Amma o DAK sədri kimi həmin qurumun adından İsrail əleyhinə söz deməyə cürət etməyib
Azərbaycan Servisi/Aran Agentliyi
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı iyunun 4-də partiyanın yeni qərargahında (metronun “Xətai” stansiyası yaxınlığında, Xaqani Rüstəmov küçəsi 1210-cu məhəllə) ilk mətbuat konfransını keçirib. İlk öncə qərargahın tikilməsi barədə danışan VHP sədri bildirib ki, 6 mərtəbədən ibarət qərargahın tikintisi 300 min manata başa gəlib. Tikintinin belə ucuz başa gəlməsinə səbəb 2008-ci ilin ikinci yarısında başlaması, yəni beynəlxalq böhranla bağlı tikinti materiallarının qiymətlərinin uçuzlaşması və tikintidə əsasən qohum-əqrəbasının iştirakı ilə bağlıdır. “Bu tikinti ilə VHP müstəqil patiya qərargahı qazanıb və bu, Azərbaycanda ilk təcrübədir”, - deyə S.Rüstəmxanlı qeyd edib. O, partiya ilə yanaşı, qərargahda “Vətəndaş Həmrəyliyi” qəzetinin, Dünya Azərbaycanlıları Konqresinin (DAK), “Bakı-Təbriz jurnalı”nın, Azərbaycan Dil Qurumunun yerləşəcəyini də bildirib.
Daha sonra Qəzzəyə yardım aparan beynəlxalq heyətin İsrail hərbiçilərinin basqınına məruz qalmasına, insan tələfatına yol verilməsinə toxunan VHP sədri bu hadisəni partiya olaraq pislədiklərini deyib. “İnsan itkilərinə yol verilməsinə bəraət yoxdur və İsrail bu qətllərə görə beynəlxalq aləmə cavab verməlidir”, - deyə S.Rütəmxanlı hadisəyə sədri olduğu partiyanın münasibətini ifadə edib.