Tarix : 2010 Jun 13
Kod 17877

Cavid bağında iqtidar-müxalifət savaşı

Həbs olunan müsavatçı gənclərə polis bölməsində işgəncə verildi; 40-dək iştirakçı saxlanıldı, 23 nəfər Qobustan muzeyində “gəzdirildi”, 2 nəfər isə 10 sutka həbs cəzası aldı
Azərbaycan Servisi/Aran Agentliyi
Dünən Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaqa (DUİ) daxil olan partiyalar saat 15:00-da Milli Elmlər Akademiyasının qarşısındakı Cavid bağında təyin etdikləri mitinqi keçirməyə cəhd etdi. Aksiya iştirakçıları bir gün öncə orijinal mitinq taktikasından istifadə edəcəklərini bəyan etmişdilər. Mitinq iştirakçılarının tələbi bunlar idi: “Vətəndaşların sərbəst toplaşmaq azadlığı təmin edilsin!”, “Seçkiqabağı tam demokratik rəqabət şəraiti yaradılsın!”, “Jurnalistlərə qarşı repressiyalara son qoyulsun!” Artıq mitinqin başlanmasına iki saat qalmış əraziyə xeyli sayda polis qüvvələri cəlb olunmuşdu. Buna qədər metronun “28 may” və “Elmlər Akademiyası” stansiyalarına giriş-çıxış məhdudlaşdırılmışdı. Cavid bağına girişi də yasaqlamşdılar; dükan və kafelər qapadılmışdı. Vətəndaşlar ərazidən uzaqlaşdırıldı, onların metronun qarşısında dayanmasına imkan verilmədi.
Yaxınlıqdakı dayanacağa gələn marşrutlara da ciddi nəzarət olunurdu. Xeyli sayda polis qüvvələri ərazini nəzarətə götürdü. Cavid bağına gedən istiqamətdə bir neçə avtobus polislərlə doldurulmuşdu. Polislərlə yanaşı ərazidə mülki geyimli şəxsləri də görmək olardı.
General Yaşar Əliyevin özünü təqdim etməsi
Öncə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, general Yaşar Əliyev, Yasamal Rayon Polis İdarəsinin (RPİ) rəisi Məhəbbət Hüseynov, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov əraziyə gəldilər. Qeyd edək ki, aksiya başlamazdan öncə artıq Müsavat Partiyası Gənclər Təşkilatının (GT) sədri Tural Abbaslı, onun müavini Əhəd Məmmədli, habelə gənc müsavatçılar Rüfət Hacıbəyli, Rəşad Əliyev Cavid bağına gələrkən yolda polislər tərəfindən saxlanılmışdı.
Saat 15:10 radələrində aksiyada ilk hərəkətlilik başladı. Müsavat başqanının müavinləri Tofiq Yaqublu və millət vəkili Arzu Səmədbəyli metronun qarşısına gəldilər. General Yaşar Əliyev onlara yaxınlaşaraq söhbət etmək üçün maşına dəvət etdi. A.Səmədbəyli və T.Yaqublu maşına minməkdən imtina etdilər. Y.Əliyevin israrı nəhayət, aksiyanın başlanması ilə nəticələndi. Müsavatçı fəal qadınlardan biri A.Səmədbəylinin həbs olunmasına etiraz edərək onun millət vəkili kimi toxunulmazlıq hüququnun olmasını Y.Əliyevin diqqətinə çatdırdı. Y.Əliyev cavabında “mən də generalam” deyərək polislərə A.Səmədbəylinin və T.Yaqublunun patrul maşınlarına aparılması barədə göstəriş verdi.
Polis hücuma keçir...
Bundan sonra aksiyaçılar Cavid bağına doğru izdihamlı yürüş etməyə başladılar. Onların “Azadlıq” hayqırtısı polislər tərəfindən boğuldu. Polislər aksiyaçılara “Azad seçki”, “Azadlıq”, “Müsavat” şüarlarını daha artıq səsləndirməyə imkan vermədilər, onları dərhal avtobus və maşınlara basaraq ərazidən uzaqlaşdırdılar. Polislər iştirakçılara qarşı olduqca sərt davranırdı, onların ağzını yumub maşınlara basırdılar. Eyni rəftarı müsavatçı qadınlara qarşı da müşahidə etmək olardı. Onların sərt təzyiqi nəticəsində aksiya dağıdıldı.
Lakin mitinq təkcə metronun önündəki aksiya ilə yekunlaşmadı. Etirazçılar ətraf küçələrə toplaşdılar, ara bir az sakitləşən kimi bağa doğru irəliləyib şüarları səsləndirməyə başladılar. Nəticədə polis bir qədər sonra Cavid bağında “Azadlıq” şüarı səsləndirən müsavatçıları, ardınca AXCP GT sədri Əbülfəz Qurbanlını, “pia.az” saytının reportyoru Elmin Bədəlovu həbs etdilər. Aksiyaya Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) üzvləri də dəstək verirdi. Partiya funksionerləri Nurəddin Abbasoğlu, Səfər Hümbətov və 3 partiya üzvü Cavid bağında saxlanılıb. Aksiyaçıları maşınlarla ərazidən uzaqlaşdırıb Bayıl ətrafında sərbəst buraxıblar. Ümumilikdə, aksiya təşkilatçılarının 40-a yaxın üzvü həbs olundu. Onlar Yasamal RPİ 26, 27 və 28-ci saylı polis bölmələrinə aparıldı.
Gənclər vəhşicəsinə döyüldü, jurnalistlərə də təzyiq oldu
Ötən aksiyalarla müqayisədə dünənki aksiyada polis etirazçılardan əlavə jurnalistlərə qarşı da kobud rəftar edirdi. Onların çəkiliş aparmasına imkan vermir, təzyiq və təhqir edir, müxbirləri ərazidən uzaqlaşdırmağa cəhd göstərirdilər. Polislər RATİ-nin reportyoruna, “Azadlıq” qəzetindən Ramin Deko və Natiq Güləhmədoğluna, “Azadlıq” radiosundan Abbas Atillaya, həmçinin ərazidə olan müxbirlərimizə maneçilik törətdilər, fotokameraları əllərindən almağa çalışdılar.
Dünən Müsavat Partiyasının funksioneri Gülağa Aslanlıdan aldığımız xəbərə görə, GT sədri Tural Abbaslı, onun müavini Əhəd Məmmədli və Səxavət Soltanlı polis bölməsində fiziki təzyiqə məruz qalıblar. 50-yə yaxın polis əməkdaşı 3 gəncin üstünə tökülüb onları vəhşicəsinə döyüblər, mülki geyimli şəxslər onlara qarşı təhqiramiz ifadələr işlədib. Onu da bildirək ki, saxlanılanlardan 23 nəfəri avtobuslara doldurub Qobustan açıq muzeyinə aparıblar. Son anda aldığımız məlumata görə, onları muzeydə gəzdiriblər. İki avtobus dolu polis əməkdaşlarının da onları müşayiət etdiyi bildirilir. Görünür, hökumətimiz etiraz aksiyası keçirənləri gəzdirmək üçün “mədəni üsul” kəşf edib.
6 aksiyaçı məhkəmə qarşısına çıxarıldı
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Azadlıq” radiosuna açıqlamasında aksiyanın icazəsiz olduğu üçün qarşısının alındığını deyib: “Bakı Şəhər İcra Hakimiyyəti orqanları ilə razılaşdırılmadığı üçün müxalifətin icazəsiz mitinq cəhdinin qarşısı alınıb. Bu zaman polisə müqavimət göstərən 30-a yaxın adam saxlanıb. Onların 24-25-i Yasamal RPİ-də xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. 6 nəfərin işi isə qanunla müəyyən olunmuş qaydada tədbir görülməsi üçün məhkəməyə göndəriləcək”.
Xatırladaq ki, həmin 6 nəfər bunlardır: Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Müsavat başqanının müavini Tofiq Yaqublu, Müsavat GT sədri Tural Abbaslı, onun müavini Əhəd Məmmədli, Müsavat Partiyası Laçın rayon təşkilatının sədri Ramiz Xəlilov və AXCP GT sədri Əbülfəz Qurbanlı. Onların barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib.
Qeyd edək ki, aksiyanın zorakılıqla dağıdılması ATƏT, Avropa Şurası və başqa beynəlxalq təşkilatların nümayəndələrinin gözü qarşısında baş verirdi.
Mitinq zamanı həbs olunanların ilkin siyahısı:
  1. Arif Hacılı - Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri
  2. Tofiq Yaqublu - Müsavat başqanının müavini
  3. Rafiq İsmayıl - Sabunçu RT sədri
  4. Hacı İzzət Məmmədli - Cəbrayıl RT sədri
  5. Fəxrəddin Abbas - Sumqayıt şəhər təşkilatının sədri
  6. İlqar Mahmudov - Laçın RT üzvü
  7. Zakir Məmmədzadə - Nizami RT sədri
  8. Mustafa Hacılı - Xətai RT sədri, “Demokrat” qəzetinin baş redaktoru
  9. Əli Qasımov - Nizami RT sədrinin müavini
  10. Ramiz Xəlilov - Laçın RT sədri
  11. Kərimxan Zeynalov - Səbayel RT üzvü
  12. Əliş Əzizov - Binəqədi RT üzvü
  13. Nurməmməd Xanlarov - Binəqədi RT üzvü
  14. Şahin Şirinov - Binəqədi RT üzvü
  15. Zaur Əkbər - Yasamal RT üzvü
  16. Elçin Səlimov - Müsavat Partiyasının fəalı
  17. Tural Abbaslı - Müsavat GT sədri
  18. Əhəd Məmmədli - Müsavat GT sədr müavini
  19. Səxavət Soltanlı - Müsavat GT üzvü
  20. Rəşad Əliyev - Müsavat GT üzvü
  21. Rüfət Hacıbəyli - Müsavat GT üzvü
  22. Zaur Şirinli - Müsavat GT üzvü
  23. Mürşüd Şahvələdov - Müsavat GT üzvü
  24. Ramin Baxış - Müsavat GT üzvü
  25. Tural Soltan - Müsavat GT üzvü
  26. Xanəli Eynulla - Milli Qurtuluş Partiyası Gənclər Təşkilatının sədri
  27. Musa Əhmədzadə - Milli Qurtuluş Partiyası Siyasi Şurasının üzvü
  28. Əbülfəz Qurbanlı - AXCP GT sədri
  29. Ramazan Dağdələn - Türkiyə vətəndaşı
  30. Elmin Bədəlov - jurnalist
  31. Nurəddin Abbasoğlu (AMDP)
  32. Səfər Hümbətov (AMDP)
Günün sonunda aldığımız xəbərə görə, polis Qobustana apardığı 23 aksiyaçını dünən axşamüstü gətirərək Lökbatanda, “Sədərək” ticarət mərkəzinin qarşısında sərbəst buraxıb. İşi məhkəməyə göndərilən 6 nəfər barədə bu qərarlar verilib: Arif Hacılı və Tofiq Yaqubluya xəbərdarlıq olunub, Tural Abbaslı və Əhəd Məmmədli hərəsi 25 manat cərimələnib, Ramiz Xəlilov və Əbülfəz Qurbanlı isə hərəsi 10 sutka həbs cəzası alıb.
 
  • Yazılıb
  • da (də) 2010 Jun 13