Daşqın zonasında vəziyyət mürəkkəb olaraq qalır. Üç həftə əvvəl Kür çayının daşması nəticəsində su basmış ərazilərin böyük hissəsi hələ də suyun altındadır
Azərbaycan Servisi/Aran Agentliyi
Hökumətin məlumatına görə, 40 rayonda 50 min ha-dan çox torpağı su basıb, 20 min ev su altında qalıb. Samanlı kərpicdən tikilmiş belə evlərin əksəriyyəti dağılıb.
Sabirabad, Şirvan rayonlarında vəziyyət xüsusilə ağırdır. Əhalinin tərk etdiyi evlərinə qayıtması barədə telekanalların rəsmi mənbələrə istinadən yaydıqları məlumatlar həqiqətəuyğun deyil. Çayın səviyyəsinin yenidən artmaq təhlükəsinin qalması barədə ekologiya və təbii sərvətlər nazirinin bəyanatı da bunu təsdiq edir. Nazir ötən həftə əhalini sayıq olmağa çağırıb.
Su basmış kəndlərin sakinləri fəlakətlə üzləşməyən rayonlarda yaşayan qohum və tanışlarının yanında, çadır şəhərciklərində və məktəblərdə yerlışdirilib.
Sabirabad rayonunda 2 saylı məktəbdə və peşə-texniki məktəbində yerləşmiş əhalinin vəziyyəti ağırdır. Əhalinin cəmləşdiyi yer Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən əhatəyə alınıb və bura kənar şəxslər buraxılmır. Təcrid olunmuş adamlar lazımi yardım ala bilmədiklərindən şikayətləniblər.