Azərbaycan Servisi/Aran Agentliyi
“Bizim istəyimiz və inamımız ondan ibarətdir ki, İranla bağlı yaranmış problemin nizama salınması üçün sağlam düşüncə üstün gələcək və problemin həlli məqsədilə ciddi bir gərginliyə səbəb olacaq vasitə seçilməyəcək”. Hakim Yeni Azərbaycan Partiyasının icra katibi, deputat Əli Əhmədov iyunun 12-də “Media forum” saytının “Azərbaycan İrana qarşı BMT-nin tətbiq etdiyi yeni sanksiyalara qoşulmalıdırmı” sualına cavab verərkən belə deyib.
Əli Əhmədov bildirib ki, Azərbaycanın İranla bağlı siyasəti məlumdur və bu siyasət davam etdirilir: “BMT kimi nüfuzlu beynəlxalq təşkilatın İrana qarşı sanksiyalar tətbiq etmək haqda sonuncu qərarına gəlincə, Azərbaycan dünya birliyinin üzvü kimi özünü bu birlikdən kənarda təsəvvür etmir. BMT-nin qəbul etdiyi qərarlar özünü dünya birliyinin üzvü sayan bütün ölkələr tərəfindən qəbul olunacaq və ona hansısa dərəcədə əməl ediləcək.
Amma bütün bunlarla yanaşı, bir necə fakt mütləq nəzərə alınmalıdır. Azərbaycan sülhsevər bir ölkə olaraq dünyadakı bütün problem və mübahisəli məsələlərin sülh və danışıqlar vasitəsilə həll olunmasının tərəfdarıdır. Hesab edirik ki, İran probleminin dinc yolla deyil, hər hansı xüsusi gərginliyə və daha böyük faciələrə gətirib çıxaracaq üsullarla həll olunması bütövlükdə dünya birliyi üçün məqbul variant deyil. Azərbaycan üçün isə bu variant heç cür qəbul oluna bilməz. Əvvəla, İranla Azərbaycan qonşu dövlətlərdir. İkincisi, İran və Azərbaycanı bir-birinə bağlayan digər köklər və amillər də mövcuddur. Hesab edirəm ki, bunlar da nəzərə alınmalıdır”. \mediaforum\