Azərbaycan Servisi/Aran Agentliyi
Keçmiş amerikalı jurnalist, Azərbaycana hələ müstəqilliyini yeni elan etdiyi vaxtlardan gəlib-gedən Tomas Qoltsun nüfuzlu “The Foreign Policy” jurnalında Vaşinqton-Bakı münasibətləri haqda kifayət qədər sensasion sayılacaq məqaləsi dərc olunub. Məqalədə müdafiə naziri Robert Geytsin Bakıya səfəri ilə ABŞ-Azərbaycan münasibətlərində baş verməkdə olan dəyişikliklərdən bəhs edilir.
“Əgər mən hələ də jurnalist işləsəydim, ötən şənbə günü ABŞ-ın müdafiə naziri Robert Geytsin Bakıya qəfil səfəri haqda xəbər mənimçün ”yağlı material" olardı. Geytsə Vaşinqtonla Bakı arasında getdikcə mürəkkəbləşən problemli münasibətləri düzəltmək tapşırığı verilib. Mən bu qəfil səfər haqda mətbuata xəbərlər yayılmazdan əvvəl eşitdim. Bakıda olduğumu bilən köhnə dostum zəng edib dedi ki, onun keçmiş bossu, Amerika kəşfiyyatının zabiti mənə bir neçə bakal pivə almaq istəyir" - deyə T.Qolst yazır.
Keçmiş jurnalistin məqaləsindən bəlli olur ki, onunla görüşən və Geytsin səfəri haqda məlumat verən kəşfiyyat zabiti Bakıda diplomatik toxunulmazlıq statusu altında işləyir. Lakin jurnalist təbii ki, onun adını açıqlamır. Bununla belə məlum olur ki, kəşfiyyat zabitinə T.Qoltsla görüşmək tapşırığını ABŞ-ın Bakıdakı müvəqqəti işlər vəkili Donald Lu verib.
Amerika kəşfiyyatçısı pivə içə-içə nə danışıb?
“ABŞ-ın müvəqqəti işlər vəkili mənə tapşırıb ki, sizinlə söhbət edim. Ancaq Dövlət Departamentini mən yox, o, təmsil edir” - deyə kəşfiyyatçı Qoltsa pivə stolu arxasında bildirib. Zabit Qoltsa deyib ki, ona Geytsin səfərini hazırlamaq tapşırığı verilib. “Biz nəhayət belə qərara gəlmişik ki, Azərbaycanla münasibətlərimizi daha da korlanmağa imkan vermədən düzəldək”, - deyə kəşfiyyatçı bildirib. Ardınca Amerika kəşfiyyatının rezidenti gülümsəyərək Qoltsa bildirib: “Bizi əslində nə insan haqları və demokratiyanın qurulması, nə İsrail və Türkiyə, nə də Qarabağda sülhün təmin edilməsi maraqlandırmır. Hətta Azərbaycanın enerji ehtiyatları da bizə artıq maraqlı deyil. Biz birbaşa indi ancaq bir şeylə məşğuluq. Bu da Əfqanıstandır”.
T.Qolts yazır ki, kəşfiyyatçının bu sözləri ona təəccüblü deyildi. Ancaq hər halda soruşub: “Əfqanıstan?” Kəşfiyyatçı isə təsdiqləyib: “Bəli, məhz Əfqanıstan”.
T.Qolst qeyd edir ki, Azərbaycanın Əfqanıstandakı müharibədə rolu kifayət qədər məlumdur. Bu ölkə Əfqanıstana simvolik olaraq 90 əsgərini göndərib və ABŞ-la kəşfiyyat məlumatlarını bölüşdürüb. Lakin Azərbaycanın Əfqanıstandakı hərbi kampaniyaya əsas töhfəsi coğrafidir. Qafqazda yerləşən Azərbaycan Avropa ilə Orta Asiya arasında körpüdür, Bakı Əfqanıstana yüklərin daşınması üçün alternativ dəhliz açıb, öz hava məkanından Amerika təyyarələrinin keçməsinə icazə verib, Azərbaycanın dəniz limanları da NATO yükləri üçün açıqdır.
“İndiyədək Azərbaycandan keçən dəhlizin bağlana biləcəyinə dair hər hansı təhdid olmayıb, ancaq Azərbaycan belə hədə ilə çıxış etsəydi, Pentaqonu xeyli narahat edə bilərdi. Ona görə də qərara alınıb ki, prezident Barak Obama tərəfindən Azərbaycanın Əfqanıstandakı əməliyyatlardakı roluna görə minnətdarlıq etmək üçün prezident İlham Əliyevə məktub göndərilsin” - deyə T.Qolts yazır.
Robert Geytsin qəfil Bakı səfərinin əsl məqsədi
Müəllif qeyd edir ki, bu məktubu çatdırmaq Geytsin Bakıya səfərinin əsas məqsədlərindən biri idi. Təsadüfi deyil ki, məktubun mətni “Assoşeyted press” və “Röyter” agentlikləri tərəfindən yayıldı və hətta xırda Amerika qəzetlərində də yer aldı. Qolts Obamanın məktubunun məzmunu haqda bəhs edərək ABŞ prezidentinin Əliyevə yazdıqlarından bu cümləni sitat gətirir: “Mənə bizim münasibətlərimizdə ciddi problemlərin olması faktı məlumdur, lakin mən əminəm ki, biz onları aradan qaldıra bilərik”.
T.Qolts yazır ki, bu məktubun xeyli korlanmış münasibətləri düzəltməyə kömək etdiyi açıq qalan məsələdir. Xüsusən də ona görə ki, Azərbaycan rəhbərliyinə ABŞ-ın Azərbaycandakı maraqlarının indi ancaq Əfqanıstan bataqlığı ilə məhdudlaşdığı yaxşı məlumdur: “Amerika siyasətçiləri deyəsən, dərk edə bilmir ki, bugünkü Azərbaycan ABŞ-la münasibətlərin qurulduğu ilk illərdə olduğu kimi xaos, müharibədən dağılmış, uğursuz dövlət deyil. O vaxt Azərbaycan məhv olmaq təhlükəsindən Heydər Əliyev tərəfindən xilas edildi. Qərb neft şirkətlərinin Azərbaycan neftinə can atdığı bir vaxtda Əliyev ölkəsini yaşatmaq üçün uğurlu manevrlər etdi. 2003-cü ildə isə İlham Əliyev hakimiyyəti atasından miras alanda Azərbaycan Heydər Əliyevin 90-cı illərin əvvəllərində idarə etdiyi ölkədən fərqli idi. 8 milyonluq kiçik ölkəyə böyük neft gəlirləri axmağa başlamışdı. Getdikcə mənim Bakıdakı dostlarımda Azərbaycan hakimiyyətinin artan özündənrazılığı barədə narahatlıq yaranmağa başladı. Onlar hesab edirdi ki, Azərbaycan ABŞ-a daha çox lazımdır, nəinki ABŞ Azərbaycana”.
Daha sonra T.Qolts köhnə tanışı, xarici işlər nazirinin müavini Araz Əzimovun ona dediklərindən sitat gətirir: “Bizim münasibətlərimiz ondan ibarət olmalıdır ki, Vaşinqton Azərbaycan barədə ancaq Əfqanıstana görə düşünməkdən əl çəkməli, Azərbaycan haqda Azərbaycana görə düşünməyə başlamalıdır. Biz hörmət görmək istəyirik”.
Əliyev Obamanın məktubundan narazı qalıb
T.Qolts onu da yazır ki, Azərbaycanın hakimiyyət dəhlizlərindən ona çatan məlumata görə, prezident Əliyev Obamanın məktubundan heç də məmnun qalmayıb. Müəllifə görə A.Əzimovun dediklərindən aydın olur ki, bu narazılıq səbəbsiz deyil: “Doğrudur ki, Əliyev Geytslə görüşün ertəsi günü İstanbuldakı sammitə tələsirdi, lakin o, ABŞ müdafiə nazirini nahara dəvət etmədi. Onun əvəzindən müdafiə naziri Səfər Əbiyev Geytsi nahara dəvət edib, ancaq bu dəfə də ABŞ müdafiə naziri dəvəti qəbul etməyib. Bununla da Qafqazdakı qonaqpərvərlik ənənəsi pozulmuş oldu”.
T.Qoltsun fikrincə, Azərbaycanın nəzərindən ABŞ-ın yol verdiyi hörmətsizliklərin sırası genişdir. Bunlardan ən barizi 1992-ci ildə qəbul edilən “Azadlığa Dəstək Aktı”na edilmiş 907-ci düzəlişdir. Bu düzəliş hələ də qüvvədədir və orada Azərbaycan “təcavüzkar” kimi göstərilir. Baxmayaraq ki, keçmiş prezident Bill Klintonun bu düzəlişin qəbulunda rolu yoxdur və Corc Buş 11 sentyabr hücumlarından sonra onun qüvvəsini dayandırıb, lakin düzəliş hüquqi baxımdan ləğv edilməmiş qalır.
T.Qoltsa görə, digər inciklik Obamanın Ermənistanla Türkiyə arasında münasibətləri Azərbaycanı xərcləmək hesabına normallaşdırmağa dair təşəbbüsü idi. Obamanın bu diplomatiyasının detalları doğrudan da heyrətamizdir, lakin Bakı effektiv şəkildə Ankaranı məcbur edə bildi ki, Ermənistanla münasibətlərin Qarabağ münaqişəsi həll edilmədən qurulmayacağını açıq elan etsin. Nəticədə Obama tərəfindən ruhlandırılan razılaşma gəmisi batdı. Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bərpası və Türkiyə-Ermənistan sərhədlərinin açılmasının təxirə düşməsi Bakının diplomatik qələbəsi idi və onu göstərdi ki, bu kiçik ölkə öz çəkisini beynəlxalq arenada hiss etdirə bilir.
Nəhayət, Qolts qeyd edir ki, ABŞ-ın Bakıdakı səfiri postunun bir ildir boş qalması Vaşinqtonun laqeydliyindən, yaxud Azərbaycan hakimiyyətinə narazılığından xəbər verirdi. Ötən ay Metyu Brayza nəhayət ki, səfir postuna namizəd göstərildi, lakin onun namizədliyini Senat təsdiqləməlidir. Digər tərəfdən, Brayzanın Minsk Qrupunun həmsədri kimi fəaliyyəti onu bir çox azərbaycanlılar arasında qeyri-populyar edib, erməni diasporu da ondan narazıdır. Tərəflərdən heç biri Brayzanı münaqişənin nizamlanmasında ədalətli hakim kimi qəbul etmir.
“Washington Post”un məqaləsi Əliyevi özündən çıxarıb
T.Qolts İlham Əliyevin aprel ayında Vaşinqtondakı nüvə sammitinə dəvət edilməməsini də incikliyin digər səbəbi kimi göstərir: “Lakin bundan əvvəl - mart ayında ”Washington Post" qəzetinin birinci səhifəsində dərc edilən məqalə Əliyevi hər şeydən çox qəzəbləndirib. Məqalədə deyilir ki, Əliyevin 11 yaşlı oğlunun Dubayda on milyonlarla dollarlıq daşınmaz əmlakı var. Mənim Bakıda işləyən diplomat dostumun dediyinə görə, məqalə Əliyevi o qədər qəzəbləndirib ki, o, hirsindən boğulurmuş. “Siyasi xadim kimi İlham Əliyev ona qarşı tənqidləri qəbul edə bilər”, - deyə mənim dostum bildirir: “Lakin qəzet onun ailəsinə hücum etmişdi”. Diplomat dostumun dediyinə görə, prezident inanırdı ki, bu məqalə onu ləkələmək üçün Dövlət Departamenti tərəfindən qəzetə poçtla göndərilib".
Əliyev Əfqanıstandakı ABŞ əsgərlərinin həyatını korlamağa qadirdir
Müəllif qeyd edir ki, azərbaycanlılar Geytsin Bakıya səfəri haqda ona xəbər verən Amerika kəşfiyyat zabitini diplomat kimi yaxşı tanıyırlar. T.Qoltsa görə, Vaşinqtonda Bakını ancaq Kabilə gedən yolda dayanacaq hesab edə bilərlər, lakin əgər onlar bilsəydi ki, Əliyev Amerika qoşunlarının həyatını mürəkkəbləşdirməyə qadirdir, o zaman bu dayanacaq məcburi olardı. Ona görə də tezliklə dövlət katibi Hillari Klinton Bakıya səfər edərək ABŞ-ın Əliyevə hörmətini bir daha ifadə edəcək ki, belə məcburi dayanacaq yaranmasın: “Azərbaycan dünya arenasında yer tutmaq üçün həmişə çalışıb. Bu ilin əvvəlində mən Londonda olanda Azərbaycan səfirinin qonağı idim və onun şəxsi otağında çay içmək dəvəti aldım. Divarı onun peşə həyatından şəkillər bəzəyirdi. Bu şəkillərdə səfirin gənc vaxtlarında Heydər Əliyevi Ağ Evə səfər zamanı necə müşayiət etdiyi, Kanada baş naziri ilə necə görüşdüyü əks olunurdu. Şəkillərdən birində isə diplomat olduqca enerjili görünən Heydər Əliyevlə İosif Stalinin və Uinston Çörçillin əhatəsində yer alırdı. ”Madam Tüssonun mum fiqurlar qalereyasıdır", - deyə diplomat izah etdi: “Təəssüf ki, bu, müvəqqəti sərgi idi”.
Qeyd edək ki, T.Qolts Azərbaycanı olduqca yaxından tanıyır və ölkəmizin dostu hesab edilir. Onun hakimiyyətlə, Əliyevlərlə də münasibətləri olduqca yaxındır. Tomasın Cəbhə hakimiyyətinin parlaq fiqurları ilə də uzun sürən dostluğunun olması faktı qəzetimizə məlumdur. Bu təhqiqatçı jurnalistin Amerika xüsusi xidmət orqanları ilə əlaqələrə malik olması da istisna deyil. Məqaləsindən göründüyü kimi, Qolts həm Amerika, həm Azərbaycan hakimiyyətlərinin içindən olduqca sensasion məlumatlar əldə etmək imkanındadır. Onun nüfuzlu “Foreign Policy” jurnalının üz qabığını bəzəyən bu məqaləsi isə Vaşinqton-Bakı münasibətlərinin indiki durumu olduqca dəqiq xarakterizə edir. Həmin məqalədəki ayrı-ayrı məqamlar barədə qəzetimiz də bir neçə dəfə yazıb, təhlillər aparıb.