Tarix : 2010 May 30
Kod 17617

AZƏRBAYCANIN XARİCİ DÖVLƏT BORCU NƏ QƏDƏRDİR?

Azərbaycanın xarici dövlət borcu aprelin 1-nə 3,440 mlrd. dolları ötüb
Azərbaycan Servisi/Aran Agentliyi

Azərbaycanın xarici dövlət borcunun həcmi 2010-cu ilin aprel ayının 1-nə 3 440,3 mln. ABŞ dolları təşkil edib ki, bu da ilin əvvəlinə olan analoji göstərici ilə müqayisədə 0,5% çoxdur. Xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti isə 8%-ə bərabər olub.

Maliyyə Nazirliyindən verilən məlumata görə, aprelin 1-i vəziyyətinə istifadə olunmuş kreditlər üzrə adambaşına düşən xarici borc 381,3 dollar təşkil edib.

Hökumət və dövlət qurumları tərəfindən cəlb olunan kreditlərin əsas hissəsi investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı olub. Belə ki, bu cür kreditlərin həcmi 3 126,38 mln. dollar və ya ümumi xarici borcun 90,88%-ni təşkil edib. Həmin məbləğin 39,69%-i və yaxud 1 365,44 mln. dolları elektrik enerjisi sektoruna, 3,65%-i (125,56 mln. dollar) kənd təsərrüfatı, 26,55%-i (913,1 mln. dollar) yol tikintisi və nəqliyyat, 8,95%-i (307,98 mln. dollar) su təchizatı və meliorasiya, 5,78%-i (198,93 mln. dollar) neft, qaz və kimya, 4,37%-i (150,27 mln. dollar) sosial, 1,89%-i isə (65,11 mln. dollar) digər sahələrdə layihələrin maliyyələşdirilməsinə sərf olunub.

İqtisadi islahatlara yönəldilən xarici kreditlərin məbləği isə 313,91 mln. dollar (xarici borcun 9,12%-i) təşkil edib. Bu məbləğin 256,37 mln. dolları (7,45%-i) Dünya Bankı, 57,54 mln. dolları isə (1,67%-i) Beynəlxalq Valyuta Fondu tərəfindən ayrılıb.

Ümumiyyətlə, bu il istifadə edilən kreditlərin həcmi aprelin 1-i vəziyyətinə 154,3 mln. dollar təşkil edib. Bununla yanaşı, 2010-cu ilin I rübü ərzində xarici borca xidmətlə əlaqədar xərclərin həcmi 39,3 mln. dollar təşkil edib ki, bunun 31 mln. dolları əsas borc, 8,3 mln. dolları isə hesablanmış faizlərin payına düşüb.

Qeyd edək ki, I rüb ərzində xarici borca xidmətlə əlaqədar ödənilmiş vəsaitin 20,9 mln. dolları dövlət büdcəsi hesabına həyata keçirilib.

  • Yazılıb
  • da (də) 2010 May 30