Baxmayaraq ki, parlament seçkilərinə 5 aydan bir qədər çox vaxt qalır, ölkədə seçkiqabağı siyasi mühit hiss olunmur
Azərbaycan Servisi/Aran Agentliyi
Baxmayaraq ki, parlament seçkilərinə 5 aydan bir qədər çox vaxt qalır, ölkədə seçkiqabağı siyasi mühit hiss olunmur. Bu fikir bazar ertəsi Azərbaycan İnsan Hüquqları Evində “Parlament seçkilərinə hazırlıq və gənclərin seçkilərdə iştirakı” mövzusunda keçirilən forumda səslənib. Tədbiri Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) mərkəzi təşkil etmişdi.
“Avqustun 25-dən gec olmayaraq (səsvermə günündən - 7 noyabr - 75 gün əvvəl) başlamalı olan seçki kampaniyasına rəsmi start verilməzdən əvvəl ölkədə siyasi mübarizə üçün şərait yoxdur. Əvvəlki kimi sərbəst toplaşmaq azadlığı, söz və mətbuat azadlığı kəskin şəkildə məhdudlaşdırılır.
Televiziyada seçicilərin siyasi partiyaların seçkiqabağı platformaları ilə tanış ola bilmələri üçün siyasi debatlar aparılmır. Bundan başqa, seçki qanunvericiliyində ciddi nöqsanlar var, ən əsası isə, seçki komissiyalarının tərkibinə ictimai etimad yoxdur”, deyə SMDT-nin icraçı direktoru Bəşir Süleymanlı bildirib.
O, ölkədə seçicilərin sayı ilə bağlı rəqəmlərdə olan fərqə diqqət çəkib. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ölkə əhalisinin 71%-i, MSK-nın məlumatına görə isə 54%-i səs vermək hüququna malikdir.
Seçkilərdə gənclərin roluna toxunan Süleymanlı qeyd edib ki, onlar siyasi proseslərdə, habelə seçkilərin monitorinqində fəal rol oynaya bilərlər.
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlının fikrincə, siyasi fəallarla yanaşı, gənc fəallar da hüquqi məsələlərə ciddi diqqət yetirməlidirlər. “Seçkilər zamanı aşkar edilmiş bütün pozuntular aktlaşdırılmalıdır. Strasburq Məhkəməsində 2005-ci il parlament seçkiləri zamanı Bərdədə qanun pozuntusunun qəbul edilməsinə nail olan Nemət Əliyevin təcrübəsi göstərdi ki, kampaniya düzgün təşkil edilərsə, məhkəmədə seçkilərin saxtalaşdırılması faktlarının tanınmasına nail olmaq olar”, deyə Qurbanlı bildirib.
Onun fikrincə, son aylar ərzində müxalifət bir neçə etiraz aksiyası keçirməklə siyasi həyatda canlanmaya nail ola bilib və bu istiqamətdə növbəti addımlar cəmiyyəti süstlük vəziyyətindən çıxara bilər.
Müsavat partiyası gənclər təşkilatının sədr müavini Səxavət Sultanlı da hesab edir ki, vaxt amili həlledici rol oynamır və demokratik qüvvələr fəal olarsa, “seçkilərə bir ay qalmış da ölkədə vəziyyəti dəyişmək olar”.
“10 dekabr” gənclər təşkilatının həmtəsisçisi Sənubər Heydərli seçkilərin monitorinqinə sadəcə gənclərin cəlb edilməsi deyil, onların arasından saxtakarlıqlara qarşı mübarizə aparmağa hazır olanların seçilməsi zərurətini qeyd edib.
Görüş zamanı gənclərin KİV və İnternetin imkanlarından istifadə etməsi, habelə həyətlərdə və məhəllələrdə seçicilərlə işin gücləndirilməsi, onlarda seçkilərdə iştiraka maraq yaradılması zərurəti vurğulanıb.
125 deputat yeri olan 4-cü çağırış Azərbaycan parlamentinə seçkilər noyabrın 7-də keçiriləcək.