Kürün deltasının lildən təmizlənməsinə Rusiya şirkətinin də kömək etməsi mümkündür, amma bir neçə gün öncə isə xarici köməyə heç bir ehtiyac olmadığı bildirilirdi
Azərbaycan Servisi/Aran Agentliyi
“Araz çayından yeni qolun açılması qabaqlayıcı tədbirlərdən biridir”, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib. Nazirin sözlərinə görə, son illər Araz və Kür çayında sululuğun artmasının yaradacağı fəsadların qarşısını almaq üçün Arazın yeni qolunun açılmasına ehtiyac yaranıb: Gələcəkdə burda güclü şlyuzların qoyulması nəzərdə tutulub. Kənd Təsərrüfatı Nazirliyi, “Meliorasiya və Su Təsərrüfatı” ASC və digər müvafiq təşkilatlar gələcəkdə məcradan axan suya nə qədər tələbat olduğunu müəyyənləşdirəcəklər və qola buna uyğun da su buraxılacaq. Bununla da sular idarə olunacaq”. K. Heydərov bildirib ki, mütəxəssislərin rəyinə görə, Araz və Kürdə suyun səviyyəsində azalma müşahidə olunur: “Mingəçevir Su Anbarına daxil olan və çıxan su da stabildir”. Nazir hazırda bənd bərkitmə işlərinin davam etdiyini açıqlayıb: “Yağışlar zamanı suda artım olan hallarda yumşalan bəndlərdə də bərkitmə işləri davam etdirilir: “Kürün deltasında da lil təmizləmə prosesi gedir. Həm Xəzər Dəniz Gəmiçiliyinin, həm də ARDNŞ-nin gəmiləri orada işləyir. Rusiyada suyun dibini dərinləşdirməklə məşğul olan, bu sahədə ixtisaslaşmış “Kasptransform” şirkətinin bizim işlərə kömək etməsi mümkündür. Sistem olaraq suların idarə olunması qarşımızda bir məqsəd kimi durur. Hər bir təşkilat bununla bağlı öz proqramını təqdim edəndən sonra nəticələrə əsasən ümumi, milli proqram qəbul edəcəyik”.