Əsas məsələ məscidin sökülməsinin qarşısını almaq idi. Gələcəkdə bu məscidə kimin axund təyin edilməsi Qafqaz Müsəlmanları İdarəsinin işidir”
Azərbaycan Servisi/Aran Agentliyi
“Fatimeyi-Zəhra” məscidinin yarımçıq qalan tikintisi başa çatdırılacaq. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib.
APA – Mətbuat xidmətinin rəhbəri deyib ki, “Fatimeyi Zəhra” məscidinin tikintisi başa çatdırıldıqdan sonra ora axund təyin olunacaq və ibadət ocağı fəaliyyətə başlayacaq. R. Dadaşova “Fatimeyi-Zəhra” məscidinin Qafqaz Müsəlmanları İdarəsinin sərəncamında olan əksər ibadət ocaqlarından biri kimi fəaliyyət göstərəcəyini deyib.
“Fatimeyi-Zəhra” Dini İcmasının rəhbəri Tofiq Rəzizadə isə məscidin QMİ-nin tabeliyinə verilməsini normal hal kimi qiymətləndirib: “Əsas məsələ məscidin sökülməsinin qarşısını almaq idi. Gələcəkdə bu məscidə kimin axund təyin edilməsi Qafqaz Müsəlmanları İdarəsinin işidir”.
T. Rəzizadə məscidin sökülməsi ilə bağlı məhkəmə çəkişməsini davam etdirəcəklərini də bildirib: “Biz Ali Məhkəmənin qərarını aldıqdan sonra, bu məhkəmənin plenumuna müraciət edəcəyik”.
Qeyd edək ki, Bakının Yeni Günəşli qəsəbəsində inşası tamamlanmamış “Fatimeyi-Zəhra” məscidi adlandırılan yarımçıq tikinti ətrafında yaranmış problemlə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan prezidenti cənab İlham Əliyevə müraciət edib. Prezident İlham Əliyev Azərbaycanın mövcud dövlət-din münasibətlərini nəzərə alaraq, sözügedən obyektin QMİ-nin sərəncamına verilməsi barədə göstəriş verib.
Prezident tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin başçısına bu məsələnin həlli ilə bağlı müvafiq tapşırıqlar da verilib.