Tarix : 2010 May 23
Kod 17514

Azərbaycanda işgəncə metodları necə araşdırılır?

Məni 3 gün çıpaq vəziyyətdə göydən asıblar, möhtərəm hakim. məni toka veriblər, bunu Allah götürməz axı, möhtərəm hakim...
Azərbaycan Servisi/Aran Agentliyi
Məni 3 gün çıpaq vəziyyətdə göydən asıblar, möhtərəm hakim. məni toka veriblər, bunu Allah götürməz axı, möhtərəm hakim.
- Əliyev, işgəncə ilə əlaqədar olaraq məhkəmə ekspertiza təyin edəcək ki, sən hərtərəfli yoxlanasan.
- Aprelin 30-dan mayın 15-nə kimi saxlandığım kamerada dustaq olub. Belimdəki işgəncə izlərini o oğlan görüb, mənim belimə «mazı» o çəkirdi. Onu da çağırın gəlsin.
Məhkəmədən tibbi ekspertiza keçirilməsini və kamera yoldaşının məhkəməyə gətirilməsini tələb edən Nadir Əliyevdir – ötən ilin aprel ayında Dövlət Neft Akademiyasında törədilən qətliamda təqsirləndirilənlərdən biri. Mayın 21-də bu cinayət işi üzrə keçirilən məhkəmə iclasında Nadir Əliyev tələb etdi ki, məhkəmə onun ibtidai istintaq zamanı məruz qaldığı işgəncə faktını araşdırsın.
Hakim Ramella Allahverdiyeva isə Nadir Əliyevə dedi ki, onun xəsarətlərinin öyrənilməsi ilə bağlı məhkəmə ekspertizası ilə bağlı vəsatətinə dindiriləndən sonra baxılacaq: «Sən hələ ifadə verməmisən. Şahidlərin dindirilməsi başa çatandan sonra məhkəmə səni dindirəcək, vəsatətinə də o zaman münasibət bildiriləcək».
Hazırda məhkəmə prosesində şahidlər dindirilir.
MƏHKƏMƏ İŞGƏNCƏLƏRİ NECƏ ARAŞDIRIR
«Azərbaycan məhkəmələrində ittiham olunan tərəfin hər hansı bir şikayətinin araşdırılması demək olar ki, yox dərəcəsindədir. Bir qayda olaraq prokurorun dedikləri hakim üçün mütləq əhəmiyyət kəsb edir, hakimlə prokuror ikisi də dövlətin adından çıxış edir və bu ikiliyin qarşısında vətəndaş həmişə təklənir».
Bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyir. Sərdar Cəlaloğlu 2003-cü il oktyabr hadisələri ilə əlaqədar həbsdə olub. O zaman məhkəməsində ibtidai istintaq vaxtı ona işgəncə verilməsi faktının araşdırılmasını tələb etsə də, ekspertiza rəyi onun xəsarətlərini düzgün qiymətləndirməyib. 2007-ci ildə Avropa Məhkəməsi Sərdar Cəlaloğlunun şikayətini təmin edərək ona işgəncə verilməsi ilə əlaqədar Azərbaycan dövlətinin ona 10 min avro təzminat ödəməsi barədə qərar çıxarıb. Sərdar Cəlaloğlu:
«Azərbaycan təcrübəsində məhkəmələrin prokurorluqla əlbir olması, birləşməsi demək olar ki, heç bir işin axıra qədər düzgün aparılmasına imkan vermir. Bu da ona gətirib çıxarır ki, vətəndaşlar baş vermiş heç bir faktı məhkəmə qaydasında sübut eləyə bilmirlər».
MƏHKƏMƏ BELƏ FAKTLARI ARAŞDIRMAQDA MARAQLI DEYİL
Sərdar Cəlaloğlu işgəncəyə məruz qaldığını sübut edə bilməyənlərə məsləhət görür ki, daha yüksək instansiyaya, yəni Avropa Məhkəməsinə müraciət eləsinlər.
Keçmiş polis rəisi, «Elmi-Praktik» Hüquq Mərkəzinin eksperti Mahmud Hacıyev isə deyir ki, şəxsin istintaq altında işgəncəyə məruz qaldığını məhkəmədə sübuta yetirməsi çətin məsələdir. Əksər hallarda təqsirləndirilən şəxsin işgəncə izlərinin yoxlanması ilə bağlı vəsatətləri qəbul olunmur. Çünki məhkəmə bu işgəncə faktlarını araşdırmaqda maraqlı olmur:
«Əgər ittiham olunan şəxslər vəsatət verirsə, zədəli yerlərini göstərirsə, əsaslı vəsatət qəbul olunmalıdır. Amma ki, Azərbaycan reallığıdır, inanmıram ki, qəbul eləyə».
DUSTAQ İŞGƏNCƏNİ SÜBUT ETMƏKDƏ ACİZDİR
Mahmud Hacıyevin fikrincə, hətta təqsirləndirilən şəxsin vəsatəti ilə məhkəmə tibbi ekspertizası təyin olunsa belə, o, bədənindəki işgəncə izlərini sübut etməkdə acizdir. Bunun üçün hələ də kağız üzərində qalmış alternativ və müstəqil ekspertizanın yaradılmasına ehtiyac var:
«Baxmayaraq ki, Avropa Şurasının üzvüyük və Milli Məclisdə kifayət qədər yaxşı-yaxşı qanunlar qəbul edirlər, ancaq bizdə hələ o qanunların icrası öz pik nöqtəsinə çatmayıb. Qanunu qəbul etmək bir işdir, onun icra mexanizmini tapmaq ikinci işdir. Biz hələ qanunların icra mexanizmi üzrə o qədər də sivil ölkələr sırasında deyilik».
2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxs binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə atəş açmaqla 12 nəfəri qətlə yetirib. Sonra həmin silahla özünü vurub. İstintaq orqanı hadisəni törədən şəxsin Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğunu müəyyən edib. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq məhkəmə qarşısına çıxarılıblar. Onlar ittihamları qəbul etmirlər və bu cinayətdən xəbərsiz olduqlarını deyirlər.
İş üzrə növbəti məhkəmə iclası mayın 24-də davam edəcək. Azadlıq Radiosu
 
 
 
  • Yazılıb
  • da (də) 2010 May 23