Tarix : 2010 May 28
Kod 17586

BMT insan hüquqları ali komissarlığı azərbaycan iqtidarına tövsiyələrini açıqlayıb

Bu gün Caspian Plaza biznes mərkəzində BMT-nin İnsan Hüquqları Ali Komissarlığı “Mülki və siyasi hüquqlar haqqında” beynəlxalq Pakt, “İşgəncələrə və digər qəddar...
Azərbaycan Servisi/Aran Agentliyi
Bu gün Caspian Plaza biznes mərkəzində BMT-nin İnsan Hüquqları Ali Komissarlığı “Mülki və siyasi hüquqlar haqqında” beynəlxalq Pakt, “İşgəncələrə və digər qəddar, insanlıqdan kənar, yaxud ləyaqəti alçaldan davranış və cəza növləri əleyhinə dair” Konvensiya, “İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında” beynəlxalq konvensiya, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya , “Bütün fəhlə miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” beynəlxalq konvensiyalar üzrə Azərbaycanın hesabatları əsasında yekun qeydlər və tövsiyələrin təqdimatını keçirib. Təqdimat mərasimində BMT-nin İnsan Hüquqları Ali Komissarlığının Cənubi Qafqaz üzrə koordinatoru, hökumətin təmsilçiləri, hüquq-müdafiə təşkilatlarının nümayəndələri iştirak ediblər. İnsan Hüquqları Ali Komissarlığı hesab edir ki, dövlət Ombudsmanın şikayəti ilə bağlı hökumətin gördüyü tədbirlərin sayı və təfərrüatı ilə bağlı məlumat verməli, məişət zorakılığı ilə bağlı effektiv mübarizə üçün qanunvericilik gücləndirməli, qurbanlar üçün sığınacaqların sayını artırmalı, qızlar və oğlanlar üçün eyni nigah yaşı təsdiq etməli, əcnəbiləri işgəncə və pis rəftara məruz qaldığı ölkələrə ekstradisiya, deportasiya etməməli, zorla geri qaytarmamalı, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasını bağlamalı və ya Ədliyyə Nazirliyinə verməli, işgəncə və pis rəftarla bağlı şikayətlərə dərhal baxmalı, zərərçəkmiş şəxslərə konpensasiya verməli, məsuliyyət daşıyan şəxslərə qarşı ittiham irəli sürməli, polis məntəqələrində və məhkəməyə qədər saxlama yerlərində audio və video avadanlıqlardan istifadə təcrübəsinin tətbiqinə şərait yaratmalı, müstəqil məhkəmə orqanlarının fəaliyyətinə şərait yaratmalı, xüsusilə məhkəmə orqanlarında korrupsiya hallarına qarşı mübarizə səylərini artırmalıdır. Komitə dövlətə söz azadlığı sahəsində birbaşa və dolayı yolla məhdudiyyətlərə son qoymaq üçün zəruri tədbirlərin görülməsini tövsiyyə edir. “Tərəf dövlət KİV işçilərini onların ləyaqətinə və həyatına qarşı yönəlmiş qəsdlərdən effektiv qorumağa, belə hallar baş verdikdə xüsusi diqqət yetirməyə və kəsərli cavab verməyə səslənilir. Dövlət müstəqil qəzetləri, həmçinin radiostansiyaların yerli yayımını əsassız qaydada məhdudiyyət çərçivəsində saxlamamalıdır. Dövlət toplaşmaq hüququnun heç bir məhdudiyyətə məruz qalmasına şərait yaratmamalıdır”, - deyə “Mülki və siyasi hüquqlar haqqında” beynəlxalq paktla bağlı tövsiyələrdə qeyd edilir. İşgəncələrlə bağlı tövsiyələrdə deyilir ki, dövlət 2003-cü ildən etibarən işgəncə əleyhinə şikayətlərin sayı da daxil olmaqla, görülən tədbirlərlə bağlı Komitəyə məlumat verməlidir. “Dövlət Cinayət Məcəlləsinin 133-cü maddəsinə əsasən, işgəncəyə görə məsul şəxslərin və rəsmilərin ittiham edilməsinin mümkünlüyünü təmin etməlidir. İşgəncə ilə bağlı açıq qalmış ittihamları təmin etmək üçün mühüm tədbirlər görülməlidir. İştirakçı dövlət azadlıqdan məhrum olunma zamanı qeydiyyatı təmin etməli, işgəncədən qorunmaq məqsədilə dustaqlar üçün mərkəzi qeydiyyat sistemini Avropa Komitəsinin tövsiyələrinə uyğunlaşdırmalı, bütün saxlanma yerlərinin müstəqil monitorinqinə şərait yaratmalıdır. Cəzaçəkmə yerlərində bütün ölüm halları araşdırılmalı, bu hallara görə cəld istintaq aparılmalı, qurbanların ailələrinə konpensasiya verilməlidir”. Müzakirələrdə bütün hallar üzrə tövsiyələrin yerinə yetirilməsi vacib bilinib. BMT-nin İnsan Hüquqları Ali Komisarlığının C ənubi Qafqaz üzrə koordinatoru Vladlen Stefanov Azərbaycanın konvensiyalar üzrə hesabatlar verməsini müsbət qiymətləndirib. Çıxışlarda alternativ hesabatların Komissarlığa təqdimatı da vacib sayılıb. “Bir çox hallarda cəzaçəkmə yerlərində monitorinqi rəsmi qurumların müəyyən etdiyi hüquq-müdafiə təşkilatları aparır. Dəfələrlə müraciətlərimizə baxmayaraq, təşkilatımız həbsxanalarda monitorinq aparmaq üçün buraxılmayıb”, - deyə hüquq müdafiəçisi Emin Hüseynli qeyd edib. Çıxışlarda uşaq hüquqları sahəsində islahatlar, maarifləndirmə, regionlarda hüquq məsləhətxanalarının azlığı, həbsdə olan şəxslərin şikayətlərinin araşdırılması, həbsxanalarda hüquqi məsləhətlərə ehtiyac duyulduğu da vurğulanıb.
 
 
 
 
 
  • Yazılıb
  • da (də) 2010 May 28