Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Yaxın Şərqdə status-kvoya son qoyulmasına və müstəqil Fələstin dövlətinin yaradılmasına doğru addımların sürətləndirilməsinə çağırıb.
Türkiyə Servisi/Aran Agentliyi
İstanbulda "BMT-dən Fələstin - İsrail sülh prosesinə dəstək" mövzusunda keçirilən konfransda çıxış edən Türkiyə XİN başçısı onun ölkəsinin Yaxın Şərqdə münaqişənin tezliklə həllinə nail olmaq üçün mümkün hər şeyi etməyə hazırlığını bəyan edib. "Regionun iki dövlətinin - Fələstin və İsrail dövlətlərinin probleminin həllinin gətirəcəyi sülhə və sabitliyə ehtiyacı var", - Davudoğlu deyib. - "Ümid edirəm, İsrail münaqişənin həlli üçün təklif olunan hazırkı şərtlərin vacibliyini başa düşəcək". Yerusəlimin statusuna toxunan türk nazir deyib ki, müsəlman və xristianlar üçün vacib olan bu şəhər ya qlobal sülh, ya da qlobal müharibə üçün nümunə ola bilər. "Yerusəlimdə baş verən bütün hadisələr qlobal təsirə malikdir", - Davudoğlu bildirib. - "Yerusəlim həm İsrailin, həm də Fələstinin paytaxtı olmalıdır". Mayın əvvəlində Mahmud Abbas başda olmaqla, Fələstin administrasiyası ABŞ-ın vasitəçiliyi sayəsinda İsraillə dolayısı ilə danışıqların aparılmasına razılıq verib. İsraillə dolayısı ilə danışıqlara Fələstin tərəfi dörd ay vaxt ayıracaq. Danışıqların yekunu olaraq, əlaqələrin davam etdirilməsinin məqsədəuyğunluğu və onların formatının dəyişdirilməsi haqda qərar qəbul edilməlidir. İsrail tezliklə birbaşa danışıqlara keçidin tərəfdarıdır. Həmin danışıqlar ilyarım bundan əvvəl kəsilib. Fələstinlilər danışıqların yekununda İsrail hökuməti ilə 1967-ci ildəki sərhədlərdə öz suveren dövlətlərini qurmaq və Şərqi Yerusəlimi paytaxt elan etməklə bağlı razılıq əldə olunacağına ümid edirlər. Lakin İsrail işalçılığını davam etdirir və şəhəri özünün əbədi və bölünməz paytaxtı elan edib.