Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dünya birliyinin Dağlıq Qarabağda keçirilmiş “parlament seçkiləri” ilə bağlı mövqeyindən razıdır
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dünya birliyinin Dağlıq Qarabağda keçirilmiş “parlament seçkiləri” ilə bağlı mövqeyindən razıdır. “Bu yaxınlarda Dağlıq Qarabağda separatçı kriminal rejim tərəfindən keçirilmiş qanunsuz, qondarma “seçkilər” və “seçkilərə” beynəlxalq birlik tərəfindən verilən qiymət bir daha onu göstərir ki, dünya birliyi separatizmi qəbul etmir, Dağlıq Qarabağı müstəqil qurum kimi qəbul etmir və etməyəcək”,- Əliyev mayın 28-də “Buta” Sarayında təşkil olunmuş qəbul mərasimində bildirib. Əliyev ötən həftə Avropa Parlamenti tərəfindən qəbul olunmuş “Aİ-nin Cənubi Qafqazda strategiyasına tələblər” üzrə qətnamə qəbul etməsini yüksək qiymətləndirib. Sənəddə Ermənistan təcavüzkar kimi tanınır, işğal olunmuş ərazilərin azad edilməsi tələb olunur. Əliyev bu qətnamənin ATƏT-in Minsk Qrupunun “Madrid prinsipləri”nə zidd olması barədə Ermənistan rəhbərliyinin bəyanatını “gülünc” adlandırıb. “Belə gülməli və qeyri-ciddi şərhlər təkcə onu göstərir ki, Ermənistan tərəfi doğrudan da təşviş içindədir. Onlar bu ağır vəziyyətdən çıxmaq üçün konkret addımlar atmalıdırlar”, -prezident vurğulayıb. Ermənistanın Türkiyə ilə sərhədlərin açılması ilə bağlı ümidləri də doğrulmadı. “Ermənistan tərəfi çox ümid edirdi ki, Türkiyə-Ermənistan sərhədləri açılacaq, beləliklə, onlar üçün bir nəfəs borusu yaranacaq və Qarabağ məsələsi kənara qoyulacaq. Ancaq həyat və Türkiyə tərəfinin prinsipial mövqeyi onların bütün planlarını alt-üst etdi”, - Əliyev bildirib. O, Azərbaycanın münaqişənin dinc yolla nizamlanmasına tərəfdar və DQ-yə ən yüksək muxtariyyət verməyə olduğunu bildirib. Bununla yanaşı o, bütün dinc vasitələr tükəndiyi halda, problemin hərbi yolla həllini istisna etməyib.