Biz “yox” deməsəydik, özümüzü inkar etmiş olardıq. İmzalarımızı inkar etmiş olardıq
Türkiyə Servisi/Aran Agentliyi
“Biz “yox” deməsəydik, özümüzü inkar etmiş olardıq. İmzalarımızı inkar etmiş olardıq. Bu, qürursuz davranış olardı. Biz bu qürursuzluğu qəbul edə bilməzdik. Çünki tarix bizi bağışlamaz”.
Bu sözləri bu gün Türk-Ərəb Əməkdaşlıq Forumu xarici işlər nazirlərinin üçüncü sammitinin açılışında çıxış edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan BMT-nin İrana sanksiyaların tətbiqini nəzərdə tutan qətnaməsini tənqid edib: “Niyə tələsirsiniz? Əgər İran sözündə durmasa, bu addımı atın. Ancaq İran indiyə qədər sözünün üstündə durub. Mübadilə üçün Türkiyəni qəbul etməz dediniz, qəbul etdi. Bu proses başladığı halda sanksiyalarda onun qarşısını kəsmək yolunu seçdiniz. Dünən qətnaməyə “yox” deməmizin yeganə səbəbi imzamızın arxasında durmağımızdır. Bu imzanın arxasında durmasaq, gələcək nəsillər bizi əfv etməzdi”.
Ərdoğan BMT Təhlükəsizlik Şurasının İrana embarqoların tətbiqi ilə bağlı qərarını şərh edərkən bildirib ki, Türkiyə qərarlı davranışını davam etdirəcək: “Bu gün də məsələnin diplomatik yollarla həlli istiqamətindəki səylərimiz davam edir və edəcək. Ortaya çıxan nəticəyə kimsənin başqa mənalar yükləməməsinin vacibliyini xatırlatmaq istəyirəm”.
/trtazerbaycan.com/