Tarix : 2010 May 19
Kod 17457

2010-cu ilin sonuna qədər Azərbaycanda infilyasiya 9 %-ə yaxın olacaq

İqtisadi Tədqiqatlar Mərkəzi çərşənbə günü "Alternativ inflyasiya səviyyəsi və modellərin işlənməsi" layihəsi çərçivəsində tədqiqatının nəticələrini təqdim etdi
Azərbaycan Servisi/Aran Agentliyi
İqtisadi Tədqiqatlar Mərkəzi çərşənbə günü "Alternativ inflyasiya səviyyəsi və modellərin işlənməsi" layihəsi çərçivəsində tədqiqatının nəticələrini təqdim etdi. Layihə ötən ilin dekabrından İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
    "Əvvəllər biz təkcə alternativ inflyasiyanı təqdim edirdik, indi yeni metodika sayəsində onun mümkün səviyyəsini proqnozlaşdıra bilirik. Bu metodikanın ünsürləri sırasına istehlak qiymətləri indeksi, sənaye məhsullarının və pul kütləsinin qiyməti daxildir", deyə İTM İdarə Heyətinin sədri Qubad İbadoğlu bildirdi.
    İTM-in tədqiqatlarına görə, bu il orta inflyasiya səviyyəsi 8,3% proqnozlaşdırılır. Azərbaycan Mərkəzi Bankı isə 2010-cu ildə inflyasiyanın 3% təşkil edəcəyini bildirir.
    Dövlətstatkomun məlumatına əsasən, yanvarda Azərbaycanda inflyasiya 0,5%, fevralda 1,1%, martda 1,3%, apreldə 0,0 % olub. Bir qayda olaraq maydan yayın sonuna kimi ölkədə deflyasiya müşahidə edilir.
    İbadoğlunun fikrincə, bu il deflyasiya mayda yox, iyunda başlayacaq. Buna ölkədəki fors-major vəziyyət - kənd təsərrüfatına ciddi ziyan vuran daşqın səbəb olub.
    İTM 2007-ci ildən rəsmi statistika ilə yanaşı, alternativ inflyasiya hesablaması aparır. Tədqiqat 585 əmtəə qrupunu, onun coğrafiyası isə Naxçıvan istisna edilməklə ölkəni əhatə edir.
 
  • Yazılıb
  • da (də) 2010 May 19