Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) işğal altında olan ərazilərdə fəaliyyət göstərən separatçı rejimin mayın 23-nə təyin etdiyi qondarma “parlament seçkiləri” ilə bağlı bəyanatla çıxış edib
Azərbaycan Servisi/Aran Agentliyi
Bəyanat qurumun bu gün keçirilən iclasında qəbul edilib. MSK sədri Məzahir Pənahov bildirib ki, işğal altında olan torpaqlarda ermənilər növbəti seçki oyununa hazırlaşırlar və Azərbaycan tərəfi beynəlxalq hüquqlara zidd olan bu addıma öz etirazını bildirir: “Azərbaycan ərazilərinin işğal altında olması dünya ictimaiyyətinə bəllidir. Bununla bağlı bir sıra beynəlxalq təşkilatların qərarları da mövcuddur. Amma nəyə görəsə demokratik prinsiplər əsasında formalaşmış təşkilatların qərarları qulaqardına vurulur. Heç kimdə şübhə qalmır ki, bu məsələdə maraqlı tərəflər var və o maraqlı tərəflər böyük güc sahibləridir”.
Qəbul edilmiş bəyanatda Ermənistanın Azərbaycan Respublikası ərazilərinin 20 faizindən çoxunu işğal etdiyi, etnik təmizləmə apararaq bir milyondan artıq azərbaycanlı əhalini həmin ərazilərdən çıxarıldığı bildirilir: “Ermənistan Azərbaycan ərazilərində Azərbaycan Respublikası vətəndaşlarının əsas insan hüquq və azadlıqlarını pozub “Dağlıq Qarabağ Respublikası” deyilən qondarma bir qurum yaradaraq, orada dəfələrlə seçki görüntüsü yaratmağa cəhd edib. Azərbaycanın işğal altında olan torpaqlarında yeni seçki oyunu beynəlxalq hüquq normalarına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tamamilə ziddir. Bu həm də Ermənistanın siyasi hakimiyyət dairələrinin işğalın əsil mahiyyətini və səbəblərini artıq dərk etməkdə olan beynəlxalq ictimaiyyəti və dünya dövlətlərini çaşdırmaq, sülh danışıqlarına əngəl törətmək cəhdidir”.
Bəyanatda bildirilir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, heç bir sosial qrup, təşkilat və şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz, seçkilər və referendumlar Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə əsasən keçirilməlidir: “MSK bildirir ki, qondarma qurumdakı “seçkiləri” müşahidə etmək niyyətində olan “müşahidəçilər” beynəlxalq normalara etinasızlıq göstərməkdən çəkinməlidirlər. Onların bu hərəkətləri Azərbaycan dövlətinin suverenliyinin kobud pozulması kimi qiymətləndiriləcəkdir”.
MSK bəyan edib ki, işğal altında olan ərazilərdə seçkilər və referendumlar yalnız həmin torpaqlar işğaldan tam azad edildikdən, Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan və həmin ərazilərdə yaşamış insanlar öz daimi yaşayış yerlərinə qayıtdıqdan sonra Azərbaycan Konstitusiyasına və qanunlarına əsasən keçirilə bilər: “MSK Azərbaycan dövlətinin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş belə “seçkiləri” qanunsuz hesab edir və tanımır, beynəlxalq ictimaiyyəti də buna çağırır”.