Görkəmli İslam müctəhidi və alimi Ayətullah Safi Gülpayiqani, millət vəkili Qüdrət Həsənquliyevin ona yazdığı məktubla bağlı fikirlərini ...
Azərbaycan Servisi/Aran Agentliyi
Görkəmli İslam müctəhidi və alimi Ayətullah Safi Gülpayiqani, millət vəkili Qüdrət Həsənquliyevin ona yazdığı məktubla bağlı fikirlərini bölüşmüşdür. İslam alimi “SalamNews” agentliyinin xüsusi müxbiri ilə söhbət zamanı Q.Həsənquliyevin məktubu barədə müsbət rəy təzahür etdirmişdir.
“Əvvəla, məktubuma belə məhrəm münasibət göstərdiyinə görə ilk növbədə mən bütün Azərbaycan xalqına öz minnətdarlığımı bildirirəm. Amma, mənə məktub yazmış əziz dostuma isə xüsusi təşəkkürümü bildirərək qeyd etmək istəyirəm ki, o – haqlıdır.
Lakin bununla bərabər, mən qeyd etmək istəyirəm ki, Qarabağ problemi hər zaman bizim diqqət mərkəzimizdədir. Mən heç bir müsəlman ölkəsi, heç bir müsəlman xalqı arasında fərq qoymuram. Bu xüsusda, əgər mən Bakıda məscid sökülməsinə etiraz edirəmsə, əlbəttə ki, bu gün Qarabağda baş verənlərə də qarşı çıxış edirəm.
Və əgər mən Azərbaycan hakimiyyətinə müraciət edirəmsə, demək həm də İran hakimiyyətinə də müraciət edirəm. Qarabağ – müsəlmanların torpağıdır və bütün müsəlmanlar Azərbaycanı dəstəkləməlidirlər. Mən eyni zamanda Türkiyəni “soyqırımda” ittiham edən erməniləri də pisləyirəm.
Bir daha qeyd edim ki, mən bu məktubu almağıma görə çox şadam. Mən Qarabağla bağlı öz mövqeyimi bildirmişəm. Və bundan sonra da bu istiqamətdə imkanım daxilində hər bir şeyi edəcəyəm. Bir məqamı da vurğulamaq istəyirəm ki, əgər Azərbaycan hakimiyyətindən öz məktubuma müsbət cavab alsam, yəni əgər məscid sökülməyəcəksə, onda burada sizi müdafiə etmək üçün mənim daha böyük imkanlarım yaranacaq”, – deyə Ayətullah Safi Gülpayiqani “SalamNews”un müxbirinə bildirmişdir.
Xatırladaq ki, may ayının əvvəllərində İslam dünyasının ən görkəmli alimlərindən biri – Ayətullah Safi Gülpayiqani Azərbaycanın dövlət başçısı İlham Əliyevə məktub yazmışdı. Bundan bir qədər sonra deputat Qüdrət Həsənquliyev böyük alimə açıq məktub göndərmişdi.
/deyerler.org/