200 min əhalisi olan bölgəyə hər gün cəmi 30 nüsxədə müxalifət və müstəqil qəzet daxil olur. Peyk antenləri evlərdən çıxarılır. İnternetin sürəti çox zəifdir və yeganə provayder - regional Rabitə Nazirliyi tez-tez NMR-dəki vəziyyəti tənqid edən saytları bağlayır.
Vətəndaşların seçki hüquqları pozulur. Regional parlamentdə bir nəfər də olsa müxalifət nümayəndəsi yoxdur. Müxalifət partiyalarının fəaliyyəti iflic vəziyyətindədir, belə ki, bu partiyaların fəalları işdən qovulur, mənəvi təzyiqlərə məruz qalır. Məsələn, NMR-də müəllim işləyən Müsavat Partiyası regional təşkilatının rəhbəri Meydan Babayev işdən qovulub və Bakıda fəhlə kimi işləməyə məcbur olub.
2005-ci il parlament seçkilərində deputatlığa namizəd Sahib Hüseynov Türkiyəyə deportasiya edilib və o vaxtdan NMR-ə qayıda bilmir. “NMR xüsusi xidməti Bakıda da məni rahat qoymur. Bir neçə ay əvvəl hüquqlarımın pozulmasına etiraz əlaməti olaraq aclıq aksiyası keçirmək istədim. Lakin məni telefonla ailə üzvlərimi qətlə yetirəcəkləri ilə hədələdilər. MTN-in Naxçıvan şəhəri üzrə idarəsinin rəhbəri Əliqulu Cəfərov şəxsən məni hədələyirdi”, deyə Hüseynov bildirib.
Hüquq müdafiəçiləri Mehdiyev və Abbasovun özlərinə, habelə digər fəal hüquq müdafiəçiləri - Məlahət və İlqar Nəsibovlara da təzyiq göstərilir. “Bizə dəfələrlə zəng edərək, NMR-i tərk etməyimizi tələb ediblər”, deyə Abbasov bildirib.
O, yerli və beynəlxalq demokratik ictimaiyyəti NMR-dəki vəziyyətə diqqəti artırmağa çağırıb.
Abbasov və Mehdiyev yeni QHT - Bölgələrdə İnsan Hüquqlarının Monitorinqi İctimai Birliyini təsis etdiklərini elan ediblər. “Biz düşünürük ki, Bakıda qeydiyyatdan keçməyimiz çətin olacaq. Amma, hər halda, burada məhkəmədə bizi müdafiə edəcək vəkillər tapılar. NMR-də isə ümumiyyətlə müstəqil vəkil yoxdur, Bakıdakı hüquqşünaslar isə NMR-ə getməkdən ehtiyat edirlər”, deyə Abbasov bildirib. Tədbirdə ATƏT, Norveç səfirliyi, İtaliya və başqa beynəlxalq qurumların nümayəndələri iştirak ediblər.